Rusiyanın hərbi gəmiləri Bakıya daxil oldu

165

 

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.

Tramp Ərdoğanı şahmat ustasına bənzədib

“Ərdoğan kimi xarici liderlər dünya səviyyəli şahmat oyunçuları olduğu üçün Baydenin onlarla baş edəcək güclü prezident olacağını sanmıram”.

Bunu “Fox News”un canlı yayımında ABŞ prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərindəki rəqibi Co Bayden barədə danışarkən söyləyib.

“Ötən həftə dünya liderləri mənə zəng edərək Türkiyə prezidenti Ərdoğanın öhdəsindən gəlməyimi istəyiblər. Mənə dedilər ki, o, yalnız səni dinləyər, buna yalnız sən qadirsən”, – o əlavə edib.

Avropa Parlamenti Belarusdakı seçkilərin nəticələrini tanımır

Avropa Parlamentinin deputatları Belarusdakı prezident seçkilərinin nəticələrini tanımır və Aleksandr Lukaşenkonu Avropa İttifaqında arzuolunmaz şəxs hesab edir.

Bu barədə Avropa Parlamentindəki partiyaların ortaq bəyanatında bildirilib.

“Avqustun 9-dakı prezident seçkiləri nə azad, nə ədalətli olub. Səhih məlumatlar Svetlana Tixanovskayanın qalib olduğunu deyir”, – bəyanatda vurğulanıb.

Avropa Parlamentinin nümayəndələri həmçinin Rusiyanı Belarusdakı vəziyyətə qarışmamağa və Aİ-nin üzv ölkələrini Rusiyanın bu istiqamətdəki bütün fəaliyyətinə müqavimət göstərməyə çağırıblar.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.