“Rusiyanın hərbi kontingentinin Azərbaycana qayıdışı əvvəlki siyasət strategiyasına ziddir” – ŞAHİN CƏFƏRLİ

279

“Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı nəticəsində müharibədə qalib gəldik, amma Dağlıq Qarabağı faktiki olaraq, Rusiyanın nəzarəti altında idarə edəcəyik”

“1993-cü ilin sentyabrında Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşuldu. Bizim üçün asan dövr deyildi və bu qərarı başa düşmək olardı. 1994-cü ildə qüvvəyə minən müqavilənin müddəti 5 il sonra bitdi. Mərhum Heydər Əliyev çox doğru olaraq müqavilənin müddətini uzatmayaraq tam siyasi, iqtisadi və hərbi müstəqillik xətti apardı”. Hurriyyet.org xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

İlham Əliyevin prezident olduqdan sonra bu siyasəti davam etdirdiyini deyən Şahin Cəfərli qeyd edib ki, 2012-ci ilin sonları Azərbaycan və Rusiya Qəbələ RLS-in icarə haqqı barədə razılığa gələ bilmədilər və növbəti il Rusiyanın hərbi kontingenti oranı tərk etdi: “Bu da prezident İlham Əliyevin uğuru idi. İndi Rusiyanın ağır hərbi texnika ilə silahlanmış 2 minə yaxın qüvvəsi təkrar Azərbaycana qayıdır. Bu, əvvəlki siyasət strategiyasına ziddir və geosiyasi anlamda reqresdir. Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı nəticəsində biz müharibədə qalib gəldik, amma Dağlıq Qarabağı faktiki olaraq, Rusiyanın nəzarəti altında idarə edəcəyik. Bu, təxminən kondominium bənzəri bir şeydir. Ümid edirəm ki, 5 il sonra Rusiya hərbi kontingentinin burada qalma müddəti uzadılmayacaq – 1999-cu ildə Heydər Əliyevin etdiyi kimi…”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org