Rusiyanın yeni hoqqaları və xəritə oyunu nəyə hesablanıb? – DAHA ƏTRAFLI ŞƏRHDƏ

390

Saat Bizim Xeyrimizə İşləyir!!!

Gündəm Rusiya sülhməramlı qüvvələri ilə bağlıdır.

Narahatlıq var.

10 noyabrdan sonra ilk mövqeyimizdə biz səbirlə Azərbaycan və Türkiyə dövlətlərinin yürütdükləri siyasətə güvəndiyimizi bəyan edərək bildirdik ki, təmkinlə gözləmək lazımdır.

Bu münaqişə bir günün, üç günün məsələsi deyil axı, 30 ilə yaxın yaşı var. Müstəqilliyimiz qədərdi yaşı… Bəzən hərbi, bəzən diplomatik mücadilə apararaq, qələbə qazanacağıq.

Həqiqətən də, son bir ayda itkimiz olmadan 3 rayonun azad edilməsi böyük siyasi uğur idi. Və açığı etiraf edək ki, rus hərbçilərinin kiçik pozuntuları, Kəlbəcərin azad edilməsində yaranmış 10 günlük gecikməni nəzərə almasaq, 10 noyabr sazişini İNDİKİ DURUMDA diplomatik uğur kimi qiymətləndirmək olar.

Bəli, narahatlıq başa düşüləndir, rus qapıdadır.

Amma sual edirəm, 30 ildi, rus Qarabağda deyildi? Erməni özbaşına orada idi? Biz əvvəldən bilirdik ki, kimə qarşı savaşırıq. Artıq maraqlar açıq kartla oynanılır. Rusiyanı illərdi, məcbur edə bilmirdik güzəştlərə. İndi isə vəziyyət və siyasətin saatı bizim xeyrimizə , rusun əleyhinə işləyir. Rusiya sadiq tərəfdaşını ayağı altına aldı, rusun faktiki olaraq, Türkiyənin bölgəyə güc kimi daxil olmasına, Bakıda hərbi paradda qalib tərəf kimi iştirak etməsinə razı olmaqdan başqa çarəsi qalmadı.

Maraqları tərəfdaşından ağır gələn Rusiya eyni zamanda, bu hərəkətilə Abxaziya və Osetiya üçün də eyni mesajı verdi, lazım gələndə meymun balasını ayağının altına alar.

Əlbəttə, sadəlövhcəsinə düşünmək ki, Rusiya münaqişəyə heç müdaxilə etməyəcək və loyal münasibət göstərəcək, xəyalpərəstlik olar. Rusiya zəif görünsə belə, hələ ki, regionda soz deyəcək gücdədir. Bu söz əvvəlki illərdən xeyli zəif ola bilər, lakin eşidiləcək dərəcədir. Heç şübhə yox ki, saat əqrəbi bu minvalla fırlansa, o söz bir gün bu regionda bitəcək.

İş o yerə çatıb ki, sadiq ruscu olan Orta Asiya türkləri də Təhlükəsizlik müqaviləsini bir kənara qoyub, Türkiyənin təzyiqi altında Azərbaycana açıq-aşkar siyasi dəstək verdilər. Bu, ruslarda qıcıq yaratsa da, görməzdən gəldilər.

Putin Rusiyası xarici və iqtisadi geriləməsinə baxmayaraq, imperialist məqsədlərindən əl çəkmir, təəssüflə SSRİ-nin dağılmasından danışır, telekanallarında “böyük Rusiya, ura!” – kimi sərsəm fikirlər səsləndirirlər və s. İqtisadi çöküş yaşayan “Şimal ayısı” bütün gücünü hərbə yatırır, Liviyadan, Suriyadan, Qarabağdan səsi gəlir. Hələ də SSRİ-ni bərpa etmək kimi xəyallarla yaşayır və bu ölkələrdə ara qatmaq, çaxnaşma salmaq niyyəti güclüdür.

Azərbaycanda 200 ildir başlayan 20 yanvar və Xocalıda şiddətlənən Rusiyaya nifrət və qəzəb ayının özünə də məlumdur.

Rusiya bu nifrəti öz xeyrinə çevirmək və savaş zamanı yumruq kimi birləşmiş xalqı parçalamaq niyyətindədir.

Heç şübhəsiz, yeni xəritə oyunu və hoqqası buna hesablanıb.

Məqsəd ortalığı qarışdırmaq, bu gün Azərbaycan ictimaiyyətində ruspərəst iqtidar, ölkə maraqlarını rusa satmış Prezident obrazı yaratmaqdır.

Çünki bu savaşda düşmənlərin hesablamadığı bir məsələ var idi – ölkədə milli, siyasi həmrəyliyin dəmir möhkəmliyini düşünmürdülər. Ona görə də bu çaxnaşma ən çox rusa sərf edər, bu aydındır. Biz də bu baxımdan vətəndaşlarımıza müraciət edirdik ki, təmkinli olsunlar. Laçında erməni ailələrini saxlamaq, koridorda bəzi hoqqalar, Araiklə şəkillər ikibaşlı oyununun parçasıdır.

Həm ermənilərə “baxın, sizin xilaskarınız bizik, buradayıq” deməklə, faktiki erməniləri satdığını ört-basdır etmək, həm dünyaya “mən istəsəm, hələ regionda at oynadaram” – mesajını vermək, həm Azərbaycan ictimaiyyətini qıcıq etmək.

Lakin heç sirr deyil ki, bu oyunlar böyük effekt verə bilməz. Yeni Qafqazın inşa olunduğunu neçə vaxtdır, yazırıq efirlərdə səsləndiririk, xüsusilə qeyd edirik ki, bu inşanın memarı Azərbaycan və Türkiyədir – Rusiyasız.

Qeyd edim ki, Paşinyan Ermənistanının son addımları da həmin gələcək günə hesablanıb. Çoxbilmiş erməni təfəkkürü zəifləyən rusu yaxşı sezir, russuz Qafqazda türk gücünə qarşı özünü tək görmək istəmir. Məhz bu səbəbdən hələ ki nəfəsi yetən rus ayısından daha çox faydalanmaq istədi. Amma çi fayda…

Qələbəmiz labüd idi.

Paşinyan danışığa hazır olduğunu, Qarabağdan tamamilə əl çəkdiyini gizlətmir. Danışıqlar davam edir və həm Azərbaycan, həm Türkiyə ilə bir masada oturacağını xəyal etdiyini belə erməni lider açıqca söyləyir.

Ona “düşük”, “təlxək” kimi ağır təhqirlər söyləyən Azərbaycan Prezidentinin sözlərini udur və əsil erməni xislətiylə hər cur bicliyi işə salıb, siyasi karla vəziyyətdən cixmaq istəyir.

Regionda hər kəs öz əlinə oynayır. Bu, sirr deyil.

Doğrudur, bəzi erməni müxalifətçiləri hələ də axmaq kimi əllərində silah oyun pozmağa cəhd edirlər, amma bu cəhd nə ruslar, nə də rəsmi Ermənistan tərəfindən dəstəklənir. Oyun o zaman pozula bilər ki, butun tərəflər gedişatdan narazı qalsınlar.

Xüsusən də, qalib tərəf kimi biz sazişin bütün bəndlərinə əməl olunmasını gözləyirik. Mehri ərazisindən bizə qatar yolu dəhlizinin təmin edilməsindən başlayaraq, Qazaxın 7 kəndinin azad olmasından digər məsələlərə qədər…

Zənnimcə, rusun ortaya atdığı oyuncaq yeni xəritə Azərbaycan rəsmilərini bir o qədər narahat etmir, amma əsəbiləşdirir. Bu xəritənin bir kağız parçası olmasını Azərbaycan rəsmiləri vurğuladılar. Yeni oyuncaq xəritə ilə yanaşı, bəzən silah səsi də eşidilir. Ara-sıra eşidilən silah səsləri bizim, masanın aparıcı və güclü tərəfi kimi, maraqlarımıza xidmət etməlidir.

Bir məqama toxunmaq istəyirəm, istər sülh, istər savaş olsun, nəticənin bizim xeyrimizə olacağına şübhə yoxdur. Xalqımız narahat olmalıdır, amma ajiotaja yer yoxdur.

10 dekabr Zəfər paradını unutmayın.

10 dekabr həm də Türkiyənin Ümumqafqaz təhlükəsizlik konsepsiyasının qarantı olduğunun isbatı idi.

Durumun bizim xeyrimizə olması ilə bağlı mən regionda böyük dövlətlərin iqtisadi maraqlarından tutmuş, güclü hərbimizə qədər çox sayda dəlil saya bilərəm, ancaq bütün bunları bir cümlə ilə ifadə edirəm:

Saat bizim xeyrimizə işləyir! \\Konkret.az