Rusiyanın Türkiyə ilə Yunanıstan arasında vasitəçilik təklifi…

147

Yenidən SSRİ-ni bərpa etmək arzusu ilə alışıb-yanan Kreml nəyin bahasına olursa-olsun Türkiyənin qarşısını almağa çalışır

Zaur Məmmədov: “İndiki məqamda Yunanıstan həm Rusiya, həm də NATO-nun müəyyən təsir və təzyiqlərinə məruz qala bilər”

“Yaxın vaxtlarda Türkiyə ilə Rusiya və digər geosiyasi qüvvələr arasında Aralıq dənizinin bölüşdürülməsinə dair dialoqun şahidi olacağıq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünlərdə Cənubi Kipr Yunan Respublikasının prezidenti Nikos Anastasiadis ilə görüşüb. Onlar Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında yaşanan və hər ötən gün bir qədər də artmaqda olan gərginliyi müzakirə ediblər. Bu zaman Sergey Lavrov ölkəsinin Şərqi Aralıq dənizində yunanlara kömək edə biləcəyini açıq şəkildə bəyan edib. Belə ki, “Aralıq dənizindəki vəziyyət bizi narahat edir. Türkiyə Respublikası ilə əlaqələr baxımından dialoqun başladılmasına yardım eləməyə hazırıq” deyən Rusiyanın xarici işlər naziri bildirib ki, mümkün dialoq praqmatik olmalı və qarşılıqlı mənfəətlər ilə həll yolunun tapılmasına əsaslanmalıdır: “Ədalətli və beynəlxalq hüquqa uyğun bir həll yolu tapılmalıdır”.

Lavrov həmçinin, onu da əlavə edib ki, Rusiya ABŞ-ın tərəfləri biri-birinə qarşı qoymasından narahatdır: “Birləşmiş Ştatların Aralıq dənizinin şərqində baş verən gərginlik fonunda ölkələri bir-birinə qarşı qoyması və “bizimlə olmayan, bizə qarşıdır” siyasətini yürütməsi Moskvanı narahat edir”. Onun sözlərinə görə, Kiprlə bağlı danışıqlar yenidən başlanılmalı və tamamlanmalıdır: “BMT tərəfindən qəbul olunan qərarların həyata keçirilməsi, Kiprin yunan tərəfi ilə türk tərəfi arasında danışıqların yenidən başlamasının və tamamlanmasının tərəfdarıyıq”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Türkiyə hökuməti bu ilin iyununda Aralıq dənizinin, Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq, geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir. Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanların birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir. Tərəflər arasında fikir ayrılığı isə 1974-cü ildə Kiprdə adanın Yunanıstana anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb.

Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr-Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

NATO Türkiyə ilə Yunanıstan arasında hərbi gərginliyin qarşısını almağa çalışır

Bu arada, NATO-nun baş katibi Yens Stoltenberq bir neçə gün öncə verdiyi açıqlamada bildirib ki, rəsmi Ankara və Afina Şimali Atlantika Alyansında görüşlərin keçirilməsi üçün razılıq veriblər: “Türkiyə və Yunanıstan liderləri ilə apardığım danışıqların nəticəsi olaraq, iki ölkə Şərqi Aralıq dənizində hərbi qarşıdurmanın önünü almaq və hadisələrin riskini azaltmaq üçün NATO-da texniki görüşlərin keçirilməsi məqsədilə razılıq veriblər”. Türkiyə və Yunanıstanı “iki mühüm müttəfiq” olaraq dəyərləndirən Yens Stoltenberq NATO-nun ortaq təhlükəsizliyə təsir edən məsələlər üçün mühüm müşavirə platforması olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, NATO həmrəylik üçün gərginlikləri həll etmək məqsədilə bütün müttəfiq ölkələrlə yaxın təmaslarda qalmaqda davam edəcək. Türkiyə Müdafiə Nazirliyindəki mənbələrdən “Reuters” agentliyinə verilən informasiyada isə deyilir ki, NATO qərargahında Türkiyə və Yunanıstan rəsmiləri arasında Aralıq dənizinin şərqində hərbi gərginliyin qarşısını almaq üçün danışıqlar cümə axşamı keçiriləcək. Bu barədə ordu.az-ın xəbərinə görə, keçən həftə NATO-nun baş katibi tərəfindən elan edilən danışıqlar ötən ay Yunanıstan və Türkiyə hərbi gəmiləri arasında baş verən hadisələrdən qaynaqlanan gərginliyin qarşısını almağı hədəfləyir. İki NATO üzvünün hərbi nümayəndə heyəti ötən həftə ilk təmasdan sonra ittifaqın Brüsseldəki qərargahında çərşənbə axşamı günü danışıqlar aparmalı idi, ancaq türk mənbələri görüşün cümə axşamı gününə qədər təxirə salındığını söyləyir.

Şərqi Aralıq dənizində gərginlik pik nöqtəyə çatmaq üzrədir, hər an insidentin savaşın şahidi ola bilərik

Bir qədər öncə də diqqətinizə çatdırdığımız kimi, artıq Şərqi Aralıq dənizində gərginlik pik nöqtəyə çatmaq üzrədir. Yəni hər an Türkiyə ilə Yunanıstan arasında insidentin savaşın şahidi ola bilərik. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin iclasında Şərqi Aralıq dənizində fəaliyyətdə olan “Oruç Reis” gəmisini mühafizə edən döyüş gəmilərinə ilk atəşi açmama, lakin qarşı tərəfdən hər hansı həmlə gələcəyi təqdirdə lazımı tədbirləri görmək istiqamətində təlimat verməsi mövcud durumun nə qədər gərgin olduğunu bir daha təsdiqləyir. Onu da qeyd edək ki, iclas zamanı Yunanıstanın və bu ölkəyə dəstək verən Fransanın Şərqi Aralıq dənizi, eyni zamanda Egeydə yaşanan prosesləri BMT-nin Təhlükəsizlik Şurasına bildirmək cəhdləri də əhatəli şəkildə dəyərləndirilib. Daha sonra BMT-nin bu tərz mövzularda mövqe sərgiləmədiyi, bu mövzuların diplomatik yolla həllinə tərəfdar olduğu nazirlərin diqqətinə çatdırılıb.

Kreml üzdə Ankara ilə xoş münasibətlər qursa da, altdan-altdan öz işini görməkdədir

Beləliklə, heç kimə sirr deyil ki, son zamanlar bir sıra mühüm məsələlərdə Türkiyə ilə ortaq hərəkət edən, hətta rəsmi Ankara ilə strateji tərəfdaş olmağa hazır kimi görünən Rusiya da qardaş ölkənin Aralıq dənizində qazma işləri aparmasından narahatlıq keçirir. Çünki bu zaman Türkiyə enerji asılılığını ciddi şəkildə azalda, hətta buna son verə bilər. Nəticədə, dünya arenasında həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən indikindən qat-qat güclü Türkiyə peyda ola bilər. Bu isə Rəcəb Tayyib Ərdoğanın 2023-cü ilə dair planlarını rahatlıqla həyata keçirməyə yardım edəcək. Məhz buna görə də yenidən SSRİ-ni bərpa etmək arzusu ilə alışıb-yanan Kreml nəyin bahasına olursa-olsun Türkiyənin qarşısını almağa çalışır. Düzdür, Rusiya hələlik bunu açıq-aşkar şəkildə nümayiş etdirməsə də, Moskvanın həm Cənubi Qafqazda, həm Yaxın Şərqdə, həm də Aralıq dənizində atdığı məlum addımlar belə deməyə əsas verir ki, Kreml üzdə Ankara ilə xoş münasibətlər qursa da, altdan-altdan öz işini görməkdədir. Belə olan halda Sergey Lavrovun ölkəsinin Türkiyə ilə Yunanıstan arasında vasitəçilik təklifi heç cür qəbuledilən deyil.

“Yunanıstan və Türkiyə bir-biri ilə NATO çərçivəsində danışıqlar aparsalar daha məqbul sayıla bilər”

Mövzu ilə bağlı mövqeyini “Hürriyyət”lə bölüşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə bildirdi ki, Yunanıstan və Türkiyə bir-biri ilə NATO çərçivəsində danışıqlar aparsalar daha məqbul sayıla bilər: “Bildiyiniz kimi, Rusiya Türkiyə ilə Yaxın Şərqdə öz fəallığı ilə seçilən ölkələrdəndir. Onu da qeyd edim ki, son zamanlar Rusiya və Türkiyə arasında Liviya, o cümlədən Suriya məsələsində maraqların üst-üstə düşməsinin şahidi oluruq. Belə təqdirdə, Rusiyanın əslində Yunan Kipri ilə Türkiyə arasında vasitəçi rolunu oynamaq istəyi normal qarşılanmalıdır. Lakin vurğulamaq lazımdır ki, Yunanıstan və Türkiyə NATO-ya üzv olan ölkələrdir. Bu halda isə onlar bir-biri ilə NATO çərçivəsində əməkdaşlıq etsələr, danışıqlar aparsalar daha məqbul sayıla bilər. O da məlumdur ki, artıq NATO tərəfindən Türkiyə ilə Yunanıstan arasında olan münaqişəyə dair dialoqun keçirilməsinin vacibliyi haqqında çıxışlar edilib”.

Türkiyənin Şərqi Aralıq dənizində təbii qaz və neft axtarışlarına başlamasından sonra bir çox ölkələrin bölgədə fəallaşdığını vurğulayan politoloqun sözlərinə görə, burada Rusiyanın da öz maraqları var: “Onlar həm Avropa ölkələri, həm də Rusiya və digər ölkələrdir. Təbii ki, Rusiyanın da öz maraqları var. Buna görə də yəqin ki, yaxın vaxtlarda Türkiyə və Rusiya arasında fəal şəkildə dialoqun şahidi olacağıq. Eyni zamanda, bu dialoq digər geosiyasi qüvvələr arasında da olacaq və burada söhbət Aralıq dənizinin bölüşdürülməsindən gedəcək. Rusiyanın vasitəçiliyinə gəlincə, qeyd etməliyəm ki, Moskvanın Yunanıstana təsiri yetəri qədərdir. Bir neçə il öncə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-red.) Yunanıstanın qaz operatoru DESFA şirkətini özəlləşdirməsi zamanı yaranmış böhranda da biz bu təsirləri gördük. Odur ki, indiki məqamda Yunanıstan həm Rusiya, həm də NATO-nun müəyyən təsir və təzyiqlərinə məruz qala bilər. Hər halda Rusiyanın da öz istəkləri var. Odur ki, burda Türkiyə ilə digər ölkələrin bazarlığından söhbət gedəcək”.

Vazeh BƏHRAMOĞLU