Səbail rayonunda növbəti torpaq maxinasiyası…

567

Fərdi yaşayış evi üçün nəzərdə tutulan ərazidə çoxmətrəbəli yaşayış binasının tikintisinə kim və nəyin qarşılığında icazə verib?

Miryusif Seyidov: “Bu boyda qanunsuzluqlara göz yumulması belə nəticəyə gəlməyə əsas verir ki, Səbail Rayon İcra Hakimiyyəti dövlət maraqlarını deyil, şəxsi maraqlarını üstün tutur”

“Ramin telefon açaraq, “Kimlərə şikayət etmişdinizsə hamısını “sola saldım”. Bilmirsən ki, Azərbaycanda hər şey pulun başındadır” deyib”

Ötən gün redaksiyamıza müraciət edən Miryusif Seyidəli oğlu Seyidov Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 28-ci küçənin 77 saylı sahəsində fərdi yaşayış evinin olduğunu bildirməklə yanaşı, Ramin adlı şəxsin Şəhərsalma və Tikinti Məcəlləsinin, o cümlədən Dövlət Şəhərsalma Norma və Qaydalarını kobud surətdə pozduğunu qeyd edib.

Qonşuların etibarından sui-istifadə edən Ramin adlı şəxs “fərdi yaşayış evi” adı altında çoxmənzilli, hündür yaşayış binası inşa edib

Şikayətçinin sözlərinə görə, özünü Ramin kimi təqdim edən şəxs qeyd edilən ünvanda “fərdi yaşayış evi” adı altında, 500 m2 ümumi sahəsi olan ərazidə hər mərtəbəsi 450 m2 sahəsi olan çoxmənzilli, hündür yaşayış binası inşa edib: “Bu ilin yanvar ayında Ramin adlı şəxs qonşuluğumdakı 5 sotluq torpaq sahəsini alıb. Sonra mənimlə görüşdü və yeni qonşumuz olduğunu bildirdi. Dedi ki, burda özümə ev tikəcəm, ailəmlə birlikdə qalacağıq. Tikintiyə nə zaman başlayacağı ilə maraqlandıqda, bildirdi ki, hələ 2-3 ildən sonra. Səbəbini soruşduqda dedi ki, torpağı 210 min manata almışam, bütün pulumu bura vermişəm, indi gərək bir az özümə gəlim ki, sonra tikintiyə başlayım. Bu söhbətin üzərindən təxminən, bir həftə keçdikdən sonra gördüm ki, onun həyətinə traktor girdi. Ona zəng edib dedim ki, qonşu, həyətə traktor girib, nə məsələdir. Qeyd etdi ki, həyəti düzəltmək, torpaqdakı əyrilikləri hamarlamaq, zibilləri təmizlətmək üçün göndərmişəm. Növbəti gün isə artıq traktor yeri qazmağa başladı. Onda öyrəndim ki, Ramin artıq özünün dediyinə görə, borc-xərc edib tikintiyə başlayır. Beləliklə, o fundamenti qazanda gördük ki, torpağın demək olar ki, 90 faizini qazır. Betonu verəndə də gördüm ki, bu fərdi yaşayış evinin fundamentinə oxşamır. Bu zaman onu çağırıb özünə də dedim ki, Ramin, bu ev fundamentinə oxşamır, burda nə tikirsən? Bildirdi ki, üzrlü say, birinci mərtəbəni market edəcəm, ona görə də birinci mərtəbəni böyük götürürəm. Amma üstündən evimi tikəcəm”. Ramin adlı şəxsin dediklərinə inandığını vurğulayan Miryusif Seyidov onun tərəfindən aldadıldığını bir qədər sonra başa düşdüklərini qeyd etdi: “Fikirləşdim ki, lap yaxşı, market elə yanımızda olar, uzağa getmədən bazarlığı da ordan edərik. Ramin ikinci mərtəbəni tikəndə gördüm ki, ardını gedir. Səbəbini soruşduqda dedi ki, ailəm böyükdür, qohumlarımdan da qalan olacaq. Ona görə də bir az böyük tikirəm. Üçüncü mərtəbəyə çatanda biz onunla mübahisə etdik. Dedim ki, Ramin sənin tikdiyin heç cür evə oxşamır. Yenə and-aman etsə də, artıq ondan şübhələndim. Buna görə də qonşulardan onu araşdırmağa başladım. Ətrafdakı maklerlərdən də soruşdum. Onda dəhşətə gəldim ki, sən demə, Ramini bütün Badamdar tanıyır. Məlum oldu ki, o, qəsəbədə artıq dördüncü bu cür binadır tikir. Həmin binaları da göstərdilər. Hamısının şəkilləri məndə var. Hər biri də eyni layihə əsasında tikilib. Hamı da onu dələduz kimi tanıyır. Çünki müştəriləri yığır, onlara deyir ki, mənzilləri kupça ilə satıram. Beləcə, onlardan pul alır və sonda mülkiyyət hüququ müqaviləsiylə satır”.

“Fərdi yaşayış evi tikmək üçün Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncamla, kommersiya məqsədiylə çoxmənzilli yaşayış binasını necə tikmək olar?”

Ramin adlı şəxsin qeyd edilən ünvanda fərdi yaşayış evi tikmək adı altında Səbail Rayon İcra Hakimiyyətindən sərəncam aldığını deyən şikayətçinin bildirdiyinə görə, adıçəkilən şəxs çoxmərtəbəli yaşayış binası tikməklə həmin ünvanda yaşayan digər sakinlərə maddi və mənəvi ziyan vurub: “Raminlə görüşümüzdə yenə and-aman etdi ki, digər binaları satmaq məqsədiylə tiksə də, bu binanı sırf özü üçün tikdiyini və qohumları ilə birlikdə yaşayacağını bildirdi. Lakin artıq ona inam qalmamışdı və bizi aldatdığını bilirdik. Buna görə də artıq rəsmi qurumlara şikayət yazmağa başladım. Çünki həmin çoxmərtəbəli yaşayış binasına qonşularla birgə daxil olub baxış keçirdik. Bu zaman binanın hər mərtəbəsində 6 yaşayış mənzili inşa edildiyinin şahidi olduq. Birinci mərtəbəni qeyri-yaşayış sahəsi, digər 4 mərtəbəni isə yaşayış sahəsi kimi inşa edib. Nəzərə alsaq ki, yaşayış üçün ayrılmış 4 mərtəbənin hər mərtəbəsində 6 mənzil olarsa, binada minimum 24 ailə yaşaya bilər. Buna baxçayaraq, həmin binada avtomobillər üçün park yeri, uşaqlar üçün oyun yeri, yanğınsöndürmə hovuzu, istirahıt məkanı və s. amillər nəzərə alınmayıb. Onu da qeyd edim ki, Raminin inşa etditdiyi bina mənim evimdən 1,6 metr məsafədə yerləşir. Ümumiyyətlə, həmin ərazi yalnız fərdi yaşayış evləri üçün nəzərdə tutulub. Hətta ərazinin kanalizasiya sistemi də mövcud deyil. Belə hündür və çoxmərtəbəli binanın çirkab sularının hara axacağı isə bu çəxsi heç narahat etmir. Buradan da görünür ki, Ramin öz şəxsi maraqlarını dövlətin və qonşuların maraqlarından üstün tutur. Məni və qonşularımızı maraqladıran odur ki, fərdi yaşayış evi tikmək üçün Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncamla, kommersiya məqsədiylə çoxmənzilli yaşayış binasını necə tikmək olar?” Məsələ ilə bağlı ölkə başçısına, Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Səbail Rayon İcra Hakimiyyətinə, Baş Prokurorluğa, Bakı Şəhər Prokurorluğuna, Səbail Rayon Prokurorluğuna, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəsmi qaydada müraciət etdiyini vurğulayan Miryusif Seyidovun sözlərinə görə, buna baxmayaraq, hələ də üzləşdikləri problem öz həllini tapmayıb: “İlk əvvəl elə zənn etdim ki, tək olduğum üçün şikayətlərimə əhəmiyyət verilmir. Bu səbəbdən də qonşulara da vəziyyəti izah edib onların da prosesə qoşulmasını təmin etdik. Çünki fərdi yaşayış evi üçün nəzərdə tutulan ərazidə çoxmənzilli hündürmərtəbəli bina inşa etmək qanunsuzdur. Həm də bu küçənin digər sakinlərinə əlavə problemlər yaradacaq. Onu da qeyd edim ki, həmin binanın tikintisi zamanı qonşumuz Hicran xanımın çirkab suları üçün nəzərdə tutulan şambosunu qırmışdılar, traktor üstündən keçəndə şambonu çökdürmüşdü. Onu da deyim ki, Ramin ətrafdakı insanlara o qədər yalan deyib, camaatı o qədər aldadıb ki, qonşuların bir qismi az qala onunla dost imiş. Mən də ona aldanmışam. Belə ki, ilk əvvəl Raminin özü üçün fərdi yaşayış evi tikdiyini zənn edib tikinti zamanı onun fəhlələrinə su və işığı mən verirdim. Yəni biz o dərəcədə aldanmışıq. Odur ki, Raminin əməlləri barədə Hicran xanıma danışdıqda o şoka düşdü. Ona dedim ki, Raminlə danışmışam, o, hündürmərtəbəli çoxmənzilli bina tikdiyini etiraf etdi və dedi ki, get, hara istəyirsən şikayət et. Bundan sonra Hicran xanım özü də bu barədə araşdırmağa başladı. Bir qədər sonra telefon açıb dedi ki, sən bizi ayıltdın. Bu adam əməlli-başlı dələduzdur. Beləcə, qonşularla birlikdə müvafiq qurumlara rəsmi qaydada müraciət etməyə başladıq. Şəxsən mən elə bir dövlət qurumu qalmayıb ki, ora müraciət etməyim. Səbail Rayon İcra Hakimiyyətinə də dəfələrlə müraciət etmişəm, lakin icra hakimiyyəti bu qanunsuzluqlara göz yumur”.

Yalanının ifşa olunduğunu görən bina sahibi vətəndaşları aldatdığını etiraf edib və “Gedin, hara istəyirsiniz şikayət edin” deyib

Qeyd olunan binanın mənzillərinin sosial şəbəkələr və digər vasitələrlə satışa çıxarıldığını deyən şikayətçi əllərində bunu təsdiqləyən zəruri faktların, foto və videogörüntülərin olduğunu bildirdi: “Hicran xanımın həyətində kamera var və həmin kamera Raminin qapısının ağzını çəkir. Hər gün müştərilər gedir-gəlir. Ərazidəki maklerlərdən soruşduqda deyirlər ki, Ramin binadakı mənzillərin satışını bizə vermir. Bilir ki, siz bizdən nəsə araşdıracaqsınız. Ona görə də müştəriləri kənar maklerlərin vasitəsiylə tapır. Bu səbəbdən də internetdə araşdırma aparmağa başladıq. Məlum oldu ki, Ramin binanın mənzillərini sosial şəbəkələr və digər vasitələrlə satışa çıxarır. Belə ki, “instagram”da “badamdar.emlak” səhifəsində həmin binanın şəkilləri çıxdı. Ramini şübhələndirməmək üçün tanışlardan birinə müştəri kimi “instagram”da onunla yazışmasını xahiş etdik. Məlum oldu ki, həmin binanın kupçası olmadığı halda Ramin müştərilərə kupçalı, bütün sənədləri qaydasında olan mənzil satdığını bildirir. Bundan bir qədər sonra qonşumuz Hicran xanımla görüşdük. Ona əlimizdəki bütün foto görüntüləri, “instagram”dakı yazışmaları göstərdim. Hicran xanım yanımda binadakı mənzilləri satışa çıxaran maklerə telefon açdı və ona elanı “instagram”da gördüyünü, mənzil almaq istədiyini dedi. Beləcə, maklerlə növbəti gün saat 11-də Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində görüşmək barədə razılığa gəldilər. Deməli, növbəti gün Hicran xanım qeyd olunan ərazidə maklerlə görüşür və onlar birlikdə binanın qarşısına gəlirlər. Bu vaxt makler Raminə zənn edib və deyib ki, müştəri gətirirəm. Ramin də öz növbəsində, tez binanın qarşısına gəlib və müştərini gözləyib. Hicran xanım maklerlər birlikdə gəldikdə Ramin onları görür və dərhal “Sizə kim lazımdır? Nəyə gəlmisiz?” deyərək onlara hücum çəkir. Bunlar hamısı Hicran xanımın həyətindəki kameraya düşüb. Bu zaman makler deyir ki, müştəri demişdin, mənzilə baxmaq üçün gətirmişəm, yolda sənə də zəng edib dedim axı. Ramin yalanının üstünün açıldığını görüb maklerə “Mən səni tanımıram. Ev satmıram” deyib onun üzünə durdu. Hicran xanım orda olduğundan Ramin maklerə göz-qaş da edə bilmir, sadəcə onun üzünə durmaqla vəziyyətdən çıxmağa çalışır. Bundan sonra makler əsəbi halda maşınına oturub getdi. Bu zaman Raminlə Hicran xanım arasında ciddi mübahisə düşdü. Beləliklə, yalanının ifşa olunduğunu görən Ramin çoxmənzilli, hündür yaşayış binası tikdiyini etiraf etdi və “Gedin, hara istəyirsiniz şikayət edin” dedi”.

“Sözügedən tikilidə Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinin də kobud surətdə pozulduğunu açıq şəkildə görmək olar”

Ramin adlı şəxsin əməlləri ciddi qanun pozuntusu kimi dəyərləndirən Miryusif Seyidov qeyd etdi ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə uyğun olaraq, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır: “Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Qeyd olunan tikinti obyektində müvafiq müddəanın tələbləri nəzərə alınmamış, hətta həmin binanın müvafiq ekspertizadan keçməsi və hər hansı bir rəyin alınmasında çox ciddi şübhələr yaranır. Belə ki, sözügedən məcəllənin 87-ci maddəsinə əsasən ekspertizanın məqsədi tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Əminliklə qeyd edə bilərəm ki, etibarlılıq və təhlükəsizlik baxımından həmin bina heç bir normativ sənədin tələblərinə uyğun deyil. Bundan başqa, sözügedən tikilidə Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinin də kobud surətdə pozulduğunu açıq şəkildə görmək olar”. Şikayətçi iddia edir ki, Ramin adlı şəxs telefon açaraq, “Kimlərə şikayət etmişdinizsə hamısını “sola saldım”. Bilmirsən ki, Azərbaycanda hər şey pulun başındadır” deyib: “Buradan da görünür ki, Ramin hər şeyi pulun hesabına həll edə biləcəyinə inanır. Lakin mən inanıram ki, dövlətimizdə qanunu şah bilən, düzgün əqidəli, əxlaqlı məmurlarımız kifayət qədərdir. Məhz onların sayəsində qanunun aliliyi qorunacaq, Raminin əməllərinə hüquqi qiymət veriləcək. Çünki o, “fərdi yaşayış evi” adı altında çoxmənzilli, hündür yaşayış binası inşa etməklə həm bizə ziyan vurur, həm də vergidən yayınır, mqvafiq qurumları aldadır. Maraqlı odur ki, Səbail Rayon İcra Hakimiyyəti nə üçün fərdi yaşayış evi kimi qeydiyyatdan keçən, lakin çoxmənzilli bina tikən bu adamın özbaşınalığının qarşısını almır? İcra hakimiyyətinin bu boyda qanunsuzluğa göz yumması belə nəticəyə gəlməyə əsas verir ki, icra hakimiyyəti dövlət maraqlarını deyil, şəxsi maraqlarını üstün tutur”.

(Ardı var)

“Hürriyyət”in Araşdırma Qrupu

P.S. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.