“Rüşvətsiz yaşamaq, korrupsiyaya qurşanmamaq hər kəsin borcu, prezidentlərin də bir nömrəli vəzifəsidir” – QUBAD İBADOĞLU

78

“Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Belarus iqtisadiyyatı bu il özünün son 25 ildə ən böyük tənəzzülünü yaşayacaq”

“Lukaşenkosevərlər yazırlar ki, o getsə Belarus batacaq, Liviyanın gününə düşəcək. Belələri fikirlərini onunla əsaslandırırlar ki, Aleksandr həmişə xalqın qayğısını çəkib, azad biznesə şərait yaradıb, özü də rüşvətxor olmayıb”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

ADR Hərəkatının sədri qeyd edib ki, rüşvət almamaq, xüsusilə də prezidentlər üçün üstünlük deyil. O əlavə edib ki, rüşvətsiz yaşamaq, korrupsiyaya qurşanmamaq hər kəsin borcu, prezidentlərin də bir nömrəli vəzifəsidir: “Digər tərəfdən də Lukaşenkonun korrupsioner olmadığını iddia etmək çox çətindir. Adətən, belələri barədə korrupsiya faktları hakimiyyətdən gedəndən sonra aşkara çıxır və təsdiqini tapır. İkincisi, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Belarus iqtisadiyyatı bu il özünün son 25 ildə ən böyük tənəzzülünü yaşayacaq. Onsuz da pandemiya ilə əlaqədar olaraq Belarusda istehsal olunan məhsulların ixracatına əsas ticarət tərəfdaşları olan Avropa Birliyi və Rusiyanın tələbatı azalır, yəni hakimiyyət dəyişikliyindən asılı olmayaraq onsuz da iqtisadiyyat böhrana girir. Üçüncüsü, Belarus postsovet məkanında bazar iqtisadiyyatına keçid göstəricilərinin aşağı olmasına görə Türkmənistanla sonuncu yerləri bölüşürlər. Bu o deməkdir ki, ölkə hələ də köhnə inzibati-amirlik iqtisadiyyatı ilə inkişaf edir və mülkiyyətə nəzarət əsasən dövlətə məxsusdur. Bu isə sonsuz ola bilməz, SSRİ-nin aqibəti hər kəsə məlumdur. Dördüncüsü, Belarus Avropaya inteqrasiya və qərbləşmə indeksində bölgədə Azərbaycanla bərabər bölgədə sonuncu yerləri bölüşür”.

Qubad İbadoğlunun sözlərinə görə, iqtisadi modernləşmə Qərbin texnologiyaları olmadan mümkün deyil: “Nəhayət, bu ölkə mülki hüquqlar və siyasi azadlıqlara görə Azərbaycana nisbətən yaxşı mövqedə olsa da uzun illərdir ki, “Freedom House” təşkilatının təsnifatında azad ölmayan dövlətlər qrupundadır. Yekun olaraq demək istərdim ki, Belarusun islahat və transformasiya potensialı yüksəkdir, heç şübhəsiz ki, ölkə keçid dövründə çətinliklərlə qarşılaşacaq, amma tezliklə Şərqi Avropa səviyyəsinə qədər inkişaf edə biləcək, bu gün meydanda olanlar da sabah indiki ilə müqayisədə daha azad və firavan həyat sürəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org