“Rusiyanın sakit razılığı fonunda xoşagəlməz hadisələr baş verir” – POLİTOLOQ

486

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz şəhid olub, bir nəfər isə yaralanıb. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Qeyd edək ki, bir müddət öncə də Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində erməni terrorçuları yenidən Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə hücumlar edib, nəticədə şəhidlər və yaralananlar var. Ordumuzun gördüyü müvafiq tədbirlər nəticəsində düşmən təxribatının qarşısı alınıb və Köhnə Tağlar və Çaylaqqalaya hazırda Azərbaycan nəzarət edir. 

Son olan hadisələr onu göstərir ki, Rusiya sülhməramlıları Qarabağda sülhü təmin etmir. Əksinə havadarı olduğu Ermənistana və tərkibində yaradılmış qondarma dağlıq qarabağ respublikasına dəstək verir. Xatırlatmaq istərdik ki, 10 noyabrda imzalanmış bəyannaməyə görə, rus sülhməramlıları Qarabağa daxil olan zaman, paralel olaraq erməni silahlı dəstələri əraziləri tərk etməlidir. Təəssüf ki, bəyyannamənin əksinə uyğun iş aparılır.

Mövzuyla bağlı Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli Hurriyyet.org-a bildirdi ki, Rusiyanın sakit razılığı fonunda xoşagəlməz hadisələr baş verir:

“Bu Rusiyanın planı ola bilər. Rusiya istəsə ən azı silahlı erməni dəstələr ərazilərdən çıxarıla bilər. Amma, görünür ki, Rusiya bunu etmək istəmir. Rusiyanın sakit razılığı fonunda xoşagəlməz hadisələr baş verir. Çünki, Rusiya istəmir ki, Qarabağ problemi həll olunsun. Qarabağ problemi həll olunduqdan, Azərbaycan və Ermənistan razılığa gəlib masaya əyləşib sülh əldə edildikdən, sərhədlər açıldıqdan  və diplomatik münasibətlər qurulduqdan sonra Rusiyanın nəyinki Qarabağda, ümuyyətlə Cənubi Qafqazda işi olmaz. Artıq, bütün məsələlər ortalığa çıxmaqdadır. Rusiya istəyirki Qarabağ problemi dondurulmuş vəziyyətdə qalsın. Çünki, istədiyi vaxt həmişə münaqişəyə müdaxilə etsin və lazım olanda orda gərginlik yaratsın. Rusiya Cənubi Qafqazda öz kimliyini qoruyub saxlamaq istəyir. Son hadisələrdən sonra Müdafiə Nazirliyi açıqlama verdi ki, bir daha bu cür hallar təkrarlanarsa, çox sərt şəkildə cavablandırılacaq. Bəyannaməyə görə, sülhməramlıların Qarabağda qalma müddəti beş il göstərilir. Amma, bu cür hallar davam edərsə, sülhməramlıların Qarabağdan çıxması mümkün ola bilər. Çünki, Rusiya tərəfkeş rolunda görənəcək. 10 noyabrda imzalanmış bəyannaməyə görə, rus sülhməramlıları Qarabağa daxil olan zaman, paralel olaraq erməni silahlı dəstələri əraziləri tərk etməlidir. Təəssüf ki, biz bunu görmürük. Rusiya sülhməramlıları bəyannamə imzalanan an daxil oldu. Amma, erməni silahlı dəstələri hələ də əraziləri tərk etməyib. Əksinə, rus sülhməramlıları onlarla şəkillər çəkir”.

YƏHYA