Şəhid xanımından Vilayət Eyvazova minnətdarlıq!

492

“Hürriyyət” qəzeti vasitəsilə daxili işlər nazirinə müraciət edən şəhid xanımının şikayətinə dərhal reaksiya verildi…

“Hürriyyət”in ötən sayında “Aprel şəhidinin xanımından Vilayət Eyvazova müraciət” sərlövhəli yazı dərc etmişdik. Həmin yazı 2016-cı ilin Aprel döyüşlərində şəhid olan tanınmış hərbçinin xanımı tərəfindən “Hürriyyət”in redaksiyasına göndərilən şikayət məktubu əsasında hazırlanmışdı.

Adının açıqlanmasını istəməyən xanım, qəzetimiz vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək bildirirdi ki, 7 ay əvvəl evindən oğurluq olsa da, indiyədək nə qonşularla söhbət aparılıb, nə də ətrafdakı kameralara baxış keçirilib. “Evimi soyan şəxs tapılmasa da, Sabunuçu Rayon 12-ci Polis Böməsinin Pərviz adlı təhqiqatçı pul istəyir ki, “taksi sürücüsünü səhərədək döydük, qanı divarlara yayılıb, otağı təmir etmək lazımdır””, – deyə şikayətçi qeyd edirdi.

Xatırladaq ki, oğurluq hadisəsi iyunun 12-də Sabunçu rayonu, Ramana qəsəbəsi (İkinci Ramana sahəsi) ev 2774, mənzil 129-da baş verib. Şəhid xanımı yazırdı ki, həmin gün saat 18:00-da evdən çıxaraq şəhərə gedib, 22-15-də geri döndükdə evinin soyulduğunu görüb. Onun sözlərinə görə, evindən təxminən 7-8 min manatlıq qızıl-zinət əşyaları, 700 ABŞ dolları və 500 AZN nəğd pul götürülüb.

Məktubun sonunda daxili işlər naziri Vilayət Eyvazova müraciət edən şəhid xanımı yazırdı:

“Cənab Nazir!

Son 7 ay ərzində istər Sabunçu Rayon 12-ci Polis Bölməsi, istər də Sabunçu Rayon Polis İdarəsi mənə məxsus vəsaitin və zinət əşyalarının tapılmasında, cinayətkarın ortaya çıxarılmasında qeyri-peşəkarlıq nümayiş etdirib. Əks halda, bu müddət ərzində ən azı gəlib qonşularla maraqlanar, heç olmasa onlara adını söylədiyimiz şübhəli şəxsi sorğuya çəkərdilər.

Bu səbəbdən, Sizdən bir şəhid xanımı olaraq, çox xahiş edirəm ki, evimin soyulmasında əli olan cinayətkarın tapılması və mənə dəyən maddi zərərin qaytarılması üçün bu işi şəxsi nəzarətinizə götürəsiniz. Sizdən onu da xahiş edirəm ki, bu işin araşdırılmasını Sabunçu rayonunun qeyri-peşəkar polis əməkdaşlarına deyil, başqa rayonlardan birinə həvalə edəsiniz.

Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm”.

Məlumat üçün bildirək ki, Aprel şəhidinin xanımının “Hürriyyət” qəzeti vasitəsilə DİN rəhbərinə etdiyi müraciətə dərhal reaksiya verilib. Belə ki, dünən redaksiyamızla təkrar əlaqə saxlayan şikayətçinin sörləzirnə görə, nazir Vilayət Eyvazova müraciətdən sonra oğurluq hadisəsini törədən şəxsin dərhal aşkara çıxarılmasına göstəriş verib. Nəticədə şəhid xanımının evini soyan şəxsin Lənkəran sakini Sadıxov Nabatəli Malik oglu olduğu müəyyən edilib. Şəhid xanımının sözlərinə görə, nazirin göstərişi əsasında həmin şəxs Sabunşu Rayon Polis İdarəsinə gətirilib və orada törətdiyi əməli etiraf edib.

Zərəçəkən deyir ki, hazırda ona dəyən ziyanın ödətdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. “Bununla bağlı daxili işlər naziri cənab Vilayət Eyvazova və Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığımızı bildiririk”, – deyə şəhid xanımı vurğulayıb.

Hazırladı: KƏNAN