“Şəhid ailələrinə dövlət hər cür qayğı göstərir” – nazirlik rəsmisi

69

Ümumilikdə ötən dövrdə 8252 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib

Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etmək üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusu cəbhədə böyük uğurlara imza atır. Döyüş əməliyyatlarının 19-cu gününə 44 kənd, 1 şəhər və bir qəsəbə erməni işğalından azad olunub. Bütün cəbhə boyu Ermənistanın qurduğu müdafiə xəttini yaran şanlı ordumuzun müzəffər yürüşü davam edir.

Aydın məsələdir ki, ermənilərin 30 il boyu möhkəmləndikləri müdafiə xəttinin yarılması, mühüm strateji əhəmiyyətli ərazilərin alınması itkisiz başa gəlmir. Hərbi əməliyyatlar başlanandan Azərbaycan xalqı bir nəfər kimi dövlətin yanında olduğunu göstərməkdədir. Bu birlik, torpaqları azad etmək istəyi qarşısında övlad itkisi belə vətəndaşlarımız tərəfindən mətinliklə qarşılanır. Azərbaycan vətəndaşı bilir ki, övladını, əzizini itirsə də, dövlət onu hərtərəfli qayğıyla əhatə edəcək.

Qanunla “şəhid” Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs hesab olunur. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla o aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir.

Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada   aşağıdakı təminatlar verilir:

– ailə başçısını itirməyə görə əmək pensiyası təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun tənzimlənir;

– valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilir;

– işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir;

– mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir;

– həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir;

– dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar; http://e-qanun.az/files/framework/data/8/c_f_8616.htm

– tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər.

Qanuna əsasən şəhid ailələri dövlət tərəfindən pulsuz yaşayış sahəsi ilə təmin olunur. Bundan əlavə, şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.

Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

Bundan əlavə, Prezident İlham Əliyev tərəfindən 2006-cı ilin dekabrında “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərman imzalayıb. Bu fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları” təsdiq olunub.

“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Təqaüd Azərbaycanın hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onların arzularına əsasən Azərbaycan banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.

Fazil Talıbov: "Adında 49 mənzil olan vətəndaşın 190 manata ehtiyacı ola  bilər?!"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun “Yeni Müsavat”a bildirdiyinə görə, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin dövlət tərəfindən mənzillə təminatı həyata keçirilir: “Bu kateqoriyalardan olanlara verilən mənzillərin sayı hər il artır. Misal üçün, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 ədəd,  2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Bu il isə dövlət başçısının tapşırığına əsasən ötən illə müqayisədə 61 faiz çox olmaqla,  rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 664 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 110 fərdi ev) verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8252 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib”.

Bundan əlavə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun olaraq, hərbi qulluqçular həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə və yaxud həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə onların ailəsinə 11000 manat məbləğində sığorta ödənişi həyata keçirilir.

F.Talıbov bildirir ki, hazırda şəhidlərin ailə üzvlərinə verilən Prezident təqaüdü 300 manat təşkil edir: “Bütün bunlardan əlavə, ”Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, şəhid ailəsi üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanır. Şəhidin hər uşağına aylıq sosial müavinət təyin edilir. Həmçinin mənzil, kommunal xidmətlərdən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün şəhid ailəsinin əmək pensiyası almaq hüququ olmayan hər bir üzvünə aylıq sosial müavinət verilir.

Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və və s.) da şəhid ailəsi üzvlərinə üstünlük verilir. Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri) (təkrar nikaha girmədikləri halda) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bütün qeyd edilənlər Azərbaycan Respublikasında şəhid ailələrinə diqqət və qayğını özündə əks etdirir”.

Dünya SAKİT,
“Yeni Müsavat”