RUSİYANIN “QAZPROM”U AZƏRBAYCANA QARŞI

    6

    Vüqar Bayramov: “TAP-ın rellaşmasının qarşısını alan qüvvələr var”

    İlham Şaban: “Burada üçünücü qüvvələrin olması gün kimi aydındır”

    “TAP-a qarşı İtaliya və Yunanıstanda olan etirazların heç bir obyektiv əsası yoxdur”. Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

    “Mən bilirəm ki, İtaliyada bu məsələ ağacların müdafiəsi adı altında başladılmışdı. TAP rəhbərliyi bu problemi etirazçıların arzularına tam uyğun şəkildə həll etdi. Buna rəğmən, müəyyən insanlar TAP-la bağlı yenə etirazlar edirlər. Bu, etirazların ekoloji xarakterli olmadığını göstərir. Etirazlar daha çox Azərbaycan qazının rəqiblərinin siyasi və kommersiya maraqları ilə bağlıdır. Bütün bunun arxasında Rusiyanın “Qazprom”u dayanır”,- deyə o, bildirib.

    Keçmiş səfir onu da qeyd edib ki, ABŞ-ın hələ Avropadakı enerji layihələri ilə bağlı strategiyası yoxdur: “Tramp sələflərindən fərqli olaraq özü üçün hansısa strategiya müəyyən etməyib. Amma vəziyyət uzun müddət belə getməyəcək. Trampın komandasında Qərb üçün Azərbaycan və Türkmənistanın vacib rolunu anlayan şəxslər var”.

    Maraqlıdır ki, Cənub Qaz Dəhlizinin işə salınma mərasimindən sonra Rusiya prezidenti Vladimir Putin açıqlama vermişdi ki, biz bu sahədə istənilən iqtisadi fəallığı alqışlayırıq: “Rusiya enerji daşıyıcılarının Avropa bazarına tədarükünün diversifikasiyasını alqışlayır. Biz bazar şəraitinin yaranmasında maraqlıyıq”. Amma Brayzanın açıqlamasından aydın görünür ki, Rusiya Azərbaycan qazının Avropa bazarına tədarükünü nəinki alqışlayır, hətta bunu istəmir. “Biz bazar şəraitinin yaranmasında maraqlıyıq” deməklə Putin əslində, gözə kül üfürür. Çünki Avropa qaz bazarında rəqibin olması Rusiyaya həm siyasi, həm də iqtisadi baxımdan sərf etmir. Avropanın enerji bazarının daima Rusiyanın nəzarəti altında olması da onun maraqlarından xəbər verir. Çox güman ki, M.Brayzanın etirazların arxasında “Qazprom”un dayandığını birmənalı şəkildə vurğulaması üçün əlində müəyyən faktlar var. Hər halda keçmiş səfir faktlara söykənmədən etirazların arxasında “Qazprom”un dayandığnı deyə bilməzdi.

    Xatırladaq ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 35 faizdən çoxu icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

    Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə, Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

    Qeyd edək ki, boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

    TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

    TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

    ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın açıqlamasını şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “Hürriyyət”ə dedi ki, Cənub Qaz Dəhlizi həm Azərbaycan, həm də region üçün vacib layihələrdən biridir: “Bu layihə Azərbaycanın dövlət gəlirlərinin artmasına gətirib çxaracaq, Azərbaycan 150 milyard dollardan artıq gəlir əldə edəcək. Eyni zamada Avropanın enerji təhlükəsizliyi üçün, xüsusən də cənubi və şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşdırılması baxımından çox vacibdir. Amma buna rəğmən, Cənub Qaz Dəhlizinin reallaşmasında maraqlı olmayan tərəflər var. Hər zaman Cənub Qaz Dəhlizinin reallaşmasına qarşı müəyyən təzyiqlər müşahidə olunub. Hətta açılış mərasimində də xüsusi olaraq vurğulandı ki, Cənub Qaz Dəhlizinin rellaşmasında tərəfadşıq. Amma İtaliyada TAP-ın çəkilişi ilə bağlı yubanmalar var. Orada söhbət zeytun bağında ağacların köçürülməsindən gedir. Baxmayaraq ki, yerli icra hakimiyyəti heç bir zeytun ağacına ziyan vurmadı və həmin ağacların köçülüməsini təklif edir, yəni nəticə etibarı ilə ekoloji baxımdan problem yoxdur. Sözsüz ki, TAP-ın rellaşmasının qarşısını alan qüvvələr var. Güman olunur ki, bu cür aksiyalar TAP-ın reallaşmasında maraqlı olmayan qüvvələr tərəfindən də dəstəklənir. Amma həmin qüvvələrin kim olduğunu demək çətindir. Yəni “Qazprom”un bu işdə əlinin olub-olmadığını aydınlaşdırmaq çox çətindir. Güman etmək olar ki, Avropa bazarında marağı olan şirkətlər Avropa Birliyi bazarına alternativ mənbədən qazın daxil olmasına qarşıdırlar. Amma bu aksiyaları “Qazprom” təşkil edirmi? Sözünü düzü, bunu sübut etmək və əsaslandırmaq heç də asan deyil”.

    “Brayza keçmiş səfir olduğu üçün bu gün təbliğatla məşğuldur”

    Bayramov onu da qeyd etdi ki, Brayza keçmiş səfirdir: “Brayza bu açıqlama ilə ABŞ-a və yaxud Rusiyaya mesaj verdiyni düşünmürəm. Çünki səfir olsaydı, onun mesaj verdiyni düşünmək olardı. Keçmiş səfir olduğu üçün bu gün təbliğatla məşğuldur. Ona görə, xüsusi olaraq fikirlərini bölüşür. Təbii ki, söhbət burada keçmiş səfir kimi “Qazprom”un marağını nümayiş etdirməkdən gedir. Amma bu nə Ağ Ev, nə Brüssel, nə də digər aparıcı paytaxatlar üçün mesaj rolunu oynaya bilməz”.

    “Görsənir ki, bunun məqsədi məhz siyasiyönümlü çıxışlardır”

    “Azərbaycanda neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir” - İlham Şaban

    Neft Araşdırmaları Mərkəzinin rəhbəri Ilham Şaban isə bildirdi ki, etirazların siyasiyönümlü olması ilə bağlı vaxtaşırı açıqlamalar olur: “Bilirsiniz ki, İtaliya parlamentində bununla bağlı xüsusi canfəşanlıq göstərən müxalifət var və bu müxalifət özünün məhəbbətini heç gizlətmir də. Fərqinə varmırlar ki, bu boru kəməri Adriatik dənizindən suyun altından çıxır, İtaliyada nasos stansiyasına, paylayıcı şəbəkəyə gələcək uzunluq cəmi 6,5 km-dir. Həmin nasos stansiyası da yaxınlıqda olan kəndin ərazisindən, zeytunluq deyilən yerdən keçir. Orada salınan hay-küy odur ki, guya, bunların ekologiyasına ziyan dəyəcək. Mən bu yaxınlarda “Caspian oil”un sərgi konfransında olanda TAP konsorsiumu bir açıqlama verdi ki, bu kəmərin fəaliyyəti müddətində belə sosial layihələrə ayrılan vəsait 50 milyon dollardır. Yəni onlar bu qədər vəsaiti nə turizmdən, nə də oradakı zeytun ağaclarından məhsul yığıb satmaqdan qazanırlar. Görsənir ki, bunun məqsədi məhz siyasiyönümlü çıxışlardır. Heç kəsə sirri deyil ki, İtaliyanın cənbunda həyat səviyyəsi çox aşağıdır. Italiyanın cənubu ilə şimalı arasında kəskin yaşayış minimumları var. Ona görə də oradakı insanlardan kimə 50 avro versən, o həyatının müəyyən hissəsini əlində plakat keçirməyə hazırdır. Bu, nə rəsmi Brüsselə, nə Romada parlamentdə oturanlara, nə də ki, başqasına sirr deyil. Orada nə ekologiya ilə bağlı kiməsə ziyan dəyir, nə də başqa bir şey. Burada üçünücü qüvvələrin olması gün kimi aydındır. Mən bir dəfə Bakıda Cənubi Qaz Dəhlizinin Məşvərət Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Şefçoviçin özünə sual vermişdim ki, bütün proseslər gedir, ancaq rəsmi Brüssel etirazların qarşısının alınması və boru kəmərinin vaxtında istifadəyə verilməsi üçün inzibati amirlik metodundan istifadə edəcəkmi? O dedi ki, qarşımıza məqsəd qoymuşuq ki, 2020- cu ildə Azərbaycan qazını alaq. Amma bu insanları qarşımızda görürük, heç zaman bu insanları dəyənəklə vurub keçə bilmərik”.

    “Rusiya bu cür proseslərdə həddindən artıq çox incə işləyir”

    “Dediyiniz üçüncü qüvvə “Qazprom” şirkətidirmi” sualına İ. Şaban belə cavab verdi: “Amerikada seçki prosesini yada salın. Rusiya bu cür proseslərdə həddindən artıq çox incə işləyir. Onlar maraqları çərivəsində istəmirlər ki, bu boru xətti çəkilsin. Amma sübut, dəlil olmadan belə şeyi də demək olmur. Maraqlar ancaq Rusiya ilə toqquşur. Bizim maraqlar İtaliya, Əlcazir və yaxud başqa bir ölkə ilə toqquşmur”.

    “Rəsmi Vaşinqton Cənb Qaz Dəhlizini həmişə dəstəkləyib”

    “Brayza qeyd edib ki, ABŞ-ın hələ Avropadakı enerji layihələri ilə bağlı strategiyası yoxdur. Brayza bununla nə demək istəyir” sualına gəlincə ekspert dedi ki, Brayza bununla nə demək istəyir bilmir: “Ancaq ABŞ admnistarsiya həmişə TANAP, TAP layihələrini dəstəkləyib. İstər neft, istərsə də qaz sahəsində biz dəstəkdən başqa heç nəyin şahidi olmamışıq. Hətta sonuncu dəfə ABŞ nümayəndə heyətinin İlham Əliyevlə görüşündə vurğulanmışdı ki, baxmayaraq ABŞ şirkətləri bu layihədə iştirak etmir, ancaq rəsmi Vaşinqton Cənub Qaz Dəhlizini həmişə dəstəkləyib”.

    Şamo EMİN, Hurriyyet.org