Rusiyanın Azərbaycana növbəti təcavüz aktı…

288

Rus qoşunları sülhməramlı funksiyalarını icra etmək əvəzinə, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin dinc, yanaşı yaşamasının mümkün olmaması üçün bütün mümkün olan şərait hazırlayır

Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərin bu günkü vəziyyətini, bu ərazilərdə hadisə və proseslərin sonrakı inkişafının gedişini, xüsusilə Azərbaycanın zərərinə ola biləcək prosesləri neytrallaşdırmağın üsul və vasitələrini düzgün müəyyən etmək vacibdir. Bunun üçün həmin proseslərə birbaşa və ya dolayısı ilə təsir imkanları olan tərəflərin maraqları, gücləri düzgün müəyyən etməklə, məsələnin həllinə kompleks yanaşmalıyıq.

SSRİ dağıldıqdan sonra Rusiyanın bütün sərhədboyu ölkələrlə bu və ya digər dərəcədə problemləri yarandı. Bunların bir hissəsi Rusiyaya SSRİ-dən miras qalmış olsa da, bir çox hissəsini sonradan Rusiya özü yaratmışdır. Həm də, bu, Rusiyanın imperiya xislətindən əl çəkməyərək, artıq iflasa uğramış kobud hərbi, zor vasitəsilə özgə torpaqlarını işğal edib özünə tabe etməklə superimperiyaya çevrilmək arzusu və məqsədindən irəli gəlir. Pribaltikada Avropa ilə Kalininqrad, Yaponiya ilə Kuril adaları problemi Rusiyaya hələ SSRİ-dən miras qalıb. Dağlıq Qarabağ, Abxaziya (Cənubi Osetiya məsələsinə müəyyən hüquqi don geyindirmək olar, çünki Rusiyanın tərkibində olan Şimali Osetiya və Gürcüstanın tərkibində olan Cənubi Osetiya əraziləri Osetinlərin milli ərazisidir və onların birləşərək iki dövlətdən birinin tərkibinə daxil olması məsələsini referendum yolu ilə hüquqi müstəvidə həll etmək olar. Belə ki, onlar öz milli ərazilərində yaşayan parçalanmış millət olduğundan onların birləşərək referendum vasitəsilə bu iki dövlətdən birinin tərkibinə daxil olması beynəlxalq hüququn bütün parametrlərinə cavab verir) Dnestriyanı, Donbas, LXR-sı problemlərini otuz ildən bəri Rusiya özü yaradır. Nəticədə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna ilə münasibətlərində mehriban qonşuluq, inteqrasiya əvəzinə ciddi çatlar əmələ gəlib ki, bu da Rusiyanın iqtisadi vəziyyətinə ciddi ziyan vurmaqla bərabər, ciddi hərbi-siyasi qarşıdurmalara səbəb olub. Bu, hələ azmış kimi, Rusiya Suriyada diktator rejiminin saxlanılması vasitəsilə bu ölkədə, Liviyada vətəndaş müharibəsində qanunsuz olaraq tərəf kimi iştirak edərək, öz iqtisadi-ictimai inkişafına əngəl törətmiş oldu. Rusiyanın bu günlərdə Qazaxstanda da separatizm hərəkatına rəvac vermə cəhdi Rusiyanın başqa ölkələri zor vasitəsilə özünə tabe edərək, onlar üzərində hökmranlıq etmə üsulundan hələ də əl çəkmədiyini göstərir. Dağlıq Qarabağa yeridilən rus qoşunlarının hərəkətləri də məhz buna dəlalət edir.

Dünya ölkələri arasında ən böyük əraziyə, böyük faydalı qazıntılara, kosmik, hərbi sənayeyə, hərtərəfli inkişaf etmək üçün elmi, kadr potensialına malik olan Rusiyanın dünyanın digər ölkələri ilə dostluq və əməkdaşlıq şəraitində, ölkə daxilində isə inkişaf prosesi üçün qandala çevrilmiş mürtəce iqtisadi-ictimai quruluşu islahatlar vasitəsilə daha mütərəqqi quruluşla əvəz edərək inkişaf edib, dünyada söz sahibinə çevrilmək əvəzinə, özünün ucsuz-bucaqsız boş, mənimsənilməmiş torpaqlarını istifadəsiz qoyaraq qonşu ölkələrin torpaqlarına iddia etməklə öz ətrafını konfliktlərlə, yəni düşmənlərlə əhatə etməkdə davam edir. Sovet ittifaqından miras qalmış texniki, texnoloji cəhətdən müasir dövrün tələblərinə cavab verməyən istehsal güclərini müasir istehsal gücləri ilə əvəz etmək, xammal ixracatçısından beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsullar ixrac edən ölkəyə çevrilmək əvəzinə, özünün iqtisadi-texniki gücünü iflasa məhkum edilmiş işğalçılıq siyasətinə sərf edir.

Bir neçə həftə əvvəl Bakıda Azərbaycanın Vətən Müharibəsindəki Qələbəsinə həsr edilmiş hərbi paradın Rusiyaya pis təsir etdiyini qeyd edənlər haqlı olsalar da, bu, Bakının günahı deyil. Çünki Ermənistanla müharibədə məhv edilmiş müasir tələblərə cavab verməyən hərbi texnikanı Bakı deyil, Rusiya özü istehsal etmişdir. Əgər buna görə Rusiyaya üçün Bakıya “pomidor qadağası” qoymaq zəruridirsə, onda Rusiya beynəlxalq bazarda özünün aşağı keyfiyyətli mallarını almadıqlarına görə bütün qabaqcıl ölkələrə bu cür qadağalar tətbiq etməlidir. Lakin heç vaxt bu qadağalar Rusiyanın daxili istehsalının nə səviyyəsini, nə də istehsal olunan məhsullarının keyfiyyətini artırmayacaq.

Rusiyanın bütün sərhədləri boyunca qonşuları ilə qarşıdurmalar getdikcə çoxalmaqda, ölkənin iqtisadi-ictimai vəziyyəti çökməkdə, SSRİ-ni dağıdan qüvvələr də bu prosesləri görükləməkdədir. Bu qarşıdurmalarda Rusiyanın rəqiblərini gücləndirməkdə israrla davam ediliyi halda, dünyanın bütün böyük güclərinin iradəsinə zidd olaraq Türkiyənin Kremllə əməkdaşlığa qərar verməsi beynəlxalq müstəvidə təklənmiş Rusiyanın bir dövlət olaraq dağılmasının qarşısının alınması üçün çox böyük xarici amillərdən biri, həm də çox mühüm dayaq nöqtəsidir. Türkiyə-Rusiya yaxınlaşması hər iki tərəfin qarşılıqlı milli və dövlət maraqlarını təmin etməlidir. Əks halda bu münasibətlər uzağa gedə bilməz. Rusiyanın daha da zəifləyib, parçalanmasında israrlı olan ölkələrə də məhz bu lazımdır. Bu ölkələr nə Türkiyənin, nə də Rusiyanın əməkdaşlığının dərinləşməsini, genişlənməsini, eləcə də onların güclənməsini əsla qəbul edə bilmir. Son vaxtlar Türkiyənin üzvü olduğu NATO ölkələrinin Türkiyəyə qarşı Fransa, Misir, Yunanıstan, BƏƏ hərbi koalisiyası yaratması, ABŞ-nın Türkiyəyə sanksiyalar tətbiq etməsi, Fransanın ardınca Niderland və Belçikada Dağlıq Qarabağ haqqında bu ölkələrin təşəbbüsü və aktiv iştirakı ilə yaradılan beynəlxadq hüquq əsasında Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin bu barədə qəbul etdiyi qərarların tam əksinə olan qərarlar qəbul etməklə, «öz tüpürdüklərini yalamaqla» Türkiyənin və ümumilikdə türklərin güclənməsi və öz qonşuları Rusiya ilə qarşılıqlı dostluq münasibətlərinin inkişaf edərək, müttəfiqlik həddinə çatacağından nə dərəcədə narahat olduqlarını çox aydın göstərir. Çünki bu təkcə Türkiyənin deyil, eyni zamanda Rusiyanın güclənməsi deməkdir. Bu, müvəqqəti, tez keçib gedə biləcək bir hal, proses deyil.

Ruslara qarşı Qərb ölkələrinin münasibəti və məqsədləri çoxdan aydındır. Rusiya ilə yaxınlaşan Türkiyə də məhz bu səbəbdən Qərb müttəfiqlərinin hədəfinə tuş gəlib. Məhz bu amil və əlavə olaraq Rusiya sərhədlərini əhəmiyyətli hissəsini əhatə edən türk dövlətlərinin Türkiyə ilə bir dövlət olaraq birləşib güclənməsi rus milləti və dövlətinin həyati maraqları ilə üst-üstə düşür. Artıq bu məsələ, yəni Turan dövlətinin yaranması Rusiya dövlətinin mövcudluğunun təmin edilməsinin əsas, önəmli amillərindən birinə çevrilib.

Belə bir halda Rusiya qoşununun Dağlıq Qarabağda davranışı istər-istəməz Moskvanın Türkiyəyə, ümumiyyətlə türklərə münasibətinin nə dərəcədə səmimi olması və Türkiyə və türklərlə münasibətlərinin hansı əsaslar üzərində qurması niyyəti haqqında haqlı şübhələr və suallar doğurur. Rusiya doğrudanmı Türkiyə və türklərlə səmimi, bərabərhüquqlu, sıx müttəfiqlik münasibətləri qurmaq istəyir, yoxsa ermənilər Rusiyanı türklərdən qorunmaq üçün müvəqqəti «vasitə» hesab etdiyi kimi, Kreml də Ankaranı ancaq öz maraqlarını təmin etmək üçün müvəqqəti bir vasitə hesab edir?

Rus qoşununun Dağlıq Qarabağdakı komandanı, milliyyət etibarı ilə Azərbaycan türkü olduği bildirilən Rüstəm Muradovun başçılıq etdiyi qoşunların özlərini «sülhməramlı» statusuna uyğun aparmadığı bəllidir. Təsadüfi deyil ki, bu səbəbdən də mətbuatda Moskvaya onun dəyişdirilməsi barədə Azərbaycanın müraciət etməsi çağırışlarına rast gəlmək olur. Bu tələb də ən çox onun türk olduğu halda ermənilərin mənafeyinə xidmət etməsindən qaynaqlanır. Bu adamlara mənim bir sualım var: Xomeyni öləndən bəri uzun illər İranın ali siyasi rəhbəri milliyyətcə Azərbaycan türküdür, əgər o, bu ölkəyə rəhbərlik etdiyi uzun bir müddət ərzində orada türk dilində bir məktəb belə aça bilməyib və ya açmaq istəməyibsə, Azərbaycanla müharibədə ermənilərə doğma qardaşlıq edibsə, Rusiya dövlətinin hakimiyyət irearxiyasında İranın ali siyasi rəhbərinin səviyyəsindən azı on milyon pillə aşağıda duran R.Muradovdan reallıqda olandan artıq nə gözləmək olar? Xüsusilə o halda ki, rus qoşununun bu davranış proqramını ona Azərbaycana sərf etməyən üçtərəfli sazişi imzalamağa MƏCBUR edən Rusiya dövlətinin başçısı verib.

Mən bu sözlərlə Azərbaycan Prezidentini məsələnin bu məzmunda həll edilməsinə razılaşdığına görə qınamaq, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlarımızın 30 ildən sonra azad edilməsindəki möhtəşəm xidmətinə kölgə salmaq fikrində deyiləm. Bu, Azərbaycan üçün mövcud reallıqdan YEGANƏ çıxış yolu idi ki, o, məhz bunu da seçib. Demək istəyirəm ki, rus qoşunlarının bu günkü davranışı R.Muradovluq məsələ deyil. Bu məsələni bu gün Rusiyanın Türkiyəyə, Azərbaycana, ümumiyyətlə türklərə qarşı münasibətinin sübutu kimi birmənalı qiymətləndirmək də mümkün deyil. Ona görə ki, Rusiyanın bu gün İrəvanı əlindən buraxması Ermənistanda ABŞ və ya Çin qoşunlarının yerləşdirilməsi ilə bərabər, oradan Rusiyanın hərbi bazasının çıxarılması, yəni Rusiyanın Cənubi Qafqazdan qovulması deməkdir. Bunun Rusiya üçün elə bir iqtisadi zərəri olmasa da, hərbi-strateji cəhətdən onun ciddi məğlubiyyəti demək olardı.

Turan – Rusiya müttəfiqliyi baxımından Cənubi Qafqazda ABŞ və ya Çinin Rusiyanı əvəz etməsi bizim üçün sərfəli də deyil. Buna görə də bu məsələdə tələsik bir qərara gəlmək yanlış olardı. Səbrli, lakin diqqətli olmaqla bərabər hər bir hadisəni operativ və düzgün qiymətləndirib, uyğun tədbir görülməlidir.

Lakin üçtərəfli müqavilədə nəzərdə tutulan Ermənistan nizami qoşunlarının və qanunsuz erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılması, Dağlıq Qarabağ ərazisində Azərbaycan dövləti qanunlarının tətbiq edilməsi, azərbaycanlı qaçqın və köçkünlərinin bu ərazilərə qayıdaraq məskunlaşması, habelə bu ərazidərdən azərbaycanlıların qovulduğu vaxtdan sonra oraya başqa ölkələrdən gətirilmiş adamların deportasiyası və s. məsələlər ardıcıl olaraq addım-addım həll edilməlidir. Bu məsələdə Rusiyanın da maraqları, əlbəttə ki, öz mənafeimizə strateji və hətta taktiki məsələlərdə zərər vurmamaqla gözlənilməlidir.

Türk-rus müttəfiqliyinə zərər vura, rusların türklərə münasibətinin səmimiliyini şübhə altına ala biləcək çox mühüm məsələlərdən biri də Rusiyanın Qazaxıstana etdiyi ərazi iddiasıdır. Məlumdur ki, ruslar 1954-cü ildə kütləvi surətdə Qazaxıstan ərazisində geniş xam torpaqların mənimsənilməsi (əkinçilik üçün istifadə edilməsi) məqsədilə məskunlaşdırılmışdı. Düzdür, buna qədər Qazaxıstanın şimal hissəsində sürgün olunan müxtəlif millətlərin içərisində fərdi qaydada müxtəlif cinayətlərdə təqsirləndirərək məhkəmənin qərarı ilə sürgünə göndərilən ruslar da olub. Lakin onların sayı o qədər də çox olmayıb. Xam torpaqların mənimsənilməsi dövründə rusların Qazaxıstan ərazisində məskunlaşdırılması miqyası o qədər kütləvi olmuşdur ki, SSRİ-nin dağıldığı dövrdə ruslar Qazaxıstan əhalisinin təxminən yarısını təşkil edirdi. SSRİ dağıldıqdan sonra rusların çoxu Rusiyaya köçmüş, hazırda ruslar əhalinin təxminən 20 faizini təşkil edir. Görünür, otuz il öncə Moskva Dağlıq Qarabağ münaqişəsini Rusiyanın 150 il qabaq müxtəlif ölkələrdən gətirib məskunlaşdırdığı ermənilər üstündə qurduğu kimi, bu gün Qazaxıstanda da 66 il öncə Rusiyadan gətirilib, bu ölkənin ərazisində məskunlaşdırdığı rus əhalisi üzərində münaqişə qurmaqla, Qazaxstana torpaq iddiası ilə təzyiq göstərmək istəyir. Bu münaqişə hələ alovlanmasa da artıq ilk qığılcımları görünməkdədir. Növbədə isə yəqin ki, 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə baş vermiş zəlzələdən sonra Rusiyanın, Belarusiyanın və Ukraynanın müxtəlif şəhərlərindən gətirilib, şəhərin yenidən tikilib bərpa edilməsi işlərində istifadə edilmək üçün məskunlaşdırılan ruslardan və Sovet dövləti zamanı oraya köçürülmüş ermənilərdən istifadə etmək durur. Bundan başqa, Özbəkistan ərazisində özbək-tacik (taciklər farsdır) qarşıdurması yaratmaq imkanı da ehtiyat variantı kimi mövcuddur.

(Ardı var)

Şapur QASİMİ