“Rusiyanın tək çıxış yolu Qarabağ məsələsində güzəştə getmək idi”

441

Vüqar Məmmədov:  “Biz sadəcə olaraq, böyüklərin anlaşmasından öz xeyrimiz üçün istifadə edirik”

“Qarabağ müharibəsinin başlaması Moskva ilə Ankaranın strateji maraqlarının uzlaşdığı dönəmə düşür”

“Naxçıvan dəhlizi Türkiyənin Azərbaycan üzərindən Orta Asiya və Çinə çıxışını təmin edir ki, bu da gələcəkdə oradakı türk dövlətlərinin də Turan Birliyi projesində rol almasına səbəb ola bilər”

“İnsanlar elə zənn edir ki, 44 günə torpaqları azad edə bildiksə, 10-15 günə əhalini də yerləşdirmək olar…”

 Bugünkü sayımızda “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovla yanvarın 11-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş, yekunda bölgədəki vəziyyətin inkişafına dair imzalanan birgə bəyanat, müharibənin dayanmasından sonra açıq qalan problemlərin həlli istiqamətində atılacaq addımlar, Ermənistanın Rusiya, Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə, Rusiyanın Ermənistan və Türkiyə ilə birbaşa dəmiryolu əlaqəsinin faydaları, Türkiyə-Azərbaycan-Pakistan hərbi ittifaqının mümkünlüyü, rəsmi Ankaranın Moskva bəyanatına səssiz qalma səbəbləri, o cümlədən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması və digər mühüm mövzularla bağlı söhbətləşdik.

– Vüqar bəy, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünü necə dəyərləndirirsiniz? Sizcə, bu görüş bizə nə verdi?

– Hesab edirəm ki, bu sualı cavablandırmazdan öncə Azərbaycanın, eyni zamanda Rusiya, Türkiyə, Ermənistan və Minsk Qrupunun həmsədri olan digər ölkələrin Qarabağ müharibəsindən nə qazandığına və ya nə itirdiyinə baxmaq lazımdır. Çünki yanvarın 11-də baş tutan Moskva görüşünü yaradan səbəblər mövcuddur. Odur ki, düzgün və ətraflı fikir bildirmək üçün daha öncəyə nəzər salmaqda fayda var. Qənaətimcə, 30 ildən sonra müharibənin başlaması Rusiya və Türkiyənin strateji maraqlarının uzlaşdığı bir dönəmə düşür. Bundan başqa, ABŞ prezidenti Donald Trampın hakimiyyətdən getməsi, yerinə Co Baydenin gəlməsi də məhz bu dönəmə təsadüf edir. Məlumdur ki, Baydenin Trampdan fərqli olaraq, Çinə bir qədər loyal, Rusiyaya isə daha kəskin münasibət bəsləyəcəyi indidən bəyan edilir. Eyni zamanda, həmin münasibət Türkiyə üçün də sərgilənəcək. Gördüyünüz kimi, demokratlar Trampın əliylə sanksiyalar tətbiq etdilər. İndi isə ABŞ-ın yeni prezidenti demokratların nümayəndəsi olduğundan və onlar Senatda söz sahibi olduğundan, Türkiyə ilə hər hansı anlaşma baş verməzsə, o zaman ola bilsin ki, Bayden dönəmində bu sanksiyalar daha da sərtləşəcək. Bütün bunlar isə öz növbəsində, Rusiya ilə Türkiyəni strateji maraqlar baxımından ortaq hərəkət etməyə, anlaşmaya gəlməyə vadar edir. Hesab edirəm ki, hər iki ölkə gələcəkdə onlara qarşı tətbiq edilmə ehtimalı olan sanksiyalardan necə qorunmaq, onun təsirlərini azaltmaq barədə düşünürdülər. Odur ki, hər ikisinin mövqeyi üst-üstə düşdüyü üçün onlar razılaşma əldə etdilər. Bundan sonra isə Qarabağ müharibəsinin başlamasına imkan verdilər. Təbii ki, Rusiya Qarabağı açıq şəkildə nə Ermənistana, nə də Azərbaycana verə bilərdi. Bu halda Moskva tərəflərdən birini itirə, əlaqələri pozula bilərdi. Bu səbəbdən də ən optimal çıxış yolu müharibənin başlaması idi. Nəticədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və işğal altında olan ərazilərimizi azad etdi.

Məlumunuzdur ki, Rusiyanın Ukraynadan keçən qaz xətti kəsildi, Aralıq dənizindən keçən boru xətti də bağlandı. Bununla da demək olar ki, Rusiyanı blokadaya salmışdılar. Rusiya Türkiyə ilə Suriya və Liviyada müəyyən anlaşma əldə etmişdi, lakin bu, Moskvanın qaz xəttlərinin Türkiyə ərazisindən Avropaya keçməsi üçün Ankaranı razı salmağa yetərli deyildi. Buna görə də Rusiya Türkiyənin elə bir yerindən yapışmalıydı ki, o, ağrı hiss edib razılığa gəlsin. Yaxud da Ankaraya elə bir təklif irəli sürməliydi ki, o, buna ikiəlli razılaşsın. Burada bir haşiyə çıxım ki, 1997-ci ildə Türkiyə ilə Rusiya arasında bağlanan müqaviləyə görə, 1000 kubmetr təbii qazın qiyməti 250 dollardan hesablanırdı və bu qiymət dəyişməz qalırdı. Sonradan qazın qiyməti 120 dollara qədər ensə də, Türkiyə həmin müqaviləyə əsasən qazı baha qiymətə – 250 dollara almağa məcbur idi. Çünki bağlanan müqavilələr bunu diqtə edirdi. 2021-ci ildə bu müqavilələr bitdiyi üçün təxminən, 2-3 ay öncə Türkiyə Rusiyan qazının 60 faizindən imtina etdi və alternativ kimi Azərbaycana üz tutdu. Bununla da yavaş-yavaş Rusiyanın Avropa ilə qaz, enerji əlaqələri kəsilirdi. Bu halda Rusiyanın ancaq bir çıxış yolu qalırdı ki, o da “Türk axını” qaz boru kəməri idi. Bir qədər əvvəl də qeyd etdiyim kimi, bunun üçün isə Rusiya Türkiyənin elə bir yerindən yapışmalı və ya elə bir təklif verməliydi ki, onu razı sala bilsin. Məhz bu vaxt Qarabağ məsələsi daha da aktuallaşdı. Beləliklə də nəfəsliyi tam şəkildə tutulmaq üzrə olan Rusiya tək çıxış yolu olan Türkiyə ilə anlaşmaq üçün Dağlıq Qarabağ məsələsində Ankaraya güzəştə getdi. Ermənistana gəlincə, Dağlıq Qarabağ onun üçün elə də önəmli deyildi və bu illər ərzində ordan demək olar ki, elə də ciddi qazancı olmadı. Ümumiyyətlə, bu illər ərzində Emənistanın itirdikləri qazandıqlarından daha çoxdur. Yəni Azərbaycan və Türkiyə ilə əlaqələri normal, sərhədləri açıq olsaydı, onda boru xəttləri, strateji əhəmiyyətli layihələr Gürcüstandan yox, Ermənistandan keçəcəkdi və bu zaman daha çox qazanc əldə edə bilərdi.

– Yəqin ki, Ermənistanda da bunu bilməyən yoxdur. O zaman nədən bu illər ərzində Azərbaycan və qardaş Türkiyə ilə münasibətlərin normallaşmasına çalışan olmadı?  

– Bildiyiniz kimi, bu gün Ermənistanda Nikol Paşinyanın partiyasını və digər bir-iki partiyanı çıxmaq şərtiylə, digər siyasi təşkilatlar göstərişi Kremldən alır, Rusiyanın diqtəsi ilə hərəkət edir. Bundan öncəki hökumətdə də Rusiyanın adamları təmsil olunduğu üçün Kreml Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı deyildi. Çünki Rusiya Qarabağ məsələsini bu günə, yəni nəfəsliyi kəsiləcəyi ana saxlayırdı. Beləliklə, Rusiya Türkiyə ilə anlaşma əldə etdi və bununla da Azərbaycana öz ordusunun gücü ilə erməni silahlı birləşmələrini Qarabağdan çıxarmağa imkan verdi. Nəticədə, Azərbaycan həm xalq-prezident birliyinə nail oldu, həm 7 rayonu azad etdi, həm də iqtidar Qarabağla bağlı vədinə xilaf çıxmadığını təsdiqlədi.

– Sizcə, Azərbaycan nədən Rusiya “sülhməramlılar”ının Dağlıq Qarabağda yerləşdirilməsinə razılıq verdi?

– 10 noyabr tarixində bəyanat imzalanarkən artıq Rusiya sülhməramlılarının gəlişi hazırlanmışdı. Onsuz da Ermənistanda Rusiya hərbi bazası vardı. Qeyd edim ki, Ordubad ərazisində Rusiya helikopterinin vurulması və ardınca Rusiya ordusunun dərhal Qarabağa gəlməsi o deməkdir ki, artıq ruslar ordadırlar. Yəni bu, bir daha böyüklərin anlaşmasının olduğunu sübut edir. Belə ki, anlaşma vardı ki, Azərbaycan hara qədər gedə bilər. Hesab edirəm ki, Dağlıq Qarabağı saxlamaqda əsas bir səbəb var. Bildiyiniz kimi, həmin ərazi Bakı-Tiflis-Ceyhan boru kəmərindən təqribən, 15-20 kilometr aralıdadır. Ötən ilin iyul ayında baş verən Tovuz hadisələri zamanı atılan raketlər də boru kəmərinin yaxınlığına düşdü və bununka da kəmər təhdid olundu. Onu da bildirim ki, Qarabağ müharibəsindən və 7 rayonun işğaldan azad edilməsindən sonra Rusiya ilə Türkiyə arasında “Türk axını” qaz kəməri ilə bağlı müqavilə imzalandı. Bununla da artıq Rusiya qazı Türkiyə üzərindən Avropaya çatdırılacaq. Bağlanmış müqaviləyə əsasən bu kəmərin illik ötürmə gücü 60 milyard kubmetr təşkil edəcək. Gələcəkdə isə miqdar 100 milyard kubmetrə qədər qaldırılacaq. Bu isə kifayər qədər ciddi vəsait deməkdir. Beləcə, Qarabağda Rusiya ilə yanaşı, Türkiyə ordusunun yerləşdirilməsi o deməkdir ki, artıq Dağlıq Qarabağ məsələsi tamamilə çözülüb. Bildiyiniz kimi, orta əsrlərdə şahlar övladlarını qonşu ölkələrə girov göndərirdilər ki, hücum etməyəcəyi mesajı kimi anlaşılsın. İndi Rusiya bizə məxsus olan Dağlıq Qarabağı əlində girov kimi saxlayır ki, sabah Türkiyə ilə arasında problem yaranarsa, “Türk axını” qaz xəttinin qarşısı kəsilərsə, onda Dağlıq Qarabağ məsələsini genidən aktuallaşdırsın. Rusiya Dağlıq Qarabağı tutduqdan sonra Naxçıvan dəhlizi də onların əlində olduğuna görə, Türkiyənin Orta Asiya və Çinə çıxışı yenidən əngəllənəcək.

– Əgər hər şey öncədən razılaşdırılmış ssenari üzrə gedirsə, onda nədən Türkiyə Moskva bəyanatına reaksiya vermədi, səssiz qaldı?

– Axı, nədən bəyanata reaksiya veməlidir?! Orda əsas müzakirə Naxçıvan dəhlizi ilə bağlı gedib. Bu dəhliz isə bizimlə yanaşı, Türkiyənin də marağındadır. Məhz bu səbəbdən də kapitulyasiya aktına imza atılarkən Naxçıvan dəhlizi ilə bağlı Türkiyə irəli sürmüşdü. Onu da qeyd edim ki, müharibə ərəfəsində Türkiyə mediası, telekanalları mütəmadi olaraq Naxçıvan dəhlizinin önəmini vurğulayırdılar. Çünki bu dəhliz Türkiyə ilə Azərbaycanı tam şəkildə birləşdirir, bundan başqa bu dəhliz qardaş ölkənin Orta Asiya və Çinə çıxışını təmin edir. Bu da gələcəkdə Orta Asiyadakı türk dövlətlərinin də Turan birliyi projesində rol almasına səbəb ola bilər. Bu isə Türkiyənin strateji maraqlarının təmin olunmasına və daha da güclənməsinə gətirib çıxaracaq. Buna görə də dünya statistikasında 2050-ci il üçün lider dövlətlər arasında Türkiyə artıq ilk onluqdadır. Baxın, Qarabağ müharibəsi yekunlaşdıqdan bir qədər sonra Türkiyə altılı platformanı ortaya qoydu. Bu formatda isə Türkiyə, Rusiya, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da yer ala bilər. Əgər bu baş verərsə, onda həm əhali, həm ərazi, həm də təbii sərvət baxımından böyük birlik yaranacaq. Bu birlik yaranarsa, onda Avropa Birliyini tamamilə nəzarətə götürə bilər. Çünki bu gün Avropa Birliyi qazdan və digər enerji resursları sarıdan asılı vəziyyətdədir. Bu resurslar isə Türkiyə, Rusiya, Azərbaycan və İrandadır. Yəni necə olursa-olsun Avropa bu doğanaqdan keçməlidir. Bu baxımdan, düşünürəm ki, bu məsələdə Azərbaycan, Türkiyə, Rusiya ilə yanaşı, Ermənistan da uddu. Hələlik bu məsələlərdə bir qədər az uduş əldə edən İran oldu. Lakin qeyd etdiyim altılıq formatı yaranarsa, onda İranın da maraqları nəzərə alınacaq.

– Moskva görüşündə ölkə başçısı İlham Əliyev Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, Nikol Paşinyan isə münaqişənin həll olunmadığını bildirib. Necə düşünürsünüz, Dağlıq Qarabağ ərazisində Azərbaycanın suverenliyi bərpa olunmadan münaqişənin keçmişdə qaldığını iddia etmək olar?

– Mən liderlərin müsahibələrinə diqqətlə qulaq asdım və qeyd edim ki, burda kifayət qədər maraqlı məqamlar var. Məsələ ondadır ki, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinlə yanaşı, Nikol Paşinyan belə, çox rahatdır. Çünki Putinin də dediyi kimi, Ərdoğan kişi adamdır, dediyinin üstündə durdu. Eyni sözü Ərdoğan da Putinin barəsində deyib. Baxın, Azərbaycan Türkiyənin, Ermənistan isə Rusiyanın qardaşıdır. Odur ki, biz sadəcə olaraq, böyüklərin anlaşmasından öz xeyrimiz üçün istifadə edirik. Yəni onlar böyük, biz isə kimik qazanc götürürük. Şəxsən mən İlham Əliyevin dedikləri ilə tam şərikəm. Qarabağ münaqişəsi artıq bitib, belə bir problem yoxdur. Burda ölkə vətəndaşlarını narahat edən odur ki, biz hadisələri bir qədər tələsdirməyə çalışırıq. Azərbaycan müharibəni uddu, 7 rayonu işğaldan azad etdi və bütün bunlar 44 gün ərzində baş verdi. İndi bizi narahat edən Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində qalması və bizim ora nə zaman yerləşməyimizdir. Mən tam əminəm ki, orda da Azərbaycan polisi olacaq, qanunlarımız işləyəcək və əhalimiz yerləşdiriləcək. Amma buna bir qədər vaxt lazımdır. Baxın, bizim 44 gün ərzində bu qədər ərazini işğaldan azad etməyimiz çoxunda təəccüb yaradıb. Hələ də bunan inana bilməyənlər var. İnsanlar elə zənn edir ki, 44 günə torpaqları azad edə bildiksə, 10-15 günə əhalini də yerləşdirmək olar. Bu isə mümkün deyil. Ermənilər 30 il ərazində həmin əraziləri viran qoyub, infrastrukturu tamamilə məhv edib, normal yaşayış üçün şərait yoxdur. Prosesləri tələsdirməyə çalışanların dediyindən belə çıxır ki, Bakıda, o cümlədən ölkənin digər şəhər və rayonlarında məskunlaşan məcburi köçkünlər xarabaya çevrilmiş ərazilərdə yerləşdirilməlidir. Axı, bu, mümkün deyil. Bunun üçün müəyyən zaman lazımdır.

– Vüqar bəy, bildiyiniz kimi, bugünlərdə ölkə başçısı media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Həmin fərmana əsasən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. Sizin yeni yaradılan agentlikdən gözləntiləriniz nədir? Bundan sonra mətbuata yanaşma tərzində, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, eyni zamanda qurumun özünün idarə üsulunda nəzərəçarpacaq müsbət addımlar atılacaq?  

– Hazırda “Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi parlamentə təqdim olunub. Təəssüf ki, əlimizdə hansı dəyişikliklərin edilməsi ilə bağlı bilgi olmadığından bəzi məsələlərə mövqe bildirmək çox çətindir. Qeyd edim ki, bir neçə gün öncə KİVDF-nin icraçı direktoru Əhməd İsmayılovla görüşdüm. Əhməd bəy bütün redaktorlarla görüşüb onların təklifləri ilə maraqlanır. Düşünürəm ki, həmin təkliflər ümumiləşdirildikdən sonra müəyyən nəticələrə gələcəklər. Burda məqsəd mətbuatı inkişaf etdirməkdən gedir. KİVDF bu günə qədər sübut etdi ki, mətbuatın inkişafından daha çox ayrılan vəsaitin mənimsənilməsi yönündə işləyiblər. Bu işin başında isə Əli Həsənov və Vüqar Səfərli dayanıb. Onların öz qəzetlərinə illik yardımlar ayırır, əsasən həmin qəzetlərin əməkdaşlarını mükafatlandırırdılar. Yəni prezidentin ayırdığı vəsaiti ancaq özləri üçün istifadə edirdilər. Lakin Əhməd bəy isə həm gənc kadr, həm də çirkaba batmayan təmiz adamdır. Həm bu amili nəzərə alaraq, həm də danışıqlarımızdan gəldiyim nəticə budur ki, mətbuatın inkişafı üçün geniş layihə hazırlanır. Məlumdur ki, ancaq vəsait ayırmaqla mətbuatı inkişaf etdirmək olmaz. Bununla yanaşı, mətbuatın iqtisadi müstəqilliyini də gücləndirilməlidir. Bunun üçün isə reklam bazarına formalaşmalıdır. Yəni çoxşaxəli konsepsiya hazırlanmalı və orda qeyd olunan bütün məqamların işləkliyi təmin olunmalıdır. Əks halda, artıq adı ləkələnmiş KİVDF-nin yerinə Medianın İnkişafı Agentliyinin yaradılmasının heç bir nəticəsi olmayacaq.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU