“Rusiyanın yaratdığı presedent bizim kimi ölkələr üçün pis nümunə ola bilər” RÖVŞƏN AĞAYEV

309

“Alllah özəl sektor üçün ciddi maraq doğurmayan hansısa bank, dövlət şirkətini bu aralar Neft Fondumuzun gözündən uzaq eləsin”

“Rusiyanın özü üçün bəlkə yaratdığı presedent problem deyil, amma istifadə etdiyi təcrübə bizim kimi ölkələr üçün pis nümunə ola bilər. Rusiya hökuməti Neft (Rifah) Fondundan 25 mlrd. USD ödəməklə “Sberbank”ın səhmlərinin 50%-ni Mərkəzi Bankdan aldı”. Hurriyyet.org xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

O qeyd edib ki, bir vaxtlar neftdən yaxşı pul qazandıqları vaxtı hökumət özü büdcə qaydaları çərçivəsində Rifah Fondundan istifadəyə limit qoydu: “Məsələn, Fondun vəsaitləri ÜDM-nin 7%-ni ötdüyü halda kapital xərcləri, aktivlərin alınması üçün istifadə edə bilər. Eyni zamanda, növbəti ilin proqnozlaşdırlan ÜDM-nin 3.7%-dəni çox Fonddan dövlət büdcəsinə transfert edilə bilməz. Yaxud neftin qiymərinin hər barrel üçün 42.5 dollardan artıq hissəsi büdcəyə götürülə bilməz – Fonda getməlidir. Yəni bir tərəfdən büdcə üçün neft gəlirlərindən istifadə limit var, o tərəfdən də Neft Fondundan istifadəyə. Belə baxanda çox yaxşı büdcə qaydasıdır, amma gərək böyründən yan keçmək üçün imkanlar da qoymayasan. Əgər qaydalara kələk gəlmək üçün başqa hüquqi imkanlar da varsa, onda yaxşı qaydanın əhəmiyyəti itir”.

İqtisadçı ekspertin sözlərinə görə, indi yerli mütəxəssislər deyir ki, Neft Fondunun vəsaitlərini büdcəyə cəlb etmək üçün dövlət qurumlarının öz aralarında dövlət mülikiyyətində olan müəssisə və şirkətlərin əl dəyişdirməsi təcrübəsi yaranır: “Bu sövdələşmə nəticəsində Mərkəzi Bankdan həmin pul yenə büdcəyə qayıdacaq, çünki Mərkəzi Bank özünün mənfəətinin 75%-ni hər il büdcəyə ödəyir. Beləcə neft pullarından istifadəyə öz əllərilə qoyduqları qadağalardan yan keçmək üçün labirintvari mürəkkəb sxemlər qurmaq da problem deyilmiş. Alllah bizi belə pis təcrübələrdən qorusun. Özəl sektor üçün ciddi maraq doğurmayan hansısa bank, dövlət şirkətini bu aralar Neft Fondumuzun gözündən uzaq eləsin”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org