Şəhid övladı Tərtərdə nədən həbs olundu?

312

İcra Hakimiyytinin başçısı Müstəqim Məmmədov onu tənqid edənlərə qarşı qəddarlıq nümayiş etdirir

Tərtərlilərin tək ümidi Prezidentdir

Artıq iki sutkadır ki, şəhid övladı Ziya Mahmudov yoxdur. Bu iki sutka ərzində yalnız bircə dəfə ailəsi ilə əlaqə saxlaya bilib və onda da həbs edildiyini bildirib. “Onun həbsinin arxasında nə dayanır? Ziyanın həbsi kimin marağındadır?” kimi suallar vermək niyyətində deyilik. Bütün sualların obyektiv şəkildə cavablandırılmasını bu ölkədə təmin edəcək yeganə və tək şəxs var: Cənab Prezident! Və əminik ki, Ziyanın həbsini prezidentdən gizlədilmək istənilir. Yoxsa müharibə bitəndən bir həftə sonra videobloger fəaliyyəti ilə məşğul olan biri niyə həbs edilir? Və ona da əminik ki, Prezidentin xəbəri olan kimi ədalətin bütün amansızlığı onun özü tərəfindən bərpa ediləcək. Amma prezidentin bunca dövlət əhəmiyyətli problemlərin və görülməli olan işin, Azərbaycana qarşı yönələn qərəzə qarşı aparmış olduğu mübarizə içində Ziyadan xəbər tutması üçün yeganə yol da sizlərsiniz. Onun qanunsuz yerə həbs olunması ilə bağlı Azərbaycandakı bütün insan haqları təşkilatları da məlumatlandırılıblar.

Ziyanın səsi olaq…

Biz Ziya Mahmudovu 2020-ci il parlament seçkilərində deputatlığa namizəd və daha çox videobloger kimi tanımışıq. Amma bu gün diqqətinizə çatdırmaq istədiyimiz onun hazırda qırılmaq istənilən həyatıdır. Ziya şəhid oğludur. Atası Mehrac Mahmudov 1994-cü ildə Ağdam istiqamətində qəhrəmanca şəhid olub. Sözün əsl mənasında qəhrəmanca… Və bu qəhrəmanlığı 1995-ci ildə şəxsən mərhum prezident və Ali Baş Komandan Heydər Əliyev tərəfindən Azərbaycan bayrağı ordeni ilə mükafatlandırılıb. Həm də bu mükafatı həmin vaxtlar 10 yaşında olan Ziyaya şəxsən Prezidentin özü təqdim edib. Sonra da o Prezident Heydər Əliyev tərəfindən Türkiyənin Ali Hərbi Dəniz Qüvvələri Akademiyasına təhsil almaq üçün göndərilib.

Maraqlısı və birazda acı tərəfi bilirsiniz nədir? Ziyanın atası Mehrac Ağdam istiqamətində şəhid olub. Həmin Ağdam İlham Əliyevin Ali Baş Komandanlığı ilə azad edildi. Elə bugünlərdə də Ziya həbs edildi. Bu necə bir taledir?

Lütfən Ziyanın fotosuna diqqətlə baxın. Fotoda Ziyanın yanında dayanan xanım, bu vətənin uğrunda ömür gün yoldaşını itirən, tarmar olan talelərdən birində minbir əzab əziyyətlə övlad böyüdən anadır. Onun gümüşə boyanmış saçlarına baxın, hamısı ağır günlərin nişanəsidir. Ziya öz anasını da vaxtında müalicə etmək mümkün olmadığı üçün xərçəng xəstəliyinə görə itirdi.

Dərman almaq imkanlarının belə olmadığı günləri biz çox yaxşı bilirik..

Bu qədər ağır həyat, əzab, əziyyət və sonunda da həbs?

Ziya həmişə deyirdi ki, “Mən Prezident İlham Əliyevin əsgəriyəm!”. Elə ona görə də, Prezident İlham Əliyevin “ölkədə ictimai nəzarət olmalıdır” çağırışından sonra bloger fəaliyyətinə başladı. Və yerli məmurların özbaşınalıqları ilə bağlı çəkilişlər edir və bütün neqativ hallara məqamlara aydınlıq gətirirdi. Onun son çəkilişləri Azərbaycan və Türkiyə bayraqlarının rayonlardan endirilməsi ilə bağlı idi.

Ziya çörəyini də vətən torpağından qazanıb. Torpağa qulluq edir, əkdiyi, əziyyətini çəkdiyi torpaqdan əldə etdiyi məhsulla ailəsinə baxır və hələ üstəgəl bol olmasa da o bərəkətli çörəyini daha ağır vəziyyətdə yaşayanlarla bölüşürdü. Buna hamımız şahidik..

İndi Ziya həbsdədir.. Onun üç azyaşlı övladı var. Və övladlarından 4 yaşında olan Mehdi atasız yatmır, yata bilmir. İstəyirik ki, bunu hər kəs bilsin.

Azərbaycan torpaqlarının azadlığı uğrunda həyatını fəda etmiş şəhid övladına bu vətəndə azadlığı çox görmək olmaz. Buna görə bu yazını yazmaq qərarına gəldik. Ziyanın səsini Cənab Prezidentə çatdırmalıyıq. Çünki inanırıq ki, Prezidentə bu məlumat çatan kimi ədalət bərpa olunacaq. Qarabağla bağlı tarixi ədalətin bərpa olunduğu kimi.

Cənab Prezident! Sizdən hamımızın bir xahişimiz var. Ziyanın işini şəxsi nəzarətinizə götürün. Sizin iradənizdən böyük bir iradə yoxdur bu ölkədə.

 

Şəhriyar MƏCİDZADƏ