Ruzvelt, Çörçill, Stalin – müttəfiqlər hərbi cinayətkarları necə cəzalandırmaq istəyiblər?

57

İşğalçılıq siyasəti aparanların, terror, təxribat, hərbi cinayət törədənlərin son aqibətinin ən ağır cəzalarla yekunlaşmasını tarix dəfələrlə sübut edib. Elə İkinci Dünya müharibəsində də nasist Almaniyasına rəhbərlik edənlərin, dünyaya sahib olmaq iddiasına düşən Adolf Hitlerin faciəli sonluğu da buna bariz sübut və nümunədir.

Tarixdən məlum olduğu kimi, o, hərbi cinayətlər sayəsində fürer qazandığı müvəqqəti “uğurlar”dan eyforiyaya düşərək daha böyük iddialarla yaşayıb. Amma faşist cərəyanının genişlənməsi təbii ki, uzun çəkə bilməzdi. Artıq 1942-ci ildən başlayaraq, faşist bloku ölkələri cəbhələrdəki strateji təşəbbüsü itirməyə başlayıblar və anti-Hitler koalisiyası istər hərbi, istərsə də siyasi baxımdan üstünlüyə sahib olublar. Addım-addım məğlubiyyətə yaxınlaşan Hitler bəlkə də əfv olunacağına, barışığa, sülhə, danışıqlara ümid edib. Sözsüz ki, kütləvi insan qırğınları törədən, milyonlarla insanın həyatına son qoyan bir şəxsin danışıqlar masası arxasına keçmək fikri yalnız xəyal ola bilərdi.

Müttəfiq dövlətlər – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və SSRİ rəhbərləri Hitleri cəzalandırmaqla bağlı bir-neçə dəfə fikir mübadiləsi aparıblar. Düzdür, Ruzvelt, Çörçill və Stalin bu mövzunu müzakirə edərkən, hələ II dünya müharibəsinin sonunun nə ilə nəticələnəcəyi məlum olmayıb. Amma buna baxmayaraq, siyasi liderlər əvvəlcədən qərarlarını veriblər.

1941-ci ilin iyun ayında Alman qoşunları SSRİ-yə hücum etdikdən sonra ilk dəfə olaraq Çörçill Hitler haqqında fikirlərini açıq şəkildə bəyan edib. Baş nazir SSRİ ilə müttəfiq olduğunu, Hitlerlə və onun komandası ilə heç bir danışıqlar aparmağacağını bildirib. Çörçill faşist Almaniyasını məğlub etdikdən sonra başda Hitler olmaqla Üçüncü Reyx rəhbərliyini heç bir müzakirəsiz, təhlilsiz və məhkəməsiz güllələnməyə məhkum etmək təklifi ilə çıxış edib.

1129_1840363727_big.jpg (85 KB)

Çörçillin çıxışında aşağıdakı fikirlər də öz əksini tapıb: “Hərbi cinayət törədənlərin, soyqırımı aktı həyata keçirənlərin məhkəməyə ehtiyacı yoxdur. Əlində siqar tutan, ağzından tütün qoxusu gələn adama tütün həvəskarı olduğunu sübut etməyə ehtiyac olmadığı kimi, Hitlerin də milyonlarla insanı məhv etməsini sübut etməyə ehtiyac qalmır. Üçüncü Reyx bütövlükdə törətdikləri hərbi cinayətlərin qarşılığında vaxt uzatmadan ən ağır cəzaya məhkum olunmalıdırlar və həmin gün uzaqda deyil…”

1942-ci ilin oktyabr ayında ABŞ prezidenti Ruzvelt öz çıxışında nasist liderlərinin cəzalandırlması haqqında fikirlərini açıqlayıb.

Amerika lideri Üçüncü Reyx rəhbərlərini vəhşi adlandıraraq, onların tam siyahısını hazırlamağın, dünya ictimaiyyətinə təqdim etməyin vacibliyini vurğulayıb:
“Bəşəri cinayətlər törədən nasist liderlərini dünya tanımalıdır. Onların adı bir-bir çəkilməlidir. Bu cəlladlar həbs olunduqdan sonra beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdırlar. Ən sərt cəzalar tətbiq etməklə dünya ictimaiyyətinə çatdırmaq lazımdır ki, hərbi cinayət törətmək, işğalçılıq siyasəti yeritmək istəyənlər cəzadan kənar qalmayacaqlar…”

Stalin Ruzveltin bu fikirləri ilə razılaşıb. Beynəlxalq məhkəmənin keçirilməsinin tərəfdarı olub. Məhz elə həmin ərəfədə SİTA-ya müsahibə verən SSRİ xarici işlər komissarı (naziri) Vyaçeslav Molotov Stalinin mövqeyini açıqlayaraq bildirib ki, SSRİ xüsusi hərbi tribunalın yaradılmasının, nasist liderlərinin bu tribunala verilərək mövcud beynəlxalq qanunlara uyğun ittiham olunmasının tərəfdarıdır. Molotov öz müsahibəsində, həmçinin bu tribunala veriləcək bəzi şəxslərin də adını söyləyib: Hitler, Göbbels, Himmler, Ribbentrop, Herinq, Rozenberq, Hess və s.

Açıq şəkildə səsləndirilən bu fikirlərdən Hitler xəbərdar olub və məğlubiyyətə uğrayacağı təqdirdə onu nələr gözlədiyini də yaxşı anlayıb. Fürer buna görə də, geri çəkilməmək üçün bütün mümkün cəhdlərə əl atıb. Amma bu cəhdlərin heç biri alınmayıb, əsas müttəfiqləri olan İtaliya və Yaponiya da zamanın onların xeyrinə işləmədiyini, faşist Almaniyasının məğlubiyyətə doğru yuvarlandığını açıq hiss ediblər. Müttəfiqlər isə Almaniyanın qarşısında heç bir danışıq olmadan yalnız bir şərt qoyublar- kapitulyasiya aktına imza atmaq.

ah_kaput1.jpg (48 KB)

Çıxılmaz situasiya yarananda insan çarəsiz vəziyyətə düşür. 1945-ci ilin aprel ayında da Hitler məhz belə bir vəziyyətə düşüb. Çarəsiz qalan fürer son çıxış yolunu intiharda görüb. Bəlkə də hakimiyyətdə olduğu illərdə bu addım Hitlerin ən “ağıllı” addımı olub.

Beləliklə, ABŞ, Böyük Britaniya və SSRİ liderləri tarixi Nürnberq prosesini Hitlersiz seyr ediblər.
Bütün bu hadisələr çox da uzaq olmayan tarixdə baş verib və bu hadisələr işğalçılıq siyasəti yürüdən ölkələrə dərs olmalıdır.

1573760290_651558327232.jpg (66 KB)

Hazırda Ermənistan da kiçik miqyasda bəzi siyasi parametrlərinə görə, nasist Almaniyasını xatırladır. Yayımlanan videgörüntülərə diqqətlə nəzər salsaq Ermənistanın baş naziri Paşinyanın nə qədər narahatlıq keçirdiyini aydın hiss etmək olar. Daha dəqiq ifadə etsək Paşinyan bu görüntülərdə heç də vaxtilə çarəsiz qalan Hitlerdən fərqlənmir və yəqin ki, ürəyində düşünür, qaçmaq, intihar etmək, yoxsa nə etmək?

Çox keçməyəcək, qarış-qarış torpaqlarımız işğalçı ermənilərdən təmizləndikcə, Paşinyanın nə edəcəyinin şahidi olacağıq.

 Musavat.com