“Ruslar bizim torpaqlarımızı öz əraziləri hesab etməsinlər…”

213

Elşad Musayev: “Biz öz təpkimizi göstərməliyik ki, həddlərini bilsinlər”

“Bizim əsas qazancımız odur ki, qardaş Türkiyə qoşunlarını ölkəmizdə yerləşdirmək şansı qazandı”

“Qarabağda rus sülhməramlısı təxribatla məşğul olursa, cavabı verilməlidir”

“Rus sərhədçiləri Ermənistanla Azərbaycanın arasına girdilər. Bizim sərhədlərimiz arasında nə işiniz var sizin?”

“Araikin Moskvaya getməsi və orada qəbul edilməsi bir təxribatdır

 “Rus bayrağını götürüb şəhərdə dövrə vururlar. Kimsiniz siz? Niyə insanların hissləri ilə oynayırsınız?… “5-ci kolon”un qaldırdığı bayraq yox, bizim bayrağın yanında türk bayrağı dalğalanmalıdır. Qaldırmaq istəyirlərsə, Pakistanın bayrağını qaldırsınlar”

Noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistanın dövlət rəhbərləri arasında imzalanmış Dağlıq Qarabağ sülh bəyannaməsi həm cəmiyyətimizdə, həm də dünyada geniş müzakirə olunmaqdadır. Bəs, bu bəyannamənin ardınca bölgədə təmin olunacaq sülhdə tərəflərin qazandığı və itirdikləri nələr olacaq? Mövzu haqqında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Müsayevlə müzakirə apardıq.

– Elşad bəy, Qarabağa rus sülhməramlıları gətirilərkən, Rusiya Türkiyə və Azərbaycana pərdə arxasında hansı təminatları vermiş ola bilər? Bu şəraitdə hər üç tərəf nə qazandı, nə itirdi? Rusiya-Türkiyə arasında Suriyada, Liviyada, Şərqi Aralıq dənizində Qarabağ əvəzində hansısa sövdələşmə ola bilərmi?

– Birinci növbədə ondan başlayaq ki, biz Böyük Vətən müharibəsində çox inamlı qələbə qazanmışıq. Son vaxtlar bu qələbəni küçümsəmək istiqamətində cəhdlər olur, bu, qətiyyən yol verilməzdir. Amma münaqişə bitməyib. Prosesin 2-ci mərhələsi sülhməramlıların burada yerləşdirilməsidir. Rus sülhməramlıları artıq Dağlıq Qarabağda yerləşdiriliblər, türk qoşunları da gəlməlidir.

İlk öncə bildirim ki, xarici ölkə hərbçilərinin ölkəmizdə yerləşdirilməsini bütün vətəndaşlar kimi mən də istəmirəm, amma dünyada bir reallıq var. Bu reallıqla barışmaq lazımdır. Reallıq budur ki, bölgəmiz illərlə Rusiyanın təsiri altında olub. Azərbaycan isə kiçik ölkədir, böyük ölkələrə şərt qoya bilmir. Problem də bundadır. Bu baxımdan, Rusiya öz sülhməramlılarını bölgədə yerləşdirdi. Xeyli təxribat elementlər göründü. Ölkə başçısı da bildirmişdi ki, vaxt cədvəli əsasında erməni silahlıları çıxarılmalıdırlar. Belə də oldu. Cədvəl verildi, ermənilər çıxarılmağa başlandı. Laçın şəhəri dekabrın 1-də boşaldılmalıdır. Şübhəsiz ki, xeyli təxribatlar olacaq. Biz buna hazır olmalıyıq. Dünyaya sübut etməliyik ki, Azərbaycanda milli birik-bərabərlik var. 90-cı illərdəki hərc-mərcliyi dünyaya sərgiləyə bilmərik. İndi hamı daha məsuliyyətli olmalıdır. Ermənilər boşaltdıqları əraziləri yandırır, bizi provokasiyaya çəkirlər ki, adekvat cavab verək. Vəhşicəsinə hər yeri dağıdaraq gedirlər. Razılaşma olmasaydı, əsgərimiz onların başına od ələyərdi. İndi razılaşma olduğuna görə adekvat cavab verə bilmirik.

Araikin Moskvaya getməsi və orada qəbul edilməsi bir təxribatdır. Rus sülhməramlılarının buraya gəlməsi, öz statuslarından kənara çıxan hərəkətlər etməsi bir təxribatdır. Fransa senatının qətnaməsi də təxribatdır. Eyni zamanda müxalifət təşkilatları da hakimiyyətlə eyni mövqe nümayiş etdirdi. Bir həftədir ki, “5-ci kolon”a bağlı olan efir sahibləri düyməni basıblar. Bu efir sahibləri qrant alanlardır. Bizim qələbəni küçümsəmək istəyirlər. Müharibəni udduq. Biz 1992-ci ildə rus qoşunlarını çıxardıq, amma ruslar 90-cı illərdə bizim əraziləri alıb ermənilərə vermişdilər və bu formada erməniləri vasitəsilə ölkəmizdə – Qarabağda mövcud idilər. Bizim əsas qazancımız odur ki, qardaş Türkiyə qoşunlarını ölkəmizdə yerləşdirmək şansı qazandı. Eyni zamanda dəhliz qazandıq. Siqnallar gəlir ki, ermənilər Kəlbəcərdə olan sərhəddi öz tərəflərindən 2 metr qabağa çəkiblər. Gürcüstanda da belə bir şey etmişdilər. Gürcüstanla Ermənistanın Balakən dağında olan sərhədini ermənilər rusların köməyi ilə Sadaxlı kəndində qabağa çəkiblər. Gürcüstan dövləti qorxudan səsini çıxara bilmir. 44 gündə bu qədər ərazi alındı, bunu küçümsəmək olmaz. Dövlətçiliklə bir olmalıyıq, qalan problemlərimizi də dilə gətirib həll etməliyik.

“5-ci kolon” da fəallaşıb. Rus bayrağını götürüb şəhərdə dövrə vururlar. Kimsiniz siz? Niyə insanların hissləri ilə oynayırsınız? Biz Rusiya ilə qonşu kimi yaxşı münasibət qurmalıyıq, amma rus sülhməramlısı təxribatla məşğul olursa, onun da cavabı verilməlidir.

– Biz rus bayrağı ilə dövrə olunması məsələsində də Türkiyənin haqqını verməliyik. Qardaş ölkənin yardımı olmasaydı, müharibəni uda bilməzdik…

– Putin çıxış etdi, “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”, – dedi. Ermənistan müttəfiqimiz olduğu üçün “ermənilərə hər cür köməkliyi göstərmişik”, – dedi. Amma müəyyən şübhələr var ki, döyüşdə ermənilərə ruslar kömək edib, ya yox? Rus sərhədçiləri Ermənistanla Azərbaycanın arasına girdilər. Bizim sərhədlərimiz arasında nə işiniz var sizin? Rusiyanın şovinist qanadı Azərbaycanın müəyyən bir qanadını qopartmaq istəyir. Düşünürlər ki, geosiyasi baxımdan bura maraqlı yerdir.

– Belə vəziyyətdə azərbaycanlı qaçqınlar yerlərinə qayıtdıqdan, yerləşdikdən, oturuşduqdan sonra rus ordusunun 5 ildən artıq qalacağını güman etmək olarmı? Rusiya bunu istəyəcəkmi? Türkiyənin buna reaksiyası necə ola bilər? Ümumiyyətlə, bu vəziyyəti 5 il sonrakı perspektivdə necə dəyərləndirirsiz?

– İri dövlətlər müəyyən ölkələri öz təsir dairələrində saxlamaq üçün orada öz qoşunlarını saxlayırlar. İndi də ABŞ qoşunları bir çox ölkələrdə var. Rusiyanın şovinist dairələri istəyirlər ki, Rusiya demokratikləşmə istiqamətində yox, imperiya-təcavüz istiqamətində getsin. Biz türk qoşunlarının burada olmasını istəyirik. İndinin özündə də Türkiyə bütün səviyyələrdə bizə dəstək verir. Əsas məsələlərdən biri də rus qoşunları ilə yanaşı türk qoşunlarının Laçın koridorunda, Kəlbəcərdə, Şuşada olmasıdır. Biz də çəkingən mövqedə olmamalıyıq. Yaxşı ki, bu ərazilərə komendant təyin olunub. Xankəndində və qalan ərazilərdə də komendant təyin olunmalıdır. Araikə cinayət işi qaldırılıb. Qalan cinayətkarlara da iş açılmalıdır. Onlar ya həbs olunmalıdırlar, ya qaçmalıdırlar. Ruslar da baza tiksələr, vəsait xərcləsələr də bura bizim ərazilərimizdir. Bizim torpaqlarımızı öz əraziləri kim hiss etməsinlər, belə hesab etməsinlər. Biz öz təpkimizi göstərməliyik ki, həddlərini bilsinlər. Elə buna görə də təcili Qarabağı məskunlaşdırmalıyıq. Ermənilərin ağıllanacaqları şübhə altındadır.

– Dağlıq Qarabağa qaytarılan erməniləri rusların yenidən bizə qarşı alət kimi istifadə etmək hesabları ola bilərmi? Azərbaycan dövləti Qarabağdakı ermənilərin xarici dövlətlər tərəfindən separatçılıqda istifadə edilməsinin qarşısını almaq üçün hansı təbliğati işləri, təhlükəsizlik tədbirlərini görməlidir?

– Əgər biz bunu düşünmürüksə, deməli, başımıza nə gəlirsə haqqına gəlir. Cəfər Cabbarlının “1905-ci il” əsərində deyir ki, “atan kazaklardır”. 200 il belə olub. 90-cı ildə də, Xocalıda da, indi də belə oldu. Ehtiyatımızı əldən verməməliyik. Orada olan ermənilər də deyir ki, biz özümüzü qalib xalq hesab edirik. Bizim torpağımızda at oynadırdınız, cavabınız verildi, qisasımızı da aldıq. Oradan ermənilərin əksəriyyəti qaçıb-çıxıb gedəcək, çünki əlləri qana batıb, Azərbaycan dövlətinə, əsgərinə silah qaldırıblar. Kim silah qaldırıbsa gedəcək, cavanları da çıxıb gedəcək. Bizim hələ Qarabağda əhalimiz yox, infrastrukturumuz yox. Gərək biz 4 tərəfi kəsək, erməni görsün ki, anklavda qalıb. Ya bizimlə hesablaşmalıdır, ya da getməlidir. 5 il sonra biz orada daha güclu formada olacağıq. Təbii ki, bizə lazım olan anda rus qoşununu da, başqasını da çıxaracağıq.

– Baydenin gəlişindən sonra ABŞ-ın Rusiyanı “əzəcəyi” görünür. Biz də güclənəndən sonra, ruslar zəifləsə özləri qalmaq istəyəcəklərmi?

– Rusiya sağdan-soldan sıxılır. Bayden ABŞ-ın başında durduğu vaxt ərzində Rusiya-Türkiyə arasında əməkdaşlıq olacaq. Bu səbəbdən Putin Türkiyə ilə münasibətləri düzəltdi, bizim də qələbəmizə buna görə mane olmadı.

– Azərbaycanlı qaçqınların qayıtması hansı şərtlərlə yerinə yetirilməlidir? Könüllülük, ya mütləqlik prinsipi ilə?

– Ev alanların köçürülməsi yəqin ki, olmayacaq. Amma elələri var ki, başqalarının evini zəbt edib. Onlar qayıtmalıdır. İnfrastruktur qurulandan sonra köçürülməlidir. Bizim əsas siyasətimiz Qarabağı mümkün qədər çox məskunlaşdırmaq olmalıdır. Qaçqınlardan başqa kimsə orada məskunlaşmaq istəyirsə, buna şərait yaratmalıyıq.

– Rus tarixçisi Oleq Kuznetsovun Qarabağ münaqişəsindən əvvəl ermənilərə verilmiş ərazilər barədə bəyanatı var ki, bu ərazilər Azərbaycana qayıtmamış ərazi bütövlüyündən danışmaq olmaz…

– Ermənistan deyilən ərazidə soydaşlarımızı dəfələrə deportaisya etdilər. Ərazilərimiz ermənilərə verildi. Razılaşmada bu kəndlərin adları var. İndi qərar qəbul olunmalıdır, sərhəd qoşunlarımız gedib o əraziləri, Qazaxın 7 kəndini də tutmalıdılar. İndi məqamdır. Biz qalib gələn tərəfik. “5-ci kolon”un qaldırdığı bayraq yox, bizim bayrağın yanında türk bayrağı dalğalanmalıdır. Qaldırmaq istəyirlərsə, Pakistanın bayrağını qaldırsınlar.

– Doğrudur, Pakistanın haqqını vermək lazımdır. Hazırki geosiyasi mənzərədə ABŞ-ın həm Sakit okeanda, həm Qara dənizdə, həm Ukraynanın ərazisindən Rusiyaya yaxınlaşmasını, həm Polşada, Ruminiyadakı bazalar vasitəsilə mühasirə vəziyyəti yaratdığlını görürük. Bura ABŞ-ın dünən çox sayda Rusiya şirkətlərinə sanksiyalarını da əlavə etməliyik. Bu vəziyyətdə Rusiyanın Ermənistanı əlində saxlamaq imkanı nə qədər olacaq? Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində nə qədər istəklidir? Azərbaycanın Türkiyə ilə, Gürcüstanın ABŞ-la yaxınlaşdığını, Rusiya iqtisadiyyatının çöküşə getdiyini nəzərə alsaq, buna gücü çatacaqmı?

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA