““Səhər” proqramı əsl yaradıcılıq laboratoriyası idi”

114

 

Qulu Məhərrəmli:  “Proqram sona çatanda hamı bir-birini təbrik edirdi, gözləri yaşaran, hətta sevindiyindən ağlayanlar da var idi”

Avqustun 14-də Azərbaycan televiziya məkanının ən uzunömürlü və baxımlı verilişlərindən olan “Səhər” musiqi-informasiya proqramının”(AzTV) ekranlara çıxmasının 25 ili tamam oldu.

Televiziya tariximizdə yeni veriliş tipi kimi meydana çıxmış “Səhər” ilk efir günündən başlayaraq həyatımızın bütün sahələrində baş verən yenilikləri maraqlı formalarda çatdırmaqla, milli-mədəni irsimizi və mənəvi dəyərləri təbliğ etməklə, ciddi yaradıcılıq axtarışları aparmaqla qısa müddətdə geniş tamaşaçı rəğbətini qazanmışdır. Dolğun məzmununa, maraqlı quruluşuna, xoş ahənginə və tamaşaçı ilə ünsiyyət tərzinə görə “Səhər”i gün də baxımlı verilişlər siyahısındadır.

Bəs bu proqram necə yaranıb, ilk aparıcıları kimlər olub, veriliş hansı inkişaf mərhələlərindən keçib, onun yaradıcılıq uğurlarını nələr şərtləndirib?  Bu suallarla bağlı biz “Səhər”in ilk aparıcısı, 12 il həmin proqramın rəhbəri olmuş, ötən illər ərzində bu proqramın cilalanaraq müasir televiziya formatına düşməsi üçün böyük səylər göstərmiş professor Qulu Məhərrəmliyə müraciət etdik:

– Qulu müəllim, hər bir ekran əsərinin efirə çıxmasını zəruri edən səbəblər olur, bəs 25 il əvvəl  “Səhər” proqramının ortaya çıxması hansı zərurətdən doğmuşdu?

– Təbii ki, həmin dövrdə belə bir proqrama ciddi ehtiyac var idi, çünki o illərdə səhər efiri, demək olar ki, boş idi, musiqi və cizgi filmi ilə doldurulurdu. Amma AzTV tarixində yalnız bazar günləri efirə çıxan “Səhər görüşləri”, daha sonra 1992-1993-cü illərdə qısa müddətdə efirə çıxmış “Xoş gördük” adlı proqram olmuşdu. Sonrakı illərdə səhər efiri təsadüfi proqramlarla yola verilirdi, arada Gənclik baş redaksiyasının hazırladığı həftəlik səhər proqramı da efirdə  görünürdü, amma o da çox yaşamadı. Halbuki o vaxt Rusiya və Türkiyənin Azərbaycana yayılan kanallarında cəlbedici səhər proqramları efirə gedirdi və bizim tamaşaçıların da böyük bir qismi həmin verilişlərə baxırdı. Ona görə də 1995-ci ilin hələ iyun ayında AzTV-nin o vaxtkı sədri, mərhum Babək Hüseynoğlu daimi səhər proqramı açmağın zəruriliyi haqqında danışırdı. Artıq iyul ayının ortalarında həmin proqramın efirə çıxması üçün hazırlıqlar başlanmışdı. Amma mən o prosesdə iştirak etmirdim.

– Maraqlıdır, bəs səhər efirinə hazırlıqla kimlər məşğul idi?

– Bu verilişi hazırlamağı o vaxt Səyyad Ağbabalının rəhbərlik etdiyi “Xəbərlər” baş redaksiyasına tapşırmışdılar. Həmin həssas dövrdə mən kifayət qədər çox baxılan və xeyli yaradıcılıq enerjisi alan həftəlik “7 gün” analitik proqramını aparırdım. “Xəbər” redaksiyası ilə bir yerdəydik və təbii ki, səhər verilişi ilə bağlı hazırlıq işlərinə başlandığını eşidirdim, çünki mənimlə çalışan 1-2 rejissoru da həmin işə cəlb etmişdilər, arada onları da toplantılara çağırırdılar. Onlar da arada təəssüratlarını bölüşürdülər. Düzünü deyim ki, mən bu hazırlıq proseslərilə heç maraqlanmırdım və heç ağlıma da gəlmirdi ki, səhər efiri ilə hansısa formada bağlılığım ola bilər. Çünki heç vaxt bu tip verilişdə işləmək istəyim olmayıb.

– Bəs necə oldu ki, birdən-birə “Səhər”ə üz tutdunuz?

– Məncə, bu tale məsələsidir (gülür), çünki verilişin efirə çıxmasına 10 saat qalmış bu iş mənə həvalə olunub. Avqustun 13-də, bazar günü axşam mən “7 gün”ü efirə verib evə getməyə hazırlaşırdım, elə bu vaxt sədrin köməkçisi zəng etdi ki, “heç hara getməyin, sədr sizi qəbul edəcək, sözü var”. Köməkçi bunu deyəndə təxminən axşam saat 10-a qalırdı. Bir azdan getdim və sədrlə görüşdük.

Babək müəllim çox qayğılı və narahat görünürdü, dedi ki, sabah “Səhər” proqramı efirə çıxmalıdır, amma işi yarıtmayıblar, nə struktur aydındır, nə material var, nə də aparıcısı bilinir. Sədr bunları da dedi ki, “Ekran-efir” qəzetində veriliş barədə artıq məlumat verilib, günorta prezident Heydər Əliyev də zəng edib bu proqramla maraqlanırdı ki, bu nə veriliş olacaq belə?

Bu söhbətdən sonra Babək müəllim təklif etdi ki, sən bu işlə məşğul ol və özün də sabah çıx “Səhər” proqramını apar. Nə qədər desəm də ki, belə veriliş mənim imicimə uyğun deyil, xeyri olmadı. Sədr inad etdi ki, sabah efirə sən çıxmalısan. Pis vəziyyət yaranmışdı, özümü qeyri-müəyyənlik içində hiss edirdim. Amma sədrin də vəziyyətini anlayırdım.

– Amma bununla belə səhər çıxdınız efirə?

– Yox, hələ efirqabağı xeyli iş var idi. Mənim “hə”mi alandan sonra Babək müəllim şirkətin bədii rəhbəri, mərhum rejissor Vaqif Ağayevi və proqramla məşğul olan qrupu da çağırdı. Dedi ki, gedin işləyin, nəyiniz varsa ortaya qoyun, Qulu müəllim də baxsın, saf-çürük edin, sabah babat bir şey çıxsın efirə.

Qalxdıq montaj otağında proqramın üzərində bir xeyli işlədik. Baxdım ki, hazırlanan materialların əksəriyyəti əyləncəyə hesablanıb, amma mən intuitiv bunu həm də informasiya proqramı kimi təsəvvür edirdim, ona görə də strktura əl gəzdirdik, temanı dıyişdik, qısa xəbər bloklarını artırdıq, əvvəlcədən hazırlanmış hazır materialların da (valyuta məzənnəsi və s.) bəzilərini əlavə etdik. Təxminən gecə saat 4-ə işləmiş işi yekunlaşdırıb getdim evə. Səhərin açılmağına az qalırdı, təbii ki, yata bilmədim, aparıcı mətnlərini yenidən işlədim, bəzi təqdimatları dəyişdim. Artıq səhər açılırdı və saat 8-də proqram başlamalı idi.

– Bəs belə macəralı hazırlıqdan sonra ilk efir günü necə keçdi, həmin gün proqramda kimlər oldu, yadınızda nələr qalıb?

– Xoşbəxtlikdən “Səhər”in birinci verilişinin videoyazısı qalır. Proqramı özüm aparırdım, xəbərləri radiodan dəvət olunmuş Kəmalə Mikayılova və diktor Dilarə Səlimova oxudular. Bu xanımlar həm də ona görə yadımda qalıb ki, həmin gün sübh tezdən maşınla gedib Kəmalə xanımı evlərindən götürmüşdüm, sonra da Dilarə xanımın arxasınca getmişdik.

Birinci verilişdəki həyəcan hələ də yadımdadır. Veriliş başlamazdan əvvəl studiyada bir az narahatlıq, gərginlik var idi, bəzi rejissorların və qaraqabaq texniki işçilərin gərginliyi mənə də sirayət etmişdi, amma hamı bir-birinə təskinlik verirdi ki, hər şey yaxşı olacaq. Doğurudan da, dövlət himnindən sonra “Səhər”in çağırış musiqisi səslənəndə, sanki studiyaya bir rahatlıq çökdü, xoş ovqat duyulmağa başladı, xoşbəxtlikdən hər şey çox rəvan getdi. Canlı efir zamanı studiyada özümü dirijor kimi hiss edirdim. Pultdakı rejissorlarla sinxron hərəkət edə bilirdik. Təbii ki, xırda ekspromtlar da olurdu, məsələn, ən son xəbərlər oxunduqdan sonra bəzilərinə isti-isti şərhlər verirdim. Bir sözlə, elə ilk buraxılışdaca proqram xoş ovqat yarada bildi.

– İlk verilişin qonaqlarını xatırlayırsınızmı?

– Yox, ilk verilişə qonaq dəvət edilməmişdi, görünür, proqramın efirə getmək ehtimalı o qədər aşağı olmuşdu ki, buna lüzum görməmişdilər. Əslində indi proqrama baxanda görürəm ki, heç qonağa ehtiyac da duyulmur. İlk veriliş üçün bir saat efir müddəti nəzərdə tutulmuşdu və bu vaxt hiss olunmadan keçib getdi.

Proqram sona çatanda hamı bir-birini təbrik edirdi, gözləri yaşaran, hətta sevindiyindən ağlayanlar da var idi. Bir azdan Babək müəllim də gəldi və qrupu yığıb hamımıza yaxşı əhval-ruhiyyə ilə təşəkkür elədi, hiss olunurdu ki, verilişdən çox razı qalıb, gözləri gülürdü. Proqramın yaxşı rezonans doğurması şübhəsiz idi. Biz otağında olanda çox görkəmli adamlar zəng edib bu veriliş münasibətilə sədri təbrik edirdilər.

– İlk aparıcıların adlarını çəkmədiniz…

–  “Səhər”in aparıcılarını biz iki qismə bölürük: ümumiyyətlə, verilişin aparıcısı, bir də xəbər aparıcıları. Bizdə veriliş aparıcıları sırasında sonradan bizim çox güclü heyətimiz formalaşdı. Sevil Nuriyeva bir müddət aparıcılıq etdi, hədsiz sərbəstliyi ilə bizi çox incitsə də çox emosional, duyğusal veriliş aparırdı və tamaşaçılar tərəfindən də qəbul olunurdu. Ondan sonra indi çox tanınmış sima olan İlhamiyyə Rzayeva gəldi və məncə “Səhər”ə ciddi intellektual imic qazandırdı. Dilarə Səlimova, Zöhrə Əliyeva da bu kateqoriyadan olan aparıcılar kimi öz dəst-xəttləri ilə proqrama nüfuz gətirirdilər. Lap əvvəldən idman şərhçiliyi edən Elnur Əşrəfoğlu, Altay Əliyev, sonralar Sənan Məhərrəmov  həm ekranda, həm də kollektivdə yaxşı ab – hava yarada bilirdilər. Öz məharətləri ilə əla xəbər aparıcısı imici qazanmış Məxfurə Həsənova, Günel Gözəlova, Günay Novruzqızı, Günay Yelmarqızı, rus dilində xəbər oxuyan Aytən Səfərova da tamaşaçıların yaddaşında yaxşı qalıb.

Adlarını çəkdiyim aparıcıların hər birinin özəl cizgiləri var idi və bu cizgilər proqramın fərqli simasını müəyyənləşdirirdi və nəticədə biz başqalarından xeyli fərqli görünürdük. Bu baxımdan o vaxt “Xəbərlər”dən bizə gəlmiş Esmira Çərkəzqızı da “Səhər”də fərqli görünməyə başlamışdı. Onun apardığı “Şənbə qonağı” fərqli bir səviyyə idi və çox baxılırdı.

– “Səhər”in uzunömürlü olmasının səbəbləri barədə sizdən soruşanda nə cavab verirsiniz?

– Deyirəm ki, özülü sağlam dayaqlar üzərində qurulduğuna və bir də çalışqan, bacarıqlı, vicdanlı, səmimi kollektivi olduğuna görə bu proqram yaşadı. Bu proqramın mayasını  mənəviyyat təşkil edirdi və yeganə proqram idi ki, burada rüşvət deyənin nəinki əlini, dilini də kəsirdilər. Mən kollektivi əvvəldən xəbərdar etmişdim ki, burda təmənna və rüşvətin cəzası çox ağır olacaq. Bunun üstündə kimləri cəzalandırdığımı, kimləri proqramdan uzaqlaşdırdığımı keçmiş səhərçilər yaxşı bilir.

Əlbəttə, heç kim və heç nə ideal deyil, kimsə, nə vaxtsa küncdə-bucaqda yaramazlıq edə bilərdi, amma ümumiyyətlə, təmənnasızlıq bizim mənəvi gücümüz idi. Bu məsələdə kollektivin ağsaqqalı hesab etdiyimiz Rafiq Savalanın rolunu ayrıca qeyd etməliyəm.

– Yeri gəlmişkən, indi “Səhər” proqranının adını dəyişib “Telesəhər” qoyublar. Buna necə baxırsınız?

– Mən bu ad dəyişmədə bir pis niyyət görmürəm, amma yeni adı da uğurlu saymıram. “Səhər” adını mən qoymamışam, amma onu bu proqrama çox yaraşdırıram.

– 25 yaşını qeyd edən proqramın yetirmələri çoxdurmu? Çünki kimi dindirirsən hamısı deyir ki, TV fəaliyyətinə “Səhər”də Qulu Məhərrəmlinin yanında başlamışam…

– Siz bu sualı verəndə “Səhər”də əmək fəaliyyətinə redaktor, reportyor, aparıcı, rejissor, operator kimi başlamış, indi üzdə olan onlarca insan surəti gəlib keçir gözlərimin önündən. “Səhər” bir yaradıcılıq laboratoriyası idi, indi hamının yaxşı tanıdığı Elçin Əlibəylidən tutmuş, Səadət Məmmədova, Hicran Əliyeva və Leyla Qiyasovaya qədər çox istedadlı gənclər bu laboratoriyadan keçib. Mən artıq İlhamiyyə xanım kimi avtoritetə çevrilmiş nüfuzlu aparıcıları bir yana qoyuram, amma vaxtilə “Səhər”də çalışmış və bu dəqiqə üzdə olan aparıcıların adlarını sadalayım, siz də barmağınızı qatlayın: Lalə Azərtaş, Vüqar Mirsadiq, Cəsarət Valehov, Günel Gozəlova, Günay Novruzqızı, Cəlalə Natiqqızı, İradə İshaq, Vəsilə Vahidqızı,  Məxfurə Həsənova,  Günay Yelmarqızı, Aytən Səfərova, Rövşanə Ağasəfqızı, Günay Məmmədova, bu dəqiqə adları yadıma düşməyən bir çox başqaları təkcə reportyor olaraq yox, həm də aparıcı kimi ilk addımlarını “Səhər”də atıblar.

– Bəs bu  adamları hardan və necə seçirdiniz?

– Bir qismi özləri müraciət edirdilər, bir qismini xahiş edib tapşırırdılar, əsas  qismini isə dərs dediyim BDU-dan, tələbələrin arasından seçirdim. Biz bu sınaq laboratoriyasında gənclərə iş vərdişlərini, görüntü dilini, süjet yazmağı, sual verməyi, düşünməyi, adam dilində danışmağı, reportaj aparmağı, xəbər oxumağı, redaktəni öyrədirdik, sonra efirə çıxarırdıq.

Bu insanların hamısı ilə indi də yaxşı, səmimi münasibətlərimiz davam edir, ara-sıra tədbirlərdə  görüşdüklərimiz də olur. Mən bu insanların hamısını, xidməti olan hər kəsi, o cümlədən proqramın indiki kollektivini hamımızın birgə əməyi olan “Səhər”in 25 illik yubileyi münasibətilə təbrik edirəm!Hurriyyet.org

Hazırladı: YƏHYA