“Rusiyanın neytrallığının səbəbi Türkiyə faktorudur”

201

 Məhəmməd Əsədullazadə: “Əgər Rusiya əvvəldən neytral qalsaydı, Tovuz hadisələrindən sonra Ermənistana bu qədər silah-sursat daşımazdı”

“Öncə Kəlbəcər və Arazboyu-cənub ərazilər təcili azad olunmalıdır ki, Ermənistan tam mühasirəyə düşsün, muxtariyyət şərti ilə razılaşsın. Azərbaycanın hədəfi budur və bu istiqamətdə nailiyyətlər olsa, ermənilər Qarabağ müharibəsində silahı yerə qoyub təslim olacaqlar, sülhə razı olacaqlar”

Sentyabrın 27-də Azərbaycan ordusu Dağlıq Qarabağı işğaldan azad etmə əməliyyatına başladı. Gələn xəbərlərə görə, ordumuz sürətlə irəliləyir və Qarabağın erməni işğalından azad olunması çox yaxındır. Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları fonunda bəzi Qərb dövlətlərindən təpkilər də gəlməkdədir. Görünür, müəyyən güclər Azərbaycanın Qarabağı işğaldan azad etməsindən çox narahatdırlar.

Odur ki, bütün bu məsələlərlə bağlı politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrəndik.

– Necə düşünürsünüz, Azərbaycanın Qarabağın azad olunması əməliyyatına başlamasına Rusiyanın neytral qalması əvvəlcədən razılaşdırılıb?

– Azərbaycanın sentyabrın 27-də səhər saatlarında başlatdığı Dağlıq Qarabağ əməliyyatına Rusiyanın neytrallığının səbəbi Türkiyə faktorudur. Əgər Rusiya əvvəldən neytral qalsaydı, Tovuz hadisələrindən sonra Ermənistana bu qədər silah-sursat daşımazdı. Hətta prezident İlham Əliyev də Rusiya prezidenti Putinə bu haqda narazılığını bildirdi. Bakı Moskvaya qarşı Ermənistana silah-sursat göndərməklə bağlı soyuq münasibətini də nümayiş etdirdi. Bundan əlavə, Türkiyənin Azərbaycanda olması, həmçinin geosiyasi şərtlərin Rusiyanın əleyhinə işləməsi belə bir vəziyyətin yaranmasına gətirib çıxardı. Hesab edirəm ki, Rusiyanın indiki neytral mövqeyi Kremlin bu prosesdə heç də maraqlı olmadığının göstəricisi deyil. Əsasən Rusiya hərbi əməliyyatlar çərçivəsində Ermənistan hakimiyyətinin mərkəzdənqaçma meyllərinin qarşısını almağı, həmçinin Nikol Paşinyan hakimiyyətini devirməyi planlayır.

Bundan başqa, Rusiya yaxşı bilir ki, Azərbaycan çox yaxşı silahlanıb, Türkiyə Azərbaycanın yanındadır, Türkiyənin hərbi texnikası və kontingenti təlimlərlə əlaqədar Azərbaycandadır, Azərbaycan və Türkiyə birgə səylərlə torpaqların azad olunmasına çalışacaq. Buna görə, Moskva neytral vəziyyətdə qalıb. Düşünürəm ki, əvvəlki illər olsaydı, məsələn, 2015-ci illərdəki kimi, Türkiyə faktoru olmasaydı, Rusiya Bakıya ciddi təzyiq edərdi. Dediyim kimi, Moskva yaxşı bilir ki, bu proseslərin arxasında Ankara var.

– Bəs Rusiya bu neytrallığının qarşılığında Azərbaycan və Türkiyədən nələr istəyə bilər?

– Rusiyanın neytrallığı sadəcə məcburiyyətdən yaranıb. Ola bilər ki, Azərbaycandan istədiyi Moskvanın kurasiyasında olan təşkilatlara üzvlük idi ki, Bakı buna getməyəcək. Türkiyə ilə bağlı onu deyə bilərəm ki, Kreml regionda gedən geosiyasi şərtlərlə barışıb və onun mövqeyi Türkiyə-Azərbaycan tandeminə qarşı zəifləyib. Ona görə Rusiyanın başqa nələrsə də istəyəcəyini mən real görmürəm.

İkincisi, Kremlin Ermənistan hakimiyyəti ilə bağlı planı var, çünki Paşinyan hökumətinin siyasi kursu anti Rusiya idi. Bu müharibədən sonra Nikol Paşinyan təcili Putinə zəng etdi, ona yalvardı. Çünki Ermənistan daxilində proseslər gərginləşəcək. Paşinyan torpaqlar itirildiyinə görə xalq tərəfindən devrilə bilər. Növbəti mərhələdə Rusiyanın Ermənistanda dəstəklədiyi qüvvələr hakimiyyətə gələ bilər.

– Yeri gəlmişkən, srağagün Paşinyanın Ermənistan parlamentində “Qarabağın Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusla qalmasına razısınızmı” sualına erməni deputatlar “yox” deyiblər. Necə hesab edirsiniz, Paşinyanın bu gedişi özünü məsuliyyətdən kənarlaşdırmaq cəhdidirmi?

– Göründüyü kimi, Nikol Paşinyan hakimiyyətə gələn vaxt ABŞ-ın da planı bu idi ki, Qarabağ problemi həll olunsun. Bu, həm də Levon Ter-Petrosyanın planı idi. Boltonun regiona səfəri zamanı da Paşinyana bu istiqamətdə təkliflər verilmişdi. Azərbaycan tərəfi də bu təklifləri gözləyirdi. Amma, göründüyü kimi, Paşinyan daxili və Rusiyadan təzyiqlər fonunda bu plandan əl çəkdi və hərb yoluna əl atdı. Bu da indiki vəziyyətin yaranmasına gətirib çıxardı. Parlamentdə Paşinyanın həmin çıxışı etməsi həmin qüvvələrə qapını açdı və “baxın, mən bu plana razı idim, amma kimsə bu plana razı deyil. Azərbaycan hərbi əməliyyatlarla əraziləri işğaldan azad edəcək və bizə muxtariyyət də verməyəcək”. Bu onun subluminal mesajı idi. Əlbəttə ki, Paşinyan iqtidarı artan hərbi əməliyyatlar fonunda muxtariyyətə razıdır. Xarici işlər naziri Zoqrab Mnatskanyan da verdiyi müsahibədə vəziyyətin gərgin olaraq qaldığını, əməliyyatların ciddi şəkildə davam etdiyini, torpaq itkisinə məruz qaldıqlarını, sülhə-kompromisə razı olduqlarını bildirib. Amma Azərbaycan tərəfi Ermənistanın Minsk qrupuna qayıtmaq təklifini qəbul etməyəcək.

– Necə düşünürsünüz, hərbi əməliyyatlarla Qarabağ tam alınacaqmı, yoxsa 5 rayon alındıqdan sonra ermənilərlə danışıqlara gediləcək?

– Mən hesab edirəm ki, bu əməliyyatlar Azərbaycanın işğaldakı ərazilərinin tam azad olunmasına qədər aparılacaq. Əlbəttə ki, böyük dövlətlər faktoru da var.

– Bu Madrid prinsiplərinin bərpa olunması, referendum, bir 30 il də gözləmək demək deyil?

– Arazboyu ərazilər tam azad olunmalıdır ki, Azərbaycan tamamən öz şərtlərini diktə etsin. Hərbi əməliyyatların davam edəcəyi planlaşdırılır. Öncə Kəlbəcər və Arazboyu-cənub ərazilər təcili azad olunmalıdır ki, Ermənistan tam mühasirəyə düşsün, muxtariyyət şərti ilə razılaşsın. Azərbaycanın hədəfi budur və bu istiqamətdə nailiyyətlər olsa, ermənilər Qarabağ müharibəsində silahı yerə qoyub təslim olacaqlar, sülhə razı olacaqlar. Konkret sülh masasına gələcəklər. Əksi əleyhimizə ola bilər.

– Məhəmməd bəy, bəs sülh danışıqlarının yenidən başlaması zamanı Madrid prinsipləri, referendum gündəmə gəlməyəcək?

– Yox, nə Madrid prinsiplərinə istinad olunacaq, nə 1994-cü ilin Bişkek protokoluna istinad olunacaq. Hesab edirəm ki, Azərbaycanın bu hərbi əməliyyatlara başlaması o sənədlərin üzərindən xətt çəkdi. Bu, ikinci Qarabağ savaşıdır. İndi 1994-cü illər deyil, 2016-cı ilin aprel döyüşləri deyil. Artıq yeni mərhələ, yeni nizam vaxtıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinə ehtiyac olmayacaq. Hər hansı bir referendumun keçirilməsi Azərbaycanın təhlükəsizliyi və suverenliyi üçün təhdiddir. Bakı Qarabağa aralıq statusu və orada hər hansı bir referendum keçirməyə icazə verməməlidir. Ola bilsin ki, Türkiyə və Azərbaycan yeni bir həll variantı işləyib hazırlasınlar.

– Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun belə bir fikrinə rast gəldim ki, bu döyüşlər Zəngəzurda bitər. Bu, reallaşa bilərmi?

– Bu ermənilərə verilən mesajdır ki, silahı yerə qoysunlar və sülhə getsinlər. Əlbəttə ki, müharibə davam etsə, hərbi hərəkat Zəngəzura kimi gedib çıxacaq.

– Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında çıxış edərək bildirdi ki, beynəlxalq ictimaiyyət Ermənistana təpki göstərmir…

– Təbii ki, beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edir. Onlar nə vaxt Ermənistana təzyiq göstərib ki? Məhz onların fəaliyyətinin nəticəsidir ki, nə BMT qətnamələrinə əməl olunmur. Belə bir situasiya da bu səbəbdən yaranıb. Beynəlxalq təşkilatlar Qərbin kurasiyasındadır. Qərbin də maraqları regionda Rusiya ilə üst-üstə düşür.

Ülviyyə ŞÜKÜROVA