“Rusiyanın Dağlıq Qarabağdan Azərbaycana qarşı təzyiqləri nəticə verməyəcək” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

960

“Mehri dəhlizinin açılması London-Pekin marşrutunun açılması deməkdir və bu meqalayihə nəticəsində Azərbaycan regionun aparıcı ölkəsi statusunu alacaq”

“Azərbaycan bu ildən Avropanın enerji diversikasiyasında mühüm rol oynamağa başladı. TAP qaz boru kəməri vasitəsilə Avropaya ilk qaz göndərildi. Bu, Azərbaycanın enerji üzərindən Avropa ilə sıx əməkdaşlığını genişləndirəcək və ölkəmizə siyasi dəstəyi artıracaq”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TAP Xəzər dənizində “Şahdəniz-2” qaz kondensat yatağından ildə hasil edilən 10 milyard kub metr qazı Avropaya çatdıracaq: “Artıq Avropanın enerji bazarında Azərbaycan öz rolunu artırmaqla, Cənubi Qafqazda mühüm bir dövlət olaraq Mərkəzi Asiya ilə qoca qitəni birləşdirmiş oldu. Boru kəmərinin çəkilməsi, Azərbaycanın müstəqil siyasətinin formalaşmasına və digər təzyiqləri neytrallaşdırmağa gətirib çıxaracaq. Məhz Azərbaycan belə bir layihəyə başlamaqla, ciddi bir tarixi təzyiqlərlə üzləşdi. 2016-cı ildən başlayan tikinti işləri Yunanıstandan başlayaraq, Albaniyadan keçməklə, İtaliyada ciddi bir əngəllə qarşılaşdı. İtaliyanın Leççe şəhərində minlərlə insanlar ekoloji problemi bəhanə edib, boru kəmərinə qarşı etiraz edirdi. Bunun arxasında Beppe Grillonun başçılıq etdiyi “No TAP” ictimai komitəsi dururdu. Bu komitənin də Rusiya ilə ciddi əlaqələri var idi. Göründüyü kimi, Rusiyanın “Qazprom” qaz şirkətinə Avropada rəqib bir qaz lahiyəsinə qarşı bu kimi təzyiqlər edilirdi. İtaliya hökuməti və ABŞ-ın dəstəyi ilə bu əngəl də ortadan qalxdı”.

Buna baxmayaraq, növbəti təzyiqin baş verdiyini deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, 2020-ci ilin avqust ayında Trans-Adriatik qaz boru kəmərinin inşası ilə bağlı işlərin 97 faizi yekunlaşacaqdı: “Amma Rusiya tərəfi növbəti problemi həmin ilin iyul ayında “Cənub Qaz Dəhlizinin” bir neçə kilometr aralıda Ermənistanı bu boru kəmərini nəzarətə alması üçün hücuma təşviq etdi. Bu təzyiqlər də nəticə vermədi. Azərbaycanın Avropaya nəql etdiyi qaz kəmərləri, daim təzyiq altında ola bilərdi. Bu boru kəmərlərinə yaxın perspektivdə Mərkəzi Asiya qazının da qoşulmasını nəzərə alsaq, Rusiyanın bundan sonra da təzyiqləri Ermənistan vasitəsilə aktuallıq kəsb edə bilərdi. Ona görə də Azərbaycan bu məsələlərə son qoymaq üçün Qarabağda əks-hərbi əməliyyatlara başlayaraq ərazilərini işğaldan azad edərək, Ermənistanla sərhəd problemlərinə son qoymağa başalayıb. Azərbaycan enerji sahəsində Avropanın yaxın tərəfdaşı olaraq beynəlxalq münasibətlər sistemində dəyişən geosiyasi-geoiqtisadi layihələrdə Avropa İttifaqının Asiyaya açılımında əsas rol aldı. Azərbaycan yeni geosiyasi nizamda əsas ölkə olaraq təkcə “Cənub Qaz Dəhlizi” və onun əsas seqmentləri TANAP və TAP deyil, Bakı-Tiflis-Qars dəmir yolu və digər boru kəmələri vasitəsilə Avropa və Asiyanı birləşdirən arterial bir damar formalaşdırıb. Artıq Qarabağ münaqişəsinə son verildikdən sonra Mehri dəhlizinin açılması gözlənilir. Bu dəhlizin açılması London-Pekin marşrutunun açılması deməkdir. Bu meqalayihə nəticəsində Azərbaycan regionun aparıcı ölkəsi statusunu alacaq. Rusiyanın Dağlıq Qarabağdan Azərbaycana qarşı təzyiqləri nəticə verməyəcək. Azərbaycan bu kimi məsələləri də öz leyhinə həll edəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org