Rusiyanın Cənubi Qafqazdakı «Troya atı»

447

2-ci Qarabağ müharibəsinin sonunda rusiyalı siyasətçi Vladimir Jirinovski müsahibəsində Rusiyanın qəsdən bir-birini məhv etmək üçün Azərbaycan və Ermənistanı silahla təchiz etdiyini söylədi.

Onun sözlərinə görə, bu cür müharibələr Qafqazda “davamlı şəkildə hər 5-10 ildən bir” baş verməlidir, bu müharibələrdə “qurbanlar çox olacaq” və nəticədə cüzi sərhəd dəyişməsi olacaq. Bütün bunlar “dünya ictimaiyyətinin “gözünün odunu almaq” və diqqəti Rusiyadan yayındırmaq” üçün lazımdır.

İndi Qarabağ və bütün Cənubi Qafqazda “baş verənləri” görərkən, bu rus siyasətçinin proqnozunun həyata keçdiyini görürük. Münaqişənin birdəfəlik, şəffaf və aydın həllinin əvəzinə, haqqında müsbət bir şey deməyin çətin olduğu “titrək bir sxem” ortaya çıxdı.

Azərbaycanın Qarabağ ətrafındakı yeddi böyük və strateji vacib bölgəyə nəzarəti bərpa etməsinə baxmayaraq, yenə də ölkə ərazisi içində Rusiya nəzarəti altında erməni anklavı və ona gedən yol meydana çıxdı.

Öz növbəsində, Ermənistan bu 7 bölgəni itirməklə yanaşı, öz ərazilərinin bir hissəsi üzərində nəzarəti də itirdi. İndi Azərbaycanın bir hissəsi olan Naxçıvanını ölkənin “materik”i ilə  birləşdirən və Ermənistanın qərbindən şərqinə keçən yol da tamamən Rusiya hərbçiləri tərəfindən idarə olunacaq.

Beləliklə, minlərlə azərbaycanlı və erməninin döyüş meydanında həlak olmasından və hər iki ölkənin milyardlarla dollarlıq maddi itkilərə məruz qalmasından sonra, sonda əsas “qalib”, bir zərbə də almadan, İranın Türkiyə ilə sərhəddindəki ən vacib nəqliyyat dəhlizini “ələ keçirən” Rusiya oldu. Jirinovskinin peyğəmbərliyi ilə bağı tuta bilirsinizmi?

Rus hərbçilərinin yalnız “bölgəni sülh və firavanlığa aparmaq” üçün ancaq  5 illik Qarabağa gələn “sülhməramlı” illüziyası ilə özünüzü aldatmayın. Hamı bilir ki, bu “sülhməramlılar”, Moskvanın bir əmri ilə işğalçıya çevrilirlər, necə ki, 2008-ci ildə Gürcüstanda bunu etdilər. Məsələn, Moldova artıq 30 ildir ki, rus “sülhməramlılığından” qurtulmağa çalışır.

Faktiki bu, tam hərbi gücdür, iki qonşu dövlətin içərisində yerləşən və orada Kremlin qoyduğu vəzifələri yerinə yetirən ordudur. Azərbaycan və Ermənistanın maraqlarının onlara heç bir dəxli yoxdur. Belə ki, ruslar indi çox uzun müddət Qarabağı könüllü tərk etməyəcəklər.

Azərbaycan və Ermənistan bu “Troya atını” öz əlləri ilə Cənubi Qafqaza yuvarlatdılar və bununla da Moskvaya özlərinə təzyiq, şantaj və nəzarət üçün vasitə verdilər. Ancaq ən acınacaqlısı budur ki, indi Cənubi Qafqazda Rusiya ordusunun olmadığı heç bir ölkə qalmayıb.

Gürcüstanda 2 bölgəni – Abxaziya və Samaçablonu tam işğal ediblər, Ermənistanda Gümrüdə hərbi bazaları var. İndi Naxçıvana gedən yol, Azərbaycanın daxilində Qarabağ anklavı və ona gedən yol üzərində nəzarəti ələ aldılar.

Beləliklə, SSRİ-dən ayrıldıqdan və müstəqillik qazandıqdan 30 il sonra Cənubi Qafqazın hər üç dövləti elə bir vəziyyətə düşdülər ki, ərazilərinin bir hissəsinə nəzarət etmirlər və suverenlikləri açıq şəkildə Rusiyanın təhdidi altındadır.

Bu gün Cənubi Qafqazın taleyi və gələcəyi, böyük dövlətlər tərəfindən, faktiki olaraq, dövlətlərimizin və xalqlarımızın rəyi nəzərə alınmadan həll olunur. İnkişaf və firavanlıq əvəzinə “cüzi sərhəd dəyişməsi” ilə nəticələnən əsgərlərin məhv edilmiş həyatını və mənasız uzanan münaqişələri alırıq.

Əlbətdə ki, bu tarixi çıxılmaz vəziyyətdən çıxış yolu var və Cənubi Qafqazın dövlət quran üç xalqı – bu yol azərbaycanlılar, ermənilər və gürcülər arasında birbaşa dialoqdan ibarətdir. Yalnız nifrəti aradan qaldırmaq, mübahisəli məsələləri həll etmək və bölgəmizin gələcəyi üçün ortaq baxış bucağı inkişaf etdirməklə özümüzü yaşadığımız fəlakətli vəziyyətdən qurtara biləcəyik.

Əslində, biliklərimizi, səylərimizi və müdrikliyimizi birləşdirməliyik və “Güc birlikdədir” şüarını daha böyük qonşularımızın bizə rəhbərlik etmək üçün tətbiq etdikləri “Parçala və hökm et” şüarına qarşı qoymalıyıq.

Əgər bu baş verərsə, Cənubi Qafqaz bütün dünyada ən uğurlu, varlı və sürətlə inkişaf edən bölgələrdən biri ola bilər – birinci növbədə də tranzit potensialına görə. Əgər belə olmasa, onda Jirinovskinin dediyi kimi, hər 5-10 ildən bir bir-birimizə qarşı bitməyən müharibələr aparacağıq və ölənlərə yas tutacağıq.

Tərcümə etdi: Ülviyyə Şükürova