Rusiyanın Qarabağ siyasəti fiaskoya uğrayacaq

393

Qarabağ Abxaziya, Cənubi Osetiya və Donbas deyil…

Mömin müsəlmanın dilindən “bismillah” düşmədiyi kimi, Putin və Kremldən söz düşəndə gərək dilimizdən “Bismark” kəlməsi əskik olmaya. Almaniyanın ən məşhur kansleri 150 il əvvəl Rusiya siyasətinə tarixi diaqnoz qoyub: “Rusiya ilə istənilən saziş onun imzalandığı kağıza dəyməz”. Bu sitatı 10 noyabr üçtərəfli bəyanatından sonra azı 4-5 dəfə yada salmışam, amma yenə azdı… Savaş sonrasının 55-ci günü tamam oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu hərb meydanında bizi Zəfərə apardı. Qarabağ ətrafında yeni status-kvoya uyğun diplomatik manevrlər, masaüstü və altı oyunlar indi-indi qızışır. Rüstəm Muradov, Araik Arutyunyan, rus hərbçilərinin bitməyən təxribatı, separatçı bayrağı, Hadrut davası, Xudavəng monastırındakı toy, Kremlin həyasız ruporları, erməni təbliğatının hördüyü torlar, Putinin statusla bağlı qaranlıq fikirləri, bu fonda Azərbaycanda bəzi siyasətçi və təhlilçilərin üçtərəfli sənədin arxa tərəfinə “işıq tutmaları”, içimizi gəmirən şübhələr, erməni-rus oynuna qarşı radikal addım gözləntilərinə qarşılıq verilməməsi, Rusiyaya və İrana bağlı “5-ci kolon”un yenidən canlanması və s. əsəblərimizi tarıma çəkir.

 

Dumanlı siyasi durumdakı qələbə

Bir çoxumuz 10 noyabrda ilişib qaldıq. Elə oradan, o gündən indiki situasiyanı anlamağa çalışaq. Hakimiyyətin hansı mülahizələrlə üçtərəfli sənədə imza atdığını tam bilmirik. Atmaya bilərdimi? Ortalıqda fərqli təxminlər var: Birincisi, məcburi anlaşma. Hərbi əməliyyatları dayandırmasaydıq, Rusiya öz ordusunu yeridəcəkmiş, Xəzərdən Bakıya raket atacaqmış və s. hadisələr törədəcəkmiş.

İkincisi, adekvat reaksiya. Azərbaycan savaşı davam etdirsəydi, hərbi cinayətlərdə, etnik təmizləmədə, soyqırımda, cihadçılarla iş birliyində suçlanacaqdı. Həmçinin şəhid və yaralı sayının artması da hakimiyyəti qayğılandırmaya bilməzdi. Bu versiyanı ciddi saymayan bir müxalifət lideri fikrini belə əsaslandırır: “Genosid olmayandan sonra necə genosid deyəsən? Axı biz dinc əhalini qırmamışıq”. Türkiyə də “erməni soyqırımı olmayıb” deyir. Amma 100 ildir eşidən yoxdur. Fransa, Belçika, Niderland və Lüksemburq parlamentləri adımızı cihadçılarla qoşa çəkir. Və Qərbdə kimsəni bunun əksinə inandıra bilmirik.

Üçüncüsü, qaranlıq motiv. 10 noyabr bəyanatına qarşı radikal mövqe tutanlar hesab edir ki, Azərbaycana müdaxilə olmayacaq, münasibətlər gərginləşsə də, Rusiya bizə pislik etməyə çalışasa da, əsgərimiz məsələni bitirəcək, Xankəndi və qalan 4 rayon azad olunacaqdı. Bu versiyanı irəli sürənlərin məntiqinə görə, Rusiya qoşunlarını Azərbaycana qaytarmaq üçün sənədə imza atılıb. Fərziyyədən arqument çıxaran bu qrup hakimiyyəti xəyanətdə suçlayır və sosial şəbəkələrdən etirazlara çağırır…

 

Labirint dolanbacları və sozalmış işıqlar 

Qarabağ davası Azərbaycan-Ermənistan savaşı deyil, qlobal münaqişəyə apara biləcək regional qarşıdurmanın bir parçasıdır. Nəinki təhlil etmək və proqnoz vermək, situasiyanı oxumaq və anlamaq qəlizdir. Məsələn, Türkiyənin Cənubi Qafqazdakı roluna dair altı analiz-iddianı nəzərdən keçirək. Heç biri digəri ilə üst-üstə düşmür:

– Moskva və Ankara Suriya və Liviyada olduğu kimi Cənubi Qafqazda da oyunlarını davam etdirirlər. Bu, Putinin NATO müttəfiqlərini bir-birinə qarşı qoymaq planlarının bir hissəsidir. Qərbdəki ənənəvi müttəfiqləri ilə bir sıra əlaqələri pozulduqdan sonra Ərdoğan Türkiyənin nüfuzunun genişləndirilməsi üçün Putinlə iş birliyinin olduğu Cənubi Qafqazda və Liviyada yeni sahələr tapmağa çalışır. Bu, Putinin işinə yarayır.

Vaşinqtondakı Yaxın Şərq institutunun Türkiyə proqramlarının direktoru Söner Çağataya görə “Putinin böyük oyunu” belədir: NATO-nun ikinci ən böyük hərbi qüvvəsini ən böyük hərbi qüvvəsinə qarşı qoymaq – bununla da Şimali Atlantika blokunun birliyini pozmaq.

– Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə geosiyasi rəqabətə başlayıb. Qlobal oyunçuya çevrilmək üçün Liviya, Suriya və Aralıq dənizindən sonra, postsovet məkanında əsas söz sahiblərindən birinə çevrilməyə çalışır. ABŞ-ın 46-cı prezidenti Co Bayden Rusiyanı əsas strateji düşmən kimi gördüyü üçün Türkiyənin postsovet məkanında hərbi nüfuzunu artırmaq səylərinə dəstək verəcək.
– Ərdoğan türk ölkələrinin hərbi-siyasi blokunu yaratmaq istəyir. Bu fikir Rusiya dairələrində tirajlanır. Azərbaycanın Qarabağ savaşındakı qələbəsi fonunda Türkiyə “Böyük Turan” ideyasına fəal dəstək verir. Əgər Ankara əvvəllər “bir millət-iki dövlət şüarından istifadə edirdisə, indi “bir millət – beş dövlət”dən danışırlar.

– KAFKASSAM-ın başçısı, MHP-yə yaxın olan professor Hasan Oktay hesab edir ki, Türkiyə Qarabağ prosesində umduqlarını əldə etmədi: “Türkiyənin savaşa ehtiyacı vardı, türk ictimai rəyində ciddi sıxışıqlıq vardı. Bu savaşın Kiprdəki gərginlikdən dolayı Yunanıstanla olacağı ehtimalı vardı. Yunanıstanın AB üzvü və arxasında güclü dövlətlərin olması Türkiyənin savaş gündəmini başqa meydana, Qarabağa daşıdı. 44 gündə Türkiyədə işsizlikdən danışılmadı, aclıqdan danışılmadı, hökumətin bacarıqsızlıqlarından danışılmadı. Qarabağdan danışıldı. Bu Ərdoğana, hökumətə yaradı. 27 il sonra rus əsgəri Azərbaycana gəldi və rus əsgərinin nəzarətində olan Dağlıq Qarabağla üzləşdik. Fransanın Dağlıq Qarabağı tanıması prosesi söz qonusudur. Daha bir neçə dövlət gələcəkdə Dağlıq Qarabağı tanıma yönündə iradə bəyan edərsə, 44 günlük savaş Azərbaycan üçün Zəfər deyil, torpaqlarında ciddi anlamda yeni erməni dövlətinin qurulması prosesinin başlanğıcı olaraq anlaşılacaq… Dağlıq Qarabağda matçın birinci dövrəsi oynanılıb, ikinci dövrədə fərqli şeylərin olacağı gözlənilir. Arı pətəyinə çomaq soxulub və arılar dağılıb.

– Türkiyənin Moskvadakı keçmiş səfiri Ümit Yardım hesab edir ki, Rusiya Qarabağda qalmaq üçün təxribata, pis ssenarilərə gedə bilər: “İndiki tablonun formalaşmasında önəmli faktorlardan biri Türkiyə ilə Moskva arasında müsbət münasibətlərin olmasıdır, düzdür, mənim fikrimcə, münasibətlər elə də yaxşı deyil, amma bəzi mövzularda danışa bilirlər. Rusiya-Türkiyə, Ərdoğan-Putin münasibətləri belə davam etdikcə, Azərbaycan üçün bu, pozitiv ssenari olacaq. Qarabağ problemini həll etməsə də, daha vahiməli hala gətirməz. Mən Türkiyə ilə Rusiyanın iriçaplı savaşa girəcəklərini düşünmürəm. Düzdür, Türkiyə NATO ölkəsidir, amma onun da NATO ilə problemləri var. Hökumətimiz bir gün Pekinə, bir gün Moskvaya baxır, bir gün başqa ölkələrə baxır və ertəsi gün bir daha fikrini dəyişdirə bilir. Türkiyə böyük yalnızlıq içindədir. Türkiyəyə ən yaxın sayılan Tramp prezidentliyi boyunca aldığı qərarlarla Türkiyəni çətin vəziyyətə saldı. Yeni prezident Baydenlə işlərin daha yaxşı olacağını heç zənn etmirəm”.

 

Qarabağda “düyün” hədəfləri iddiası

Rusiyaya və onun “sülh” missiyasına münasibət xüsusi polemika mövzusudur. Rusiyaya işğalçı deyən siyasətçi ondan sülhməramlı kimi nəsə umur. Bir politoloq da ona qoşulub şikayətlənir ki, “Rusiya sülhməramlıları sülhü təmin etmir”. Başqa birisi: “Arayik meydan sulayır, Rüstəm Muradov hara baxır”.

Köhnə düşməndən təzə sülhməramlı olurmu? Axı Rusiya nataraz dövlətdir, normal dövlət deyil, sülhməramlı heç deyil. Və yaxud “sülh yaratmaq” Rusiya üçün hibrid (mələz) savaşdır. Hibrid savaşı klassik hərbi müdaxilədən fərqli olaraq gizli əməliyyatlar və kibersavaş yolu ilə müharibə olmadan, dinc şəraitdə də aparıla bilir. Rusiya “sülhməramlı” adı ilə qoşun yeritməklə (qoşun yeritmək Kreml klassikasıdır) bu savaşı təkmilləşdirib, hərblə sülhün sərhədini pozub. Yəni 10 noyabrda Putinin sülh üçün deyil, Rusiyanın geosiyasi maraqlarını təmin etmək üçün araya girdiyini Kremlin ruporları əvvəldən gizləmirdilər. Hərif Xankəndidə Azərbaycan bayrağı asacaq, Araiki həbs edəcək və erməniləri qovacaqdısa, Qarabağa niyə girirdi, imkan verərdi bu işi özümüz görərdik. Bir daha yada salaq: Rusiya noyabrın 9-da ona görə araya girdi ki, Azərbaycanın Zəfər yürüşünün önünü kəssin, Dağlıq Qarabağa Bakının tam nəzarətinə imkan verməsin və Azərbaycanın tam qələbəsi fonunda Ermənistanın fəlakətli sonunun qarşısını alsın. Putin İrəvanı xilas etdi və bu fonda başladı Rusiyanın köhnə “Qafqaz ssenarisi”ni təkrarlamağa. Həmin ssenari ilə 200 ildə bizi iki dəfə işğal edən, regiondan heç hara gorbagor olmayan Rusiya təbii ki, bir nömrəli düşməndir. Moskva son 30 ildə Ermənistanı önə çıxarmış və arxasında gizlənmişdi. 10 noyabrdan sonra dilə gətirmədiyimiz, amma ağlımazın bir kənarına yazdığımız düşmən sıralaması klassik görkəminə qayıtdı:

  1. Rusiya,
  2. İran,
  3. Ermənistan.

Azərbaycanın Rusiya kimi dövlətlə (və ya düşmənlə) quracağı oyun qaydası (formulu), qlobal və regional geosiyasi situasiyalardan necə bəhrələnməli olduğu, daxildə (cəmiyyət həyatının bütün qatlarında) və xarici siyasətdə qısa, orta və uzunvədəli perspektivdə tutacağı mövqe və atacağı addımlar barədə yerli və xarici ekspertlər pozitiv və neqativ təhlil və təxminlər ediblər, etməkdə davam edirlər.

Unutmayaq: Kiçik dövlətlər açıq kartlarla oynaya bilməzlər və sonadək dözümlü olmalıdırlar. Moskva ilə münasibətləri pozmağın Azərbaycana faydası yoxdur. Rusiya Qarabağda qurduğu “sülhməramlı” oynu ilə səbir və reaksiyamızı yoxlayır. Elə Putinin Rüstəm Muradov seçimi də təsadüfi deyil. Kreml bilməmiş deyil ki, tabasaranlılar Dağıstanda kumuklardan sonra Azərbaycan türklərinə ən yaxın ikinci xalqdır. Rüstəm-Arayik əhvalatı tabasaranlılarla dostluğumuza əngəl ola bilməz…

Bəzilərimiz istəyir ki, bu qəliz oyunda radikallaşaq, kartlarımızı göz önünə səpək. Azərbaycan manevrlərə getməli, manipulyasiya etməli, ikili oynamalı, milli maraqlarımıza cavab verirsə, geosiyasi spekulyasilardan qaçmamalıdır. İndi rus “lom”una qarşı necə fənd işlətmək üzərində yalnız biz deyil, bütün dünya baş sındırır. Bəlkə də dünya ilə birgə baş sındırmaq lazımdır. Amma bunu unutmamaq şərti ilə ki, yeganə dostumuz və həmdərdimiz Türkiyədir, heç bir Qərb ermənini buraxıb, bizim tərəfimizi tutmayacaq. Zəfərdən sonra işlər tam istədiyimiz kimi getməyə bilər, amma diz döyüb özünü çarəsiz hiss etmək, milli bədgümanlıq Kremlin və ermənilərin işinə yarayar. Şuşanı itirəndə yıxılmadıq, qaytarandan sonramı yıxılacağıq?

Rusiyanın Qarabağla bağlı iddia və ssenariləri ola bilər, amma əsas odur ki, biz bizim olandan vaz keçmərik. Bu, pafos, boş guruldama deyil, sadəcə milli haqqımızın təsbitidir: bizi 44 günlük savaşa məhz bu 30 illik vazkeçməmə gətirmişdi. Azərbaycan savaşdan sonra toparlandıqca, yaralarını sardıqca, azad olmuş torpaqlara qayıtdıqca, daxildəki problemlərdən qurtulduqca, Qarabağı ruslara dar etmək imkanlarımız genişlənəcək. Qarabağ Abxaziya, Cənubi Osetiya və Donbas deyil: ən azı o anlamda ki, ermənilərin revanşdan əl çəkməməsi və Azərbaycanın işinin yarımçıq qalması fonunda rus əsgəri burada iynə üstündə oturmuş kimi olacaq. Bu iki faktor digər qlobal və regional şərtlərlə birlikdə Rusiyanın Qarabağ siyasəti üçün fiaskonu qaçılmaz edir. Və axmaq fikirlərə nə qədər az məhəl qoysaq, həyatımız bir o qədər asan keçər…

Qəzənfər Həmidoğlu