Rusiyanın Azərbaycana növbəti təcavüz aktı…

390

 Rus qoşunları sülhməramlı funksiyalarını icra etmək əvəzinə, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin dinc, yanaşı yaşamasının mümkün olmaması üçün bütün mümkün olan şərait hazırlayır

Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərin bu günkü vəziyyətini, bu ərazilərdə hadisə və proseslərin sonrakı inkişafının gedişini, xüsusilə Azərbaycanın zərərinə ola biləcək prosesləri neytrallaşdırmağın üsul və vasitələrini düzgün müəyyən etmək vacibdir. Bunun üçün həmin proseslərə birbaşa və ya dolayısı ilə təsir imkanları olan tərəflərin maraqları, gücləri düzgün müəyyən etməklə, məsələnin həllinə kompleks yanaşmalıyıq.

Birincisi, Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasında, Azərbaycan və Ermənistan arasında SSRİ dövründəki sərhədlərin bərpa edilməsində heç bir əhəmiyyətli problem olmayacaq. Belə ki, bu məsələ Rusiya üçün maraqlı deyil və bu məsələlərdə Kreml Azərbaycanla heç bir qarşıdurmaya getməyəcək. Ermənistanın da bu məsələlərdə Azərbaycana hər hansı bir dərəcədə müqavimət göstərməyə nə hüquqi əsası, nə də hərbi və ya digər gücü yoxdur. Yəni bu məsələlərdə Azərbaycan dövləti və xalqına heç bir real təhlükə mövcud deyil. Bu gün əsas narahatlıq Dağlıq Qarabağ ərazisində baş verən real proseslərdən doğur. Bəs orada nə baş verir? Bunu düzgün qiymətləndirmək üçün rus ordusunun Dağlıq Qarabağda qəfildən «peyda» olmasını, onun oraya hansı hüquqi əsaslarda gəlməsini, həm də Rusiyanın bu bölgədə maraq və məqsədlərini araşdırmaq lazımdır.

Rusiya dövlətinin Konstitusiyasına görə, Rusiya hər hansı bir dövlətin ərazisinə hərbi qüvvə yeritmək üçün hökmən Federasiya Şurasının qərarını almalıdır. Rusiyanın «təcili tibbi yardım» qaydası ilə bioloji ölümlə üzbəüz duran bədnam DQR-in son nəfəsində Rusiya prezidenti Putin Azərbaycana qarşı ölkəsinin geniş miqyaslı hərbi təcavüzü, Azərbaycanın prezidentinin özünü və ailəsini isə Qəddafinin, Səddamın, Çauşeskunun taleyi ilə hədələyərək «tezbazar» Rusiya-Azərbaycan-Ermənistan arasında Rusiyanın əsas məqsədərini həyata keçirməsi üçün genişmiqyaslı boşluqlar qoyan müqavilə imzalatdırdı. İlham Əliyevin bu müqaviləni öz xoşuna imzalamadığı televiziya vasitəsilə nümayiş etdirilən bu imzalama mərasimində çox aşkar görünürdü. Rusiya senatının «toydan sonra nağara» olan qərarı ancaq «toydan», yəni Rusiya qoşunlarının Azərbaycan ərazisinə yeridildikdən düz bir həftə sonra qəbul edildi. Bu, Azərbaycana qanunsuz yeridilmiş rus qoşununun sülhməramlı deyil, təcavüzkar olduğunu sübut edən ilk hüquqi əsas və dəlildir.

İkincisi, bu üçtərəfli razılaşmada belə, qaçqın və köçkünlərin Dağlıq Qarabağa qaytarılması ilə BMT-nin qaçqınlar üzrə Baş qərargahının məşğul olacağı nəzərdə tutulduğu halda, Rusiya hərbi kontingentinin öz vəzifə və səlahiyyətlərinə tamamilə heç bir dəxli olmayan bu vəzifəni icra edib, Ermənistandan erməniləri kütləvi surətdə gətirərək Xankəndində və Dağlıq Qarabağın digər ərazilərində yerləşdirdi. Bu, Rusiyanın Azərbaycana qarşı etdiyi ikinci təcavüz aktı olmaqla bərabər, həm də BMT-nin qaçqınlar komitəsinin hüququna edilən birbaşa təcavüz aktıdır.

Üçüncüsü, üçtərəfli razılaşmanın Rusiya qoşunları tərəfindən pozulan digər məsələ isə, Ermənistanın nizami qoşunlarının və bədnam DQR-in silahlı quldur dəstələrinin tərksilah edilərək Dağlıq Qarabağ ərazisindən çıxarmalı olduğu halda, onlar nəinki bunu etmir, əksinə bu günə Azərbaycan qoşunlarının əlində olduğu yerlərlə rus qoşunlarının qorumalı olduğu təmas xəttində bəzi ərazilərdə erməni bayraqları sancılmış, erməni silahlılarının blok-post qurmasına şərait yaradılıb.

Dördüncüsü, sovet dövlətinin dağılması ərəfəsində azərbaycanlılar Dağlıq Qarabağ ərazisindən ermənilər tərəfindən, rus qoşunlarının köməyilə, terror və qətliama məruz qoyaraq qovulduqdan sonra, Ermənistanın və rusiyanın Suriya, İraq, İran, Livan, Liviya, Fransa, ABŞ və Rusiyanın öz ərazisindən gətirərək Dağlıq Qarabağın işğal edilməsindən indiyədək ötən otuz il ərzində bu ərazilərdə yerləşdirilən erməniləri, daha doğrusu peşəkar terrorçu dəstələri hansı qanun, hansı məqsədlə Azərbaycan dövlət orqanlarının iştirakı, razılığı və ən əsası da Azərbaycan vətəndaşı olmayan şəxsləri ölkəmizin ərazisində yerləşdirir? Buna rus hərbi qüvvələrinin heç bir səlahiyyəti yoxdur və ola da bilməz. Bu proses Azərbaycan dövlət və hökumət orqanlarının Dağlıq Qarabağda inventarlaşdırma və oraya köçürüləcək ermənilərin otuz il bundan əvvəl Dağlıq Qarabağ ərazisində SSRİ vətəndaşı olaraq Azərbaycan dövlət orqanlarında pasport qeydiyyatında olmuş adamlar və onların övladlarının Azərbaycan dövləti və vətəndaşlarına qarşı heç bir cinayət törətmədikləri yoxlanıb müəyyən edildikdən sonra, BMT-nin qaçqınlar komitəsinin nəzarəti ilə həyata keçirilməlidir. Çünki oradakı bütün evlər ermənilərə məxsus deyil. Bu evləri ermənilər zəbt etdikdən sonra oradan qovulmuş azərbaycanlılar küçədə və ya meşədəmi yaşamalıdır? Bu da bizim sabahımıza süni surətdə yaradılan problemdir. Yəni rus qoşunları bütün hərəkətləri ilə rəsmən elan etdikləri sülhməramlı funksiyalarını icra etmək əvəzinə, Azərbaycan dövlətinə Dağlıq Qarabağda azərbaycanlılar ilə ermənilərin dinc, yanaşı yaşamasının mümkün olmaması üçün bütün mümkün olan şərait hazırlayır.

Rusiya bizi Azərbaycanın tam və qəti tələbəsini sona çatdırmağa imkan verməyən sazişi imzalamağa MƏCBUR etdi. Hətta bu halda, özünün əhəmiyyətinə görə, bu qələbəni yüz il bundan qabaq Bakını işğaldan azad edən İslam Ordusunun qələbəsi ilə müqayisə etmək olar. Ən azından o vaxt Bakının işğaldan azad edilməsi Azərbaycan dövlətçiliyinin Şah İsmayıl Xətaidən sonra bərpa edilməsinin əsası olduğu kimi, bu qələbə də türk birliyinin yaxın gələcəkdə ən azından Turan Konfederasiyasının qurulmasının əsası ola biləcəyi kimi qiymətlidir. Bu qələbənin digər mühüm strateji hərbi, iqtisadi-ictimai və s. cəhətlərini nəzərə almadıqda belə, onun möhtəşəmliyini danmaq mümkün deyil.

Rusiyanın bu vaxtda, bu formada və məzmunda «oyuna» zorla daxil olması isə bir neçə məqsəd güdür. İlk növbədə Rusiyanı bu addımı atmağa Ermənistanın onun əsarətindən çıxması üçün yaranmış real şərait şirnikləndirdi. Belə ki, Ermənistan Azərbaycandan işğal etdiyi torpaqlarda möhkəmləndikdən sonra Rusiya hərbi bazasına «Poşel von» demək üçün cəmiyyət daxilində tam hazırlıq görmüşdü və bu prosesi praktiki olaraq başlamaq niyyətini özünün baş nazirinin fəaliyyəti və müsahibələrilə artıq bəyan etmişdi. Bu prosesə birbaşa müdaxiləsi beynəlxalq miqyasda onsuz da «Vayqanlı» olan Rusiyanın özünə qarşı beynəlxalq müstəvidə çox ciddi təpkilərə məruz qalacağını yaxşı bildiyindən, Rusiya «ilanı Seyid Əhməl əmi ilə», yəni Azərbaycanın əli ilə tutmaq qərarına gəldi. Moskva bununla, ona beynəlxalq təpkilərdən yayınmaqla bərabər, Ermənistanı öz qarşısında diz çökdürməyə, Cənubi Qafqaza girmək hədəfində olan ABŞ, Fransa kimi ciddi rəqiblərini bu bölgəyə buraxmamaq məqsədinə nail oldu. Rusiya Azərbaycana müvəqqəti qoşun yeridib, burada daimi möhkəmlənməklə, rus dövlətinin Azərbaycanın qabırğasına yüz il bundan qabaq keçirdiyi Dağlıq Qarabağ qarmağı vasitəsilə ölkəmizi özündən daim asılı vəziyyətdə saxlamaq, Laçın dəhlizi ilə Mehri dəhlizinə nəzarəti öz əlində toplamaqla Molla Nəsrəddinin «göymuncuq» üsulu ilə həm Ermənistanın Dağlıq Qarabağla, həm də Azərbaycanın Naxçıvanla əlaqəsinə bu nəzarət vasitəsilə hər an müdaxilə imkanını qazanmış oldu.

Moskva Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən səviyyəli məhdud müşahidəçiliyinə razılıq verməklə, Minsk qrupu həmsədrləri olan Fransa və ABŞ-a xəyanət edərək, onları bu bölgədən açıq-açığına qovmasını yüngül «həmşəri söyüşü» ilə pərdələyə bildi. Özünə onlardan xeyli dərəcədə təhlükəsiz və sərfəli olan Türkiyəni bu bölgəyə buraxmağa məcbur olsa da, Türkiyənin Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxstan, Qırğızıstan türk respublikalarının bu yol vasitəsilə qarşılıqlı əlaqələrinin məzmunu, xarakteri və həcminə nəzarət imkanı əldə etmiş oldu. Bunlardan başqa, Türkiyənin Cənubi Qafqaza belə məhdud çərçivədə və Rusiyanın bu çərçivəyə müəyyən dərəcədə nəzarət etmək imkanının mövcudluğu şəraitində daxil olması Rusiyanın Ankaranı Qərbdən ayırıb, özünə tərəf çəkmək məqsədi də daşıyır. Bu amili sonda qeyd etsəm də, bu məsələ Rusiyanın bu günkü durumunda onun üçün vəziyyətdən yeganə çıxış yoludur.

(Ardı var)

Şapur QASİMİ