“Rusiyanın vasitəçi kimi təklif etdiyi şərtlər bizim əleyhimizədir”

114

Məhəmməd Əsədullazadə: “Azərbaycan XİN Lavrovun bəyanatına cavab verməli və belə şərtlərin qəbuledilməz olduğunu vurğulamalıdır”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Mili Məclisin sədri Sahibə Qafarova ilə görüşdə beş rayonun qaytarılmasını, kommunikasiyaların açılması və sülhməramlı qüvvələrin yerləşdirilməsini qeyd etdi.

Lakin Lavrov beş rayonun qaytarılması əvəzində Qarabağın statusunun və digər rayonların taleyinin necə olacağını bildirmədi”. “Hürriyyət” xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, burada əsas plan beş rayon əvəzinə sülhməramlı qüvvələrin yerləşdirilməsi və Ermənistanla sərhədlərin açılmasıdır: “Bu planda Kəlbəcər, Laçın və Qarabağa toxunulmur. Rusiyanın sülhməramlı qüvvələrinin buraya yerləşdirilməsi bütövlükdə Qarabağın Azərbaycandan alınması deməkdir və Azərbaycan bununla da öz ərazi bütövlüyünü hərbi yolla həllini üzünə bağlayır.

Göründüyü kimi, Sergey Lavrovun bu təklifləri Ermənistanın təklifkəridir. Ermənistan 5 rayon əvəzinə Qarabağa müstəqillik tələb edir”. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, Azərbaycan XİN Lavrovun bu bəyanatına cavab verməlidir və belə şərtlərin Azərbaycan üçün qəbuledilməz olduğunu vurğulamalıdır: “Göründüyü kimi, Rusiyanın yanaşması budur. Burada əsas məqsəd Qarabağ və iki rayonun Azərbaycandan qoparılması, Rusiya “sülhməramlı” qüvvələrinin yerləşdirilməsidir. Azərbaycan qəti şəkildə ərazilərin qaytarılması şərti ilə Qarabağa ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət verəcəyini bəyan edib. Rusiyanın vasitəçi kimi təklif etdiyi şərtlər bizim əleyhimizədir və Azərbaycan hazırkı kursunu davam etdirib, əraziləri istənilən variantla geri almalıdır. Qeyd edim ki, Rusiya bu təklifi Türkiyə ilə də müzakirə edəcək”.

Vazeh BƏHRAMOĞLU