“Rusiyanın agentləri Müdafiə, Daxili İşlər, Xarici İşlər, İqtisadiyyat nazirliklərində, Prezident Administrasiyasında, parlamentdə yerləşdirilib”

213

Sərdar Cəlaloğlu: “Yayılan siyahı əsl agentlərin gizlədilməsinə, onları qorumağa və ictimaiyyəti çaşdırmağa hesablanıb”

“Dövlət strukturlarında yerləşdirilmiş rus agenturasının təmizlənməsi prosesi gedir və Ramiz Mehdiyevin uzaqlaşdırılmasından sonra bu, dərinləşməyə başlayıb”

“İqtidar təcili müxalifətlə münasibətlərini yoluna qoymalı, xalqın və dövlətin maraqlarına xidmət edən milli qüvvələr hakimiyyət orqanlarına gətirilməlidir”

“Rus dilində təhsil Çingiz Abdullayevləri, Hikmət Hacızadələri, Rafiq Əliyevləri yetişdirir, xarici ölkələrə xidmət edənlər ordusunu formalaşdırır”

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Rusiyanın maraqları naminə əməkdaşlıq üçün nəzərdə tutulan azərbaycanlıların siyahısı, rus dilində təhsilin fəsadları, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin fəaliyyəti və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

– Sərdar bəy, bildiyimiz kimi, bu yaxınlarda dossier.center saytında Rusiya üçün işləyən azərbaycanlıların siyahısı açıqlandı. Necə düşünürsünüz, bu siyahının reallıq payı nə qədərdir?

– Əvvəla onu deyim ki, Azərbaycanda dövlət strukturlarında yerləşdirilmiş rus agenturasının təmizlənməsi prosesi gedir. Xüsusən, Ramiz Mehdiyevin uzaqlaşdırılmasından sonra bu proses dərinləşməyə başlayıb. Təbii ki, Rusiya özünün agenturasına cəlb etdiyi hakimiyyətdə təmsil olunan adamlarını qorumaq üçün ikinci, üçüncü dərəcəli aşağı səviyyəli agenturaya cəlb olunmuş və ya sadəcə, agenturaya cəlb olunan kimi bir siyahı verib. Guya Rusiyanın burada 76 nəfər agenti var. Onlar da tələbələrdir. Halbuki biz bilirik ki, Rusiya ilə ciddi əlaqələri olan adamlar 30 il bundan əvvəl cəlb olunublar. Bu gün hansısa 25-30 yaşı olan tələbənin agent olmasının mənası yoxdur. Onun nə hərbi sirlərə girişi var, nə də dövlət idarəçiliyindən xəbəri var. Azərbaycan üçün təhlükə yarada biləcək informasiyaya əli çatmır. Tələbənin ruslara nə xeyri ola bilər? Halbuki Rusiyanın agentləri Müdafiə, Daxili İşlər, Xarici İşlər, İqtisadiyyat nazirliklərində, Prezident Administrasiyasında, parlamentdə yerləşdirilib və onların əlində dövlətə nəzarət etmək üçün çox ciddi imkanlar var. Onların həm də Azərbaycanı inkişafdan saxlamaq, Rusiya maraqlarına doğru istiqamətləndirmək imkanı var. Ona görə deyirəm ki, bu siyahı əslində əsl agentlərin gizlədilməsinə hesablanıb.

– Sözügedən siyahının məhz indi, yəni Azərbaycan-Türkiyə birliyinin gücləndiyi, dövlətin xainlərdən təmizləndiyi bir vaxtda açıqlanması nəyə hesablanıb?

– Bu siyahının açıqlanmasının Azərbaycan-Türkiyə əlaqələrinə birbaşa dəxli yoxdur. Çünki Azərbaycan-Türkiyə əlaqələrinin tarixi bir-iki günlük deyil. Bu coğrafiyada min ildən artıqdır ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqəsi olub. Biz bir millət iki dövlət olduğumuza görə daim bir-birimizə kömək etmişik. Bəzi kiçik insident istisna olmaqla, bu min il ərzində Türkiyə ilə Azərbaycan arasında heç bir ciddi hadisə olmayıb. Hətta Orta Asiya türkləri ilə Şeybaninin, Teymurun vaxtında olan problemlər dini müstəvidə olub. Bu baxımdan, Türkiyə ilə Azərbaycan arasındakı yaxınlaşma təbiidir. Ona görə hesab etmirəm ki, 20 nəfər tələbənin adının sayta agent kimi verilməsinin bizim əlaqələrimizə mənfi təsiri olacaq. Əksinə, bunu ona görə ediblər ki, guya Rusiya – Azərbaycan əlaqələrinə neqativ təsir etsinlər. Bir dövlətin başqa bir dövlətin ərazisində agentura şəbəkəsi yaratması qanuna görə ziddir. Rusiyanın nə məqsədi var ki, özünün əleyhinə yönələn bir faktı yazsın. Əslində, Moskva özünün əsl agentlərini gizlətmək, hakimiyyətin içində olan agentlərini qorumaq üçün ictimaiyyəti çaşdırmaq məqsədi güdür.

– Görünür, elə bu səbəbdən də Dövlət Təhlükəsizik Xidməti həmin siyahının həqiqətə uyğun olmadığına dair məlumat yaydı…

– Aydın məsələdir. Agentura üçün dövlətin ən yüksək məmurları cəlb olunur. Dövlətin sirrlərinə əli çatan, inkişafa təsir göstərən adamlar cəlb olunur. Məsələn, ABŞ-da agentlərin 90 faizi kəşfiyyat orqanlarından çıxır. Rusiyada da elədir.

– Sizcə, bu, ucuz “tryuk” deyil?

– Bunlar Azərbaycan xalqına yuxarıdan aşağı baxırlar və hesab edirlər ki, 100 il əvvəl necə yalanlarla, gic-gic bəyanatlarla idarə etmişiksə, yenə də elə idarə edəcəyik. Leninin belə bir teleqramı var idi ki, “üzdə deyin ki, biz proletar inqilabı yayırıq, amma arxada Azərbaycanı işğal edin”. Rusların üzdə bir, arxada başqa cür olmaq siyasəti var. İndi də inanırlar ki, guya Azərbaycan xalqı avamdır.

– İnanırlar, yoxsa xalqımıza elə baxırlar?

– Həm elə baxırlar, həm də özlərini inandırırlar ki, nə yalan desək, qəbul edəcəklər. Daha düşmürlər ki, Azərbaycan 30 ildir dünyaya açılıb, Azərbaycanda xaricdə təhsil alan minlərlə insan var və Azərbaycan xalqı təkcə Rusiyadan yox, Türkiyədən, İrandan və başqa ölkələrdən informasiya almaq, nəticə çıxarmaq imkanına malikdir. Biz Rusiyanın hər addımının arxasında nə olduğunu bilirik, nə Lavrovun, nə Putinin, nə başqa rus siyasətçilərinin bəyanatlarına inanırıq və qəbul edirik. Bu siyahı məsələsi də Rusiyanın öz agentura şəbəkəsini gizlətmək üçün çox uğursuz cəhddir. O siyahıda Ramiz Mehdiyevin adı var? Digər rus agenti olan nazirlərin, komitə sədrlərinin, Müdafiə Nazirliyində olan şəxslərin adları yoxdur. Deməli, bu, yalançı bir siyahıdır. Öz agentura şəbəkəsini xalqın gözündən yayındırmaq və guya ictimai diqqəti bunlara yönəltmək üçün edilib. Ona görə Dövlət Təhlükəsizik Xidməti bəyanat verdi ki, bu siyahı yalandı və oradakı adamların rus agenturası ilə heç bir əlaqəsi yoxdur.

– Belə çıxır ki, Rusiya bu siyahı ilə özünün Azərbaycan xalqına baxışını, münasibətini ortaya qoydu…

– Rusiya ənənəvi olaraq çar dövründə bizə necə baxıbsa, indi də elə baxır. Rusiyanın bizə baxışı dəyişməyib.

– Yəni bizə Jirinovskinin deyimi ilə baxırlar…

– Bəli. Bizə geridə qalmış, savadsız xalq kimi baxırlar. Halbuki, ruslar mədəni-intellektual səviyyəsinə görə bizim xalqın onda biri deyil. Yəni bugünkü dövrdə də baxmayaraq ki, ölkədə düzgün təhsil sistemi qurulmayıb, lazım olan şərait yoxdur, Azərbaycanda vətəndaşların  99 faizi təhsil alıb. Rusların isə səviyyəsi aşağıdır. İntellektual səviyyədə ruslar bizdən çox-çox geridədir. Əhalisinin böyük əksəriyyəti alkoqolikdir. Böyük əksəriyyəti təhkimçilik hüququ ilə yaşayırlar. 170 milyon əhalisi olan ölkədə sanballı partiya yoxdur. Bir dənə Navalnı var, onu da zəhərlədilər, başına oyun açırlar. Onlar siyasi cəhətdən bizdən aşağıdır. Bizdə formal da olsa, 50 siyasi partiya qeydiyyatdan keçib. Rusiyada 4-5 partiya var. Həmkarlar ittifaqı demək olar ki, yox dərəcəsindədir. Azad mətbuat yox dərəcəsindədir. Rusiyada siyasi partiya sistemi Çin modelinə uyğundur. Çində kommunist partiyasi və 6 digər partiya var ki, bu 6 partiya da kommunist partiyasının maraqlarına xidmət etməlidir. Demokratiya görüntüsü yaratmaq üçün bu sistem qurulub. Bizdəki kimi siyasi mübarizə aparan, öz sərbəst fikrini səsləndirən təşkilatlar yoxdur. Jirinovski var, ona da Putinin səsləndirə bilmədiklərini dedirdirlər. Yoxsa, Rusiya demokratiya, iqtisadi, mədəni baxımdan bizdən çox-çox geridədir. Bizim xalqımızı çaşdıran nədir? Tutaq ki, ruslar 100 milyondur, onların 100 alimi var. Bizim xalq 10 milyondur, bizim 10 alimimiz var. Əhalinin müqayisəli sayını götürmək lazımdır. Biz 10 milyonluq xalqıq. Dünyaya nə qədər nəhəng alimlər, nə qədər dahilər vermişik. Rusiya kosmonavtikasının banisi azərbaycanlıdır. Rusiyanın əhali sayı ilə hərbçilərini götürsək, onlar da bizdən geridədir. Bu baxımdan, Azərbaycan xalqı kifayət qədər siyasi dünyagörüşlü, mədəni, sağduyulu xalqdır. Rusiyanın təhriki ilə ölkədə təhsil sistemi çökdürülüb. Ruslaşdırma apardılar, öz agentlərini yerləşdirib mədəniyyətimizi məhv etdilər. Bütün bunlara baxmayaraq, xalqımız ən ağır iqtisadi-sosial vəziyyətdə belə, öz intellektual inkişafının qayğısına qalır. Düzdür, bizim orta məktəblərdə təhsilin səviyyəsi düşünülmüş şəkildə aşağı salınır ki, cahil cəmiyyət formalaşdırsınlar. Amma fikir verirsinizsə, ən kasıb ailələr belə, uşaqlarına müəllim tuturlar ki, uşaqları oxusun.

– İnsanlarımız təhsil, savad üçün yenə də yol tapırlar…

– Bəli yenə də yol tapırlar. Bir çox olimpiadalarda uşaqlarımız özlərini göstərirlər. NASA-da, ABŞ-ın bir çox universitetlərində 15-dən çox azərbaycanlı işləyir.

– Bir məqalədə rast gəldim ki, Rusiyanın atom silah sənayesinin əsasını almanlar qoyub. Bu doğrudurmu?

– Hətta orta məktəb dərsliklərində də Avropanın kəşflərini alman-rus, ingilis-rus deyə təqdim edirdilər. Oğurlayıb gətirirdilər, adını qoyurdular ki, Rusiyanın kəşfidir. Onların ən məşhur alimi Lomonosovdur, onun kəşfi Molla Nəsrəddində lətifədir. Molla Nəsrəddin maddə kütləsinin itməməsini lətifə kimi təqdim edir. İndi məlum olur ki, optikanın da əsasını qoyan azərbaycanlı olub. Sadəcə, ruslar bizi tariximizdən qoparıblar. Biz öz tarximizdə dərinə getmirik. Azərbaycan xalqı dünyanın ən mədəni, intellektual xalqıdır.

– Bəs nəyə görə bəzi “ziyalılar” bizim dünyaya açılan pəncərəmizi rusca görürlər?

– Bu, həmin ziyalıların özlərinin pəncərəsinin olmamasından irəli gəlir. Azərbaycanın dünyaya açılan pəncərəsi onun öz dilidir. Biz azərbaycan dili ilə 500 milyon adamla çətinlik çəkmədən danışa bilərik. Rusca isə 100 milyon adamla danışa bilərik. Ruslar özləri alman, ingilis, fransız dili öyrənərək dünyaya çıxmaq istəyirlərsə, rus dili ilə necə dünyaya pəncərə aça bilərlər?! 3 dil dünya dilidir. İngilis dili-3 milyarda yaxın adam ingiliscə danışır. Ərəb dili-dünya müsəlmanlarının ortaq dilidir. Çin dili-Cənub-Şərqi Asiya xalqları arasında işlənir. Rus dili dünya dili deyil. BMT-nin 8 rəsmi dili var. Ondan biri də türk dilidir. Dilimiz də türk dili olduğuna görə biz öz dilimizi qoyub niyə rus dilində danışmalıyıq? Hansı pəncərədən söhbət gedir? Sənin dilin nəyə mane olur? Vaxtilə Qafqaza səfər edən Aleksandr Düma yazırdı ki, fransız dili Avropada hansı rolu oynayırsa Azərbaycan türkcəsi Qafqazda eyni rolu oynayır. Həm ermənilər, həm gürcülər, həm ləzgilər və s. Azərbaycan türkcəsini yaxşı bilirlər, hətta onların yazıçıları öz əsərlərini bizim dildə yazırdılar. Aleksandr Şirvanzadə adlı erməni yazıçısı bizim dildə yazıb. Sayat Nova bizim dildə yazıb. Ermənilər bizim mədəniyyətin kölgəsində böyüyüblər. Müsiqimizdən, mətbəximizdən, mədəniyyətimizidən təsirləniblər. Hətta Əli bəy Hüseynzadə Azərbaycanı tərk edib Türkiyəyə gedəndə Gürcüstan qəzetləri yazırdı ki, Qafqaz xalqları yetim qaldı. O dövrdə Qafqazın mədəni mərkəzi Tiflis şəhərində olduğuna görə bütün ziyalılar ora yığışmışdı. “Molla Nəsrəddin” jurnalı nəşr olunanda dünyanın hər yerinə gedib çıxırdı və abunə yolu ilə dünyanın yüz ölkəsinə gedirdi. Hindistana belə, gedib çıxırdı. Təkcə türk, müsəlman xalqlarının yox, bütün dünyanın problemlərini işıqlandırırdı. Həm də onun nəşri prosesində başqa millətlər də iştirak edirdi. Jurnalın karikaturaçılarından biri də yəhudi idi. Necə ola bilər ki, 150 il bundan əvvəl Azərbaycan Qafqazda bu qədər nüfuza sahib olsun, indi isə desinlər ki, bizim pəncərəmiz ruscadır.

– Həm də dilimiz kifayət qədər geniş arealda işlənən dil olub…

– Yalnız bu, yox. Həm də dillərin bir səviyyəsi var. Dil var ki, məişətdə işlənir. İnkişaf etdikcə olur siyasi dil. Daha sonra fəlsəfi dil səviyyəsinə çatır. Azərbaycan türkcəsi bütün səviyyələri keçib və ən son mərhələdə də biz bu dillə istər fəlsəfi fikirləri, istər dini fikirləri çox aydın və dəqiq şəkildə ifadə edə bilirik. Dilimizin lüğət tərkibi bizə bütün dünyanı dərk etməyə imkan verən sözlərlə zəngindir. Bu baxımdan, elə dillər var ki, məişət dilidir, o siyasi və s. terminləri başqa dildən götürür və başqa-başqa dillərin qarışığı olur. Amma bizim dilimiz elə nəhəng, yüksək dildir ki, o faktiki olaraq istənilən elmi, fəlsəfi, siyasi fikri ifadə etmək imkanına malikdir.

Dilin əsas göstəricilərindən biri də həmin xalqın dövlət yaratmaq potensialı ilə ölçülür. Azərbaycan tarixində 4 imperiyamız olub. Dünyada ən böyük imperiyalardan biri olan Nadir şahın qurduğu Azərbaycan imperiyasının 1 milyon 200 min kv. metr sahəsi olub. Şah İsmayıl Xətainin vaxtında bütün yazışmalar Azərbaycan türkcəsində aparılıb. Bu dil mədəni dil olub, böyük divanlar, poemalar, əsərlər yazılıb. Diplomatik dil kimi istifadə olunub. Sara Xatun Osmanlı ilə diplomatik görüşləri bu dildə keçirib. Digər xalqlar dilimiz vasitəsilə ünsiyyət qurublar. Bu baxımdan, Azərbaycan türkcəsi dünyaya pəncərə yox, qapıdır. Sən niyə qapını qoyub pəncərədən çıxmaq istəyirsən? O adamlar ki, Rusiyanın maraqlarını ifadə edirlər, Rusiyanın gizli və ya açıq agentura şəbəkəsinə cəlb olunublar, onlar müxtəlif bəzək-düzəklə ruslaşdırmaya haqq qazandırırlar. Eyni proses əsrin əvvəllərində də olub. Rus dilinin Azərbaycan dilindən fərli olmağı və ya Rusiya bizi xilas etdi, kimi şüarlarla. Halbuki bizdə belə bir fikir var ki, rüşvət bizdən ruslara keçib. Və ya belə bir deyim var idi ki, ruslar da pozuldu. 1920-ci ildə Lenin “Sosializmin 3 düşməni” haqda məqalə yazıb. Yazmışdır ki, “biz müsəlman xalqları rus çarizmindən qalan rüşvətxorluğundan xilas etməsək, sosializm inqilabı məğlub olacaq”. Yəni Lenin deyirdi ki, rüşvətxorluğu biz aparırıq başqa xalqlara. Rüşvət rus çarlığında adi hal idi. Digər qanun pozuntuları, “bespredel” hamısı ruslardan bizə gəlib. Deyirlər, ruslar qanunpərəstdir. Elə şey yoxdur. Ruslar qanunla yaşamırdılar. Digər mühüm bir məsələ – ruslar 300 il təhkimçilik hüququnda yaşayıblar. Hətta Rusiyada “birinci gecə hüququ” var idi. Bir oğlan evlənəndə mütləq arvadını aparıb birinci gecə üçün mülkədara verməli idi. 300 il bu qədər biabırçı vəziyyətdə yaşayıblar. Bunların müstəqil evlənmək hüququ belə, yox idi. Evlənmək, bir kənddən başqa kəndə getmək və köçmək hüququ mülkədarın icazəsi ilə idi. Bu, quldarlığın, köləliyin ən murdar forması idi. Quldarlıqda arvadını aparıb ağaya vermək qaydası yox idi. Burada isə öz arvadını birinci gecə üçün ağasına verən xalq indi gəlib “pəncərə” olub? Ruslar özləri sarayda fransız dilində danışırdılar. Tolstoyu fransızca lüğəti olmadan oxumaq mümkün deyil. Təkcə bu yox-rus aristokratiyasının dili, elitasının dili fransız olub. Çar sarayında türklüyü kim öldürüb? Fransız dili. Saraya nüfuz ediblər. Elə rus çarlarının arvadları alman olublar. Ruslar özləri başqa xalqların pəncərəsindən baxırlar, bizə deyirlər ki, rus pəncərəsindən baxın. Çox mənasız, əsassız fir fikirdir. Hər bir kişi öz doğma anasını sevdiyi kimi, anasının laylasını hansı dildə dinləyibsə, o dilin daşıyıcısı olur. Niyə atası azərbaycanlı, anası erməni olanlar hamısı Ermənistana xidmət edir. Bizdə qəribə bir şey var. Hətta atası da, anası da azərbaycanlı olanlar başqa millətə xidmət edir. Bu həmin rus dilli təhsil ilə əmələ gəlib. Görürsünüz, rus bölməsində oxuyanlar deyir ki, rus dili pəncərədir. Niyə öz dilimizdə oxuyanlar demir? Məsələn, Çingiz Abdullayev, rusdillidir. Buna görə də onun Rusiya ilə bağlı heç bir mənfi fikrinə rast gəlməzsiniz. O, bu gün də elə fikirləşir ki, Rusiya bizim qardaşımızdır, Rusiyasız yaşaya bilmərik. Hikmət Hacızadə xalq hərəkatında iştirak edən adamdır, deyir mən rusdilliyəm. Öz dilimizdə çətinliklə danışır. Biz niyə rus dilində təhsilə qarşı çıxırıq? Çünki rusdilli təhsil Çingiz Abdullayevləri, Hikmət Hacızadələri, Rafiq Əliyevləri yetişdirir, xarici ölkələrə xidmət edənlərin ordusunu formalaşdırır. Rusiya təhkimçiliyini mənimsəmiş insanlar formalaşdırır. Ona görə dil yalnız ünsiyyət vasitəsi yox, siyasi alətdir. İnsanlar hansı dildə danışırlarsa, o dildə düşünürlər. Bir azərbaycanlını rus bölməsinə qoysanız, o 18 yaşına gələndə rus kimi düşünəcək. Hansı dildə təhsil alıbsa, o dilin sözlərilə düşünəcək. Bu adam “namus” barədə necə düşünə bilər? Çünki rus dilində namus sözü yoxdur.

– Son vaxtlar rus dilli təhsilin ləğv edilməsinin gərəkdiyini deyənlər çoxdur. Siz də onların içindəsiniz. Bəs dövlət bu işlərə nə vaxt başlayacaq?

– Birinci vətəndaşlar ayılmalıdır. Yəni kim uşaqlarını rus bölməsinə qoyubsa, vicdanı varsa, uşaqlarını öz dilimizdə təhsilə cəlb etməlidirlər. Mən rus dilini bilməyin əleyhinə deyiləm. Demək olar ki, elmi kitabların çoxunu rusca oxuyurdum. Rus dilini bilsinlər, amma rus dilində təhsil olmasın. Təhsilin əsas hədəfi vətəndaş yetişdirməkdir. Hansı dildə təhsil alırsansa, o xalqın vətəndaşısan. Azərbaycanda hər il 160 min nəfər rusdilli olacaqsa, sabahdan onların sayı artdıqca burada ikinci dövlət dili kimi rus dili məsələsini qaldıracaqlar. Biz bu oyunları bilirik. Bilirik onların məqsədləri, uzağa gedən hədəfləri nədir. Bu konstitusion cinayətdir. Vətəndaşların verdiyi vergi ilə başqa dövlətlərin agentura şəbəkəsini hazırlayan təhsil sistemi yaradıla bilməz. Prezident təcili fərman verməlidir, rus bölmələri pullu olmalıdır. Özəl sektorlara çevrilməlidir. Azərbaycan dövləti yalnız dövlət dilində təhsili maliyyələşdirə bilər. Başqa xalqların dilində təhsilin pulunu Putin versin.

– Putin bunun pulunu versə, azərbaycanlı uşaq rusca oxumalıdır?

– Mən demirəm elə olsun, bunu edən kölədir, manqurtdur. Ata-anasının danışdığı dildən iyrənir, aparıb uşağına rus dili öyrədir.

– Belə çıxır ki, o adamlar kompleksli adamlardır…

– Əlbəttə komplekslidir. Ruslar uzun müddət Azərbaycan xalqı haqda yanlış fikir formalaşdırıblar. Azərbaycanlılar rüşvətxordur, qanuna tabe deyil, mədəni deyil, savadsızdır, gücü yoxdur, qorxaqdır, tənbəldir, satqındır, pambıqçıdır, rəqqasədir və s. Amma elmi, intellektual, siyasi, hərbçi deyil. Xalqa o qədər bunu deyiblər ki, xalqda özü haqda bu cür fikir formalaşıb. O da fikirləşir ki, mən bu xalqdan ayrılıb bu murdar keyfiyyətlərdən təmizlənməliyəm. Halbuki bizim xalq bütün parametrlərə görə ruslardan 100 dəfə yüksəkdədir. Rusların göstəricilərinin sayı ilə müqayisə etdikdə bizdən aşağıdırlar. Dünyaya təkcə musiqidə 7-8 nəhəng bəstəkar  vermişik. Bizdəki Fikrət Əmirova, Qara Qarayevə bərabər, Üzeyir Hacıbəyova bərabər bəstəkar yoxdur. Rusiyanın vaxtilə ən görkəmli musiqiçisi Rəşid Behbudov, Bülbül, Müslim Maqomayev idi. Rusiyada Tahir Salahov, Mikayıl Abdullayev səviyyəsində rəssam var? Digər sahələrdə də. Bu günki dünya aviasiyası Yusif Məmmədəliyevə borcludur. Eləcə də Rafiq Əliyev kibernetika sahəsində dahidir. Başqa sahələrdə də nəhənglərimiz var.

– Cəmiyyət və dövlət dilini qorumaq üçün konkret hansı addımlar atmalıdır?

– Dövlət dili haqda qanun var. İlham Əliyevin bu barədə çoxlu sərəncamları var. Bunların heç biri işləmir. Təhsil Nazirliyi görün, erməniliyi necə təbliğ edir. Azərbaycan dərs kitablarında ərazilərimiz erməni əraziləri kimi göstərilir. Bunu edən Azərbaycan Təhsil Nazirliyidir. Söhbət təkcə rus dilindən getmir ki, ermənilərin burda maraqlarını gözətləyən adamlar var. “Alov qüllələri”ndə erməni bayrağı əks olundu. Bunu kim edir? Azərbaycan iqtidarında olan ermənilər. Rabitə Nazirliyində ermənilərə kim tezlik verir? Hamısı öz içimizdə olan ermənilərdir. Azərbaycan təmizlənməlidir. Erməni-rus cinayətkar quldur dəstəsi təmizlənməli, hakimiyyətdən uzaqlaşdırılmalıdır. Ramiz Mehdiyev cəzanlandırılmalıdır, amma hələ onunla polemika gedir. Bu adamın 26 il Azərbaycanda kadr siyasətində Rusiyanın kəşfiyyatına cəlb edilmiş icra hakimləri, nazirlər, komitə sədrləri ifşa olunmalıdır. Lakin hələlik barəsində lazımı addım atılmayıb. Görünür, hələ güclüdür. 26 ildə o qədər çox kadr yetişdiriblər ki, bunlar böyük ordudur. Ruslar yalandan 76 nəfərin siyahısını veriblər. ABŞ məlumat vermişdi ki, Azərbaycanda təkcə Rusiyaya pul ilə işləyən 80 min agent var. Bu, hələ məlum olandır. Bəlkə də ikiqat çoxdur. Bu baxımdan, hökuməti də qınamaq olmur. Həddən çoxdurlar agentlər. Hökumətin ən böyük səhvi müxalifətə olan münasibətdir. İqtidar təcili müxalifətlə münasibətlərini yoluna qoymalıdır. İstiqlalçı qüvvələrin hakimiyyət orqanlarında təmsil olunmasının qapısını açmalıdır. Parlament tamamilə Rusiyanın nəzarətindədir, buraxılmalıdır. Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edən milli qüvvələr hakimiyyət orqanlarına gətirilməlidir.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA