Rusiyanın Qarabağ savaşından çıxardığı dərslər: Silahlı PUA-lara qarşı lazer sistemləri

414

Ermənilərin II Qarabağ savaşındakı məğlubiyyətindən sonra hərbi imici beş paralıq olan Rusiya lazer silahlarını təkmilləşdirməyə qərar verib.

Ovqat.com yunan nəşri Pentapostagm.gr-a istinadən xəbər verir ki, Rusiya hərbi sənayesi Türkiyənin “Bayraktar” PUA-larının üstünlüyünə son qoyacaq lazer sistemləri üzərində baş sındırır.

“Pentapostagm” nəşrinin hərbi mütəxəssislərinə görə, hazırda Rusiya lazer silahına sahib olan yeganə ölkədir. Eyni zamanda, rusiyalı mütəxəssislər pilotsuz uçan aparatlarla mübarizə üçün yeni lazer sistemlərinin yaradılması üzərində işi davam etdirirlər.

“Pilotsuz təyyarələr bu gün müharibə üçün ən geniş yayılmış silahlardan biridir. Rusiya isə bunlarla mübarizə üçün təsirli bir yol tapmağa qərar verdi. Moskva yeni bir lazer silahı yaratdıqdan sonra Türk “Bayraktar” PUA-larının effektivliyi və populyarlığı minimuma endiriləcək”,- deyə analitiklər düşünürlər.

Nəşrin bildirdiyinə görə, bundan əvvəl Rusiya Federasiyası Müdafiə nazirinin müavini Aleksey Krivoruçko, rus mütəxəssislərinin PUA ilə mübarizə üçün lazer sistemləri inkişaf etdirdiklərini söyləmişdi. Onun sözlərinə görə, yeni silahlar pilotsuz uçan aparatlarla yanaşı düşmənin optik və optik-elektron vasitələrinə qarşı da effektiv ola biləcək.