Rusiyaya getmək istəyən etirazçılar Paşinyana tələb irəli sürüblər

81

Rusiyaya getmək istəyən bir qrup şəxs 22 sentyabr saat 22.00-dan etibarən Ermənistan parlamentinin qarşısında aclıq aksiyasına başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, etirazçılar arasında qadınlar və uşaqlar da var. “Rusiyanı istəyirəm” tələbilə keçirilən aksiyanın iştirakçıları təcili şəkildə Rusiya ilə danışıqlara başlanılmasını, onların bu ölkəyə getməsi üçün addımların atılmasını tələb edirlər. Aksiyanın təşkilatçılarından biri Artur Voskanyan bu barədə deyib. Etirazçılar bildirir ki, Avrasiya İqtisadi Birliyinin üzvləri arasında yalnız Ermənistanla aviaəlaqələr bərpa olunmayıb. Odur ki, onlar Rusiyaya gedə bilmirlər.

Bu gün səhər saatlarında baş nazir Nikol Paşinyan etirazçılarla görüşüb. O bildirib ki, Avrasiya Birliyinin hökumətlərarası şurasında bu məsələ 8 oktyabrda, İrəvanda müzakirə olunacaq. “Ancaq biz dedik ki, bu qədər gözləyə bilmərik” – Voskanyan əlavə edib. Etirazçı bildirib ki, aclıq aksiyası tələbləri yerinə yetirilənədək, onlar Rusiyaya gedənədək davam edəcək. Voskanyanın sözlərinə görə, onların bəziləri Rusiyada iş yerlərini, bəziləri də ailə üzvlərini qoyub Ermənistana gəliblər və aylardır geri qayıda bilmirlər.

21 sentyabrdan Rusiyahava yolu ilə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin vətəndaşlarının girişinə qadağanı aradan qaldırsa da, Ermənistan vətəndaşları bu siyahıya daxil edilməyib. “Aeroflot” kompaniyası İrəvan-Moskva marşrutu üzrə, baha qiymətlərlə çarter reysləri həyata keçirir.

Rusiyaya getmək istəyən ermənilər aclıq aksiyasını parlament və hökumət binasının qarşısında davam etdirir. Fotodan göründüyü kimi, aksiyaçıların N.Paşinyanın şəkli olan platakı yerə sərməsi və üzərinə ayaqqabılarını qoymaları da maraqlı detaldır…

Musavat.com