“Rusiyanın köməyi ilə Azərbaycanda terror törətmək inandırıcı görünmür”

135

İlham İsmayıl: “Amma ruslar da daxil olmaqla başqa millətlərdən olan insanlardan istifadə edərək, terror həyata keçirmək mümkündür”

“Erməninin əlində bomba Bakıya qədər gəlib çıxacağı inandırıcı görünmür. Bu işbirlikçilərin içində müxtəlif millətlərin nümayəndələri də ola bilər…”

“Düşmən istəyir erməni olsun, istəyir başqa millətdən olsun ilk həmlədə həyati vacib obyektlərin sıradan çıxarılmasına çalışır”

 Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) terror təhlükəsi məqsədi ilə əhaliyə xəbərdarlıq ünvanlamasından sonra Daxili İşlər Nazirliyi də (DİN) eyni məsələ ilə bağlı əhaliyə müraciət etdi. Bunu da təsdüf hesb etmək olmaz. Çünki, faktiki olaraq, ermənilər tərəfindən ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib.

Odur ki, rəsmi qurumların terror xəbərdarlığı ilə bağlı suallara təhlükəsizlik eksperti İlham İsmayılla aydınlıq gətirdik.

– İlham bəy, DTX-nın ardınca DİN də terror təhlükəsizliyi  ilə bağlıxəbərdarlığı etdi. Nə düşünürsünüz, hansı obyektlər terror hədəfi ola bilər və dövlətin strateji obyektlərinin qorunması kifayət səviyyədədirmi?

– Həyati vacib obyektlər var ki, bura su, işıq, ərzaq məhsullarının saxlandığı anbarlar daxildir. Bu cür obyektlərin qorunması hər zaman diqqət mərkəzindədir. Amma indi müharibə günlərini yaşadığımıza görə, bu obyektlərin qorunması ikiqat gücləndirilmiş iş rejimində çalışır, həm əhalinin təminatı, həm təhlükəsizlik baxımından. Çünki düşmən istəyir erməni olsun, istəyir başqa millətdən olsun ilk həmlədə həyati vacib obyektlərin sıradan çıxarılmasına çalışır. Bu, əhalidə panika yaratmağın ən əsas və asan yoludur. Ona görə də bu obyektlərin təhlükəsizliyi əvvəlki vaxtlardan daha çox iki qat gücləndirilmiş şəkildə təmin olunur.

– Xalqımıza qarşı dəfələrlə ermənilərin müəllifi olduqları terror aktları törədilib və onun arxasında yalnız erməni yox, erməni-rus işbirliyi də aşkarlanıb. Necə düşünürsünüz, indi də belə planlar ola bilərmi?

– Əvvəla, birinci Qarabağ müharibəsində gördünüz ki, bunlar terror aktlarını insanların sayının çox olduğu yerlərdə – qatarda, avtobusda, metroda törətdirlər. Başqa millətdən olan şəxslərin əli ilə. Bu məsələdə erməni-rus işbirliyi yox, ermənilərin müxtəlif millətlərin nümayəndələrindən olan insanlardan istifadə edərək terror aktlar törədilməsi kimi baxmalıyıq. Azərbaycanda indi Rusiyanın köməyi ilə hansısa terror aktı həyata keçirmək inandırıcı görünmür. Amma ruslar da daxil olmaqla başqa millətlərdən olan insanlardan istifadə edərək, terror həyata keçirmək mümkündür. Erməninin əlində bomba Bakıya qədər gəlib çıxacağı inandırıcı görünmür. Bu işbirlikçilərin içində müxtəlif millətlərin nümayəndələri də ola bilər, bizim dilimizi, yaxud rus dilini bilən erməni də ola bilər. Bu terror elə şeydir ki, onun versiyaları müxtəlifdir. Çox rəngarəngdir. Konkret demək ki, terror məsələsində onların işbirliyi mümkün olsun, onların işbirliyi Qarabağın işğalı ilə bağlı idi. Terror aktı ilə yox.

– Sizcə, bəs Qarabağda aparılan hərbi əməliyyatlar nə zamana yekunlaşdırıla bilər?

– Konkret demək olmaz bir ay çəkəcək, ya 10 gün çəkəcək. Təxmini demək olar ki, biz Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilərin yarısını – ərazi nöqteyi-nəzərindən azad etmişik. Zəngilan, Cəbrayıl, Füzulinin 90%-i azad olunub. İranla sərhəd zonasına demək olar ki, nəzarət edirik. Dağlıq Qarabağın ərazisində də əməliyyatlar keçirmişik. Amma qarşıda Qubadlının tam azad olunması var, tam azad olunmayıb, bir sıra kəndlərini azad etmişik. Kəlbəcər rayonu var. Ona görə də müharibənin tezliklə qurtaracağına inanmıram. Yalnız ermənilərin ağ bayraq qaldırıb, bizim şərtlərimizə razı olduğu təqdirdə müharibə yekunlaşa bilər.

– Amma Paşinyanın verdiyi bəyanatlardan belə görünür ki, təslim olmaq fikrində deyillər…

– Bəli, görünür ki, dayanmaq fikrində deyillər və buna görə də müharibənin tezliklə yekunlaşacağı gözlənilmir. Minsk qrupu dövlətlərindən də artıq əlahiddə bir təpki yoxdur ki, müharibəni dayandırın. Hiss olunur ki, müharibə hələ davam edəcək. ABŞ-da bizim və erməni xarici işlər naziri ilə ayrı-ayrı görüşlər olacaq. Fərli görüşlər keçiriləcək və söhbətlər aparılacaq. İnanmıram ki, burada hansısa nəticə hasil olsun. Bu görüşlər diplomatik gedişdir. Bu görüşlərdən isə ermənilərin ağıllanacağı və gəlib “bəli, bizə Azərbaycanın tərkibində status verin” deməsi mümkün deyil. Prezident də bildirdi ki, biz uzaqbaşı mədəni muxtariyyət verə bilərik. Artıq dövlət başçısının bu ifadəsi varsa “Muxtar Respublika” variantı olası deyil. Çünki bu həqiqətən də bizim şəhidlərimizə adekvat addım deyil. Buna görə də deyirəm ki, müharibənin nə vaxt bitəcəyi məlum deyil.

– Əməliyyatlardan sonra alınmış ərazilərdə sülh şəraitində yaşamaq barədə nə düşünürsünüz? Vəziyyət necə olacaq? Ermənilərin məktəblərdə, hətta lap kiçik yaşlarda anti-türk təbliğatını apardıqlarını nəzərə alsaq, onların bizə qarşı sülhü psixoloji olaraq mənimsəyəcəklərinə inanırsınızmı?

– Əvvəlcə mədəni muxtariyyət barədə bildirim ki, bu bizim konstitusiyaya ziddir. Təhsilsə çox vacib sahədir, olduqca vacib. Onların humanitar fənləri, tarix, ədəbiyyat fənləri bizə qarşı yönəldilmiş ola bilməz. Necə ki, qonşu Gürcüstan dövləti istəyir erməni dilində təhsil alan şagirdlərin kitablarını əvvəlcədən özləri oxuyur, rəy verir, sonra ölkəsinə buraxır. Bizdə də bu ermənilər öz dillərində hansısa təhsil alacaqlarsa o kitablar bizim senzuramızdan keçəcək, sonra tədrisinə icazə veriləcək. Gələcəkdə də təhlükəsizlik və senzura baxımından hər hansı bir təbliğat aparan müəllim və müəllimələr kimliyindən asılı olmayaraq həbs oluna bilər. Təhsil çox vacib məsələdir, bu sahədə perspektivdə hər şey nəzərə alınacaq. Onların heç biri qalmayacaq, çıxıb gedəcəklər.

– Ümumiyyətlə, Qarabağda qalacaq ermənilərin bizimlə sülh şəraitində yaşamasının mümkünlüyü barədə nə düşünürsünüz? Buna inanırsınızmı?

– Bilirsiniz, sülh onlar üçün mümkün deyil. Bəlkə də bizim üçün mümkün ola bilər.

– Mən elə ermənilərə nəzərən soruşuram…

– Onlar o qədər cinayət ediblər ki, öz cinayətlərini yaxşı bilirlər. Həm də qorxaqdırlar. Bilirlər ki, istənilən beynəlxalq təhlükəsizlik qüvvələri ya sülh məramlılar iştirak etsə belə uzun müddət xalq arasında münasibətlərin normal hala düşməsi böyük suallar altındadır. Bu çox böyük zaman tələb edir. Elə-belə yox çox böyük zaman tələb edir. Biz bəlkə də deyərik ki, biz torpaqlarımızı aldıq, siz də burada vətəndaş kimi yaşaya bilərsiniz. Dünyada biz tək deyilik. Biz desək ki, bunlar hamısı çıxıb getməlidir, dünya bizi irqçi kimi, rasist kimi dəyərləndirə bilər. Ona görə bəzi diplomatik gedişlər edilməlidir. Çünki perspektivdə onlar olsa da bizim içimizdə əriyib gedəcəklər.

– Bəs Mehri dəhlizini hərbi yolla geri qaytarmaq mümkündürmü? Naxçıvanın Azərbaycanın əsas ərazisinə birləşdirilməsi  barədə gündəmdə fikirlər yayılır və Mehri dəhlizi də bunun üçün strateji nöqtədir. Necə düşünürsünüz, bunun üçün zəmin necə yaradılmalıdır?

– Əgər bizdə bir erməni icması yaşayacaqsa və onların Laçın dəhlizindən istifadəsinə icazə verəcəyiksə, bu məqam artıq statusu dəyişir. Yəni Mehri dəhlizi üçün biz Ermənistan ərazisindən keçib getməliyik. Laçın dəhlizi isə bizimdir, onlar da bizim vətəndaşlarımız olacaqsa, yenə də siz dediyiniz variantlardan biri Laçın və Mehri dəhlizinin adekvat şəkildə istifadəsidir. Biz imkan yaradırıq onlar Laçın dəhlizindən istifadə edirlər-nəzarət altında, onlarsa bizə icazə verirlər Mehri dəhlizindən istifadə etməyə. Amma birləşdirmək məsələsinə gəlincə, biz nə Ermənistan torpaqlarını işğal etmək istəmirik, nə də o dəhlizin digər tərəfi İran torpaqlarına düşdüyü üçün torpaq götürmək fikrimiz yoxdur. Buna görə də siz dediyiniz variant perspektivdə diplomatik söhbətlərin nəticəsində ola bilər. Bizim ora hərbi müdaxiləmiz mümkün deyil. Bizə beynəlxalq qüvvələrin əli ilə əks zərbə endirə bilərlər. Bu, bizə heç cür xeyir deyil.

– Bəs bizim onların bizə illərlə vurduğu ziyanın ödənilməsi üçün təzminat tələbi ilə bu ərazini onlardan tələb etmək mümkündürmü?

– Təzminat tələbi beynəlxalq məhkəmələrdə uzun müddət davam edir. Kimin haqlı–haqsız olması uzun müddət aydınlaşdırılır. Təzminatın yerinə koridor ya ərazi verin müddəası beynəlxalq hüquqda yoxdur.

Ülviyyə ŞÜKÜROVA