“Rusiyanın pomidor və alma idxalına qoyduğu qadağaya texniki məsələ kimi yanaşmaq düzgün deyil” – QUBAD İBADOĞLU

1224

“Embarqo davamlı olarsa, onda Azərbaycan da adekvat qərarlar qəbul etməli Rusiyadan ixrac mallarına qadağalar tətbiq etməlidir”

“Rusiyanın Azərbaycana qarşı başladığı pomidor “müharibəsi”nə dair verdiyim şərhin BBC və “Frans Press” agentliyi kimi nüfuzlu mətbu orqanlar tərəfindən də yayımlanması göstərdir ki, bu məsələ ciddi beynəlxalq rezonans doğurmaqdadır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

ADR Hərəkatının sədri qeyd edib ki, 2015-ci ildə rus təyyarəsini vurandan sonra Türkiyəyə qarşı tətbiq edilən embarqo hazırda başqa formada Azərbaycanın əleyhinə yönəlib: “Bəziləri Ermənistan və Özbəkistana qarşı da rus embarqosunun mövcudluğunu əsas göstərib bu məsələnin siyasiləşdirilməsinin əleyhinə olsa da, beynəlxalq ticarətin hazırda qlobal siyasətin əsas alətlərindən birinə çevrildiyini əsas götürüb deyə bilərəm ki, həm akademik, həm də praktik yöndən əminəm ki, bu məsələdə siyasət başlıca rol oynayır. Pomidor Azərbaycan üçün xüsusilə də neft gəlirlərinin azaldığı dövrdə çox əhəmiyyətli qeyri-neft ixrac məhsuludur. Belə ki, 2017-ci ildən başlayaraq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında tomat (pomidor) birinci məhsul olub. DSK-nın açıqlamalarına görə, 2017-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının 9,9 faizini, 2018-ci ildə isə 10,5 faizini, 2019-cu ildə 9,7 faizini, 2020-ci ilin 10 ayında isə 11,98 faizini pomidor təşkil edib. Ötən il 189 milyon 292 min dollar dəyərində 174 min 548 kq pomidor ixrac edildiyi halda bu ilin 10 ayında 173 milyon 19 min dollar dəyərində 160 min 269 kq pomidor ixrac edilib. Bu il üçün cəmi ixracın 1.41 faizi, qeyri neft məhsullarının ixracının 11.98 faizi pomidorun payına düşüb. Bu dövrdə Azərbaycan iş adamları alma ixracından da 21 milyon 201 min dollar qazanıblar. Göründüyü kimi bu ilin 10 ayı üçün pomidor və alma ixracından Azərbaycanın qazancları 200 milyon dollar ətrafındadır. Bu ilin 10 ayında pomidor və alma ixracatında əldə edilən valyuta gəlirləri (194 milyon dollar) 2020-ci ilin 11 ayında Şahdəniz yatağından qaz və kondensat satışından əldə edilən gəlirlərin- 276 mln. ABŞ dolların – 70 faizini təşkil edir”. Məhz bu səbəbdən də iqtisadçı alim hesab edir ki, Rusiyanın Azərbaycanda pomidor və alma idxalına qoyduğu qadağaya texniki məsələ kimi yanaşmaq, onu Ermənistan və Özbəkistanla müqayisə etmək düzgün deyil: “Belə ki, ruslar qadağanı Ermənistana Armavir rayonuna, Özbəkistanda isə Cənubşərq Qaşqadaryo rayonuna tətbiq ediblər. Bizə qarşı qadağa bütün ölkəyə şamil olunur. Unutmayaq ki, Rusiya bazarında satılan hər 5 kq pomidoun 2 kq-ı, yəni bazarın 40 faizə qədəri Azərbaycanını payına düşür. Nə etməli? Əvvəla, qeyri-neft ixracarının əsas məhsulunun bir bazardan Rusiyadan asılığının yaratdığı belə riskləri nəzərə alaraq pomidor və alma ixracatını şaxələndirmək və başqa bazarlara çıxmaq lazımdır. İkincisi, Azərbayan Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın Rosselxoznadzor təşkilatı ilə müzakirələr başlamalı və ixrac məhsullarını bazarın tələblərinə uyğunlaşdırmaqla problemin həllinə çalışmalıdır. Üçüncüsü, embarqo davamlı olarsa, onda Azərbaycan da adekvat qərarlar qəbul etməli Rusiyadan ixrac mallarına qadağalar tətbiq etməlidir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org