Səfərbərliyə çağırılan gənc ailə başçılarının sosial təminatı həll olunur

72

Fazil Talıbov: “Dövlət günəmuzd işləyənlərin məsələsini də diqqətdə saxlayır”

Son günlər Ermənistan-Azərbaycan təmas xəttində gedən döyüşlər səfərbərliyə çağırılan gənc ailə başçılarının, xüsusilə də günəmuzd işləyənlərin sosial təminat məsələsini də gündəmə gətirib.

Bir müddət öncə Milli Məclisin  deputatı Aqil Abbas ölkədə qismən səfərbərliyin elan olunduğunu və vətəndaşların könüllü şəkildə torpaqlarımız uğrunda döyüşlərə qatıldığını diqqətə çatdırmışdı. O, cəbhəyə yollanan insanlarımızın ailə üzvlərinin sosial vəziyyətinə diqqət yetirilməsinin vacibliyindən bəhs etmişdi: “Mənim də işçim cəbhəyə gedib, amma maaşı saxlanılacaq və aybaay kartına ödəniləcək. Rəsmi iş yerləri olanların əmək haqqı saxlanılır. Lakin insanlarımız var ki, günəmuzd işləyirdilər, onlar cəbhəyə yola düşəndən sonra həmin şəxslərin ailə üzvlərinə dəstək verilməlidir”.

A.Abbas bu məsələ ilə bağlı xeyli müraciətlər aldığını söyləyib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirəm, günəmuzd işləyən, bu gün orduya yollanan vətəndaşlarımızın ailələri nəzarətə götürülsün, ya müavinət verilsin, ya da ailə üzvləri işlə təmin olunsun”.

Bəs görəsən, bu yöndə tədbirlər görülürmü?

Fazil Talıbov: "15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə  olmayıb" » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Fazil Talıbov

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxladıq. O, “Yeni Müsavat”a bildirdi ki, Əmək Məcəlləsinə əsasən, əgər işçi hərbi mükələffiyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbiyə çağırılırsa və ya xüsusi toplanışlarda iştirak etmək üçün çağırılırsa, işçinin iş yeri və orta əmək haqqı saxlanılır: “Əmək məcəlləsinin 177-ci maddəsinə əsasən, bu hallarda işçinin iş yerində orta əmək haqqı saxlanılır və bu halda orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əmək haqqından hesablanır. Bununla bağlı ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda da müddəalar qeyd edilib. Orda bildirilir ki, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üçün vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla fəaliyyətlərini davam etdirirlər. Yəni bu şəxslərin əmək müqaviləsinə onlar çağırış vərəqi aldığı gündən qayıdana qədər heç bir halda xitam verilə bilməz. Bu hallarda əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı işəgötürən də müvafiq əmr vermək səlahiyyətindədir. Hərbi Komissarlıq tərəfindən işçiyə verilən müvafiq çağırış arayışı nəzərə alınmaqla işçi barədə işəgötürən tərəfindən əmr verilə bilər. Əmrdə həmin dövrün başlanma tarixi, həmin dövrdə işçinin orta əmək haqqının saxlanması barədə məlumatlar və digər müvafiq tapşırıqların verilməsi qanunamüvafiqdir”.

F.Talıbov günəmuzd işləyənlərin sosial təminat məsələlərilə bağlı fikrə də münasibət bildirib: “Təbii ki, dövlət bu kateqoriyadan olan vətəndaşlarımızın da sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər həyata keçirir. Və həmin ailələrin əmək münasibətlərinə rəsmiləşirilməsi istiqamətində, həmçinin aztəminatlı ailələrin ünvanlı yardım formasında sosial vəziyyətlərinin yaxşılaşdırılması, stabilləşdirilməsi istiqamətində, məşğulluğun təminatı istiqamətində, müxtəlif proqramlardan istifadə edərək o ailələrin də sosial qayğısını həll edir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”