Şəhid baş leytenant Bayram Babaşov və qazi qardaşlarının DÖYÜŞ SƏLNAMƏSİ…

849

Şəhid və qazilərimizi tanımaq, o cümlədən tanıtdırmaq mənəvi borcumuzdur. Odur ki, 44 günlük Vətən müharibəsində – ikinci Qarabağ savaşında iştirak edən və qəhrəmancasına vuruşaraq şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı, bölük komandiri Bayram İlqar oğlu Babaşov haqda qısa məlumat vermək istərdik.

1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan şəhid baş leytenant Bayram Babaşov 2009-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2011-ci ildə liseyi fərqlənməylə bitirən şəhidimiz Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. O, 2016-cı ildə hərbi məktəbi ilk onluqda bitirib və elə həmin ildən də 3-cü ordu korpusunun xüsusi təyinatlı snayper bölüyündə tağım komandiri vəzifəsində xidmətə başlayıb. Xidməti müddətində dəfələrlə xüsusi əməliyyatlarda uğurla iştirak edib, qardaş Türkiyədə xüsusi kurslarda olub, müxtəlif snayper kursları keçib. Xüsusi hava desantı paraşüt kurslarını bitirib. 2019-cu ildə baş leytenant rütbəsini alıb və 3-cü ordu korpusunun əlahiddə əməliyyat taburunun birinci əməliyyat bölüyünün komandiri vəzifəsinə təyin olunub. Özünəməxsus idarəetmə qabiliyyətinə malik olan Bayram Babaşov peşəkar komandir və cəsur döyüşçü kimi tabeliyində olan şəxsi heyətə daim diqqət və qayğı ilə yanaşıb. O, döyüş bacarıqlarının artırılmasına xüsusi önəm verib. Bu səbəbdən də nizam-intizamlı və fiziki dözümlülüyü hər zaman yüksək səviyyədə olan bir bölmə yetişdirib. Döyüş yoldaşlarının sözlərinə görə, şəhid baş leytenant sentyabrın 27-də rəhbərlik etdiyi bölüklə Azərbaycan ordusunun müdafiə zolağının ən çətin istiqamətindən – Murovdağ yüksəkliyindən hücum edərək, alınmaz qala adlandırılan Ömər aşırımı istiqamətində yerləşən düşmən mövqelərini ələ keçirib. Qısa müddətdə 2800 metr yüksəklik və keçilməsi olduqca çətin olan sərt qayalıq ərazilərdən keçərək, “Canavar qulaqları” adlanan postları ələ keçirib. Bundan başqa, “Elşən postu”nda mühasirəyə düşmüş bir bölüyə qədər şəxsi heyəti mühasirədən çıxararaq, onların həlak olmasının qarşısını alıb. Ələ keçirdiyi düşmən mövqelərində 4 gün boyunca mühasirədə döyüş aparıb, ermənilərin qaçarkən buraxdıqları silahlardan özlərinə qarşı peşakərcasına istifadə edərək düşmənin bir bölükdən artıq canlı qüvvəsini, bir neçə döyüş texnikasını məhv edib. Qeyd edək ki, Bayram Babaşov mühasirədə olmasına baxmayaraq, ələ keçirdiyi mövqelərdən sona qədər geri çəkilməyib. O, şəhid olan əsgərlərinin və yaralıların düşmən əlinə keçməməsi üçün son nəfəsinə qədər döyüşüb və oktyabrın 2-də həmin döyüş mövqelərində qəhrəmancasına şəhid olub. Cənazəsi 72 gün sonra tapılaraq, 18 dekabr 2020-ci il tarixdə doğulduğu Cəlilabad rayonunun Günəşli kəndində kənd qəbiristanlığında uğrunda canından keçdiyi Vətən torpağına tapşırılıb.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, şəhidin iki qardaşı – Vüqar Babaşov və Nurlan Babaşlı da Vətən müharibəsində ilk gündən iştirak edib və hər ikisi qazidir. Belə ki, Vüqar Babaşov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edir. O, Kəlbəcər istiqamətində aparılan hərbi əməliyyatlarda ilk gündən iştirak edib və yaralanıb. Şəhid baş leytenantın digər qardaşı Nurlan Babaşlı isə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətdədir. Vətən müharibəsində o da qardaşları ilə birlikdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 28-də düşmənin artilleriya zərbəsi nəticəsində ağır yaralanıb, bir qolunu itirib.

Gördüyünüz kimi, Vətən müharibəsində iştirak edən 3 qardaşın biri şəhidlik zirvəsinə ucalır, ikisi isə qazi adına layiq görülür. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Valeh TÜRKSOY, Hurriyyet.org