“Rusiyanın 102-ci bazasının Xankəndinə köçürülməsi beynəlxalq səviyyədə çox ciddi qarşıdurmaya gətirə bilər”

261

Məhəmməd Əsədullazadə: “Prezident Ramiz Mehdiyevin başçılıq etdiyi klanın qarşısını çox sərt şəkildə alır, onların dayaqları zəiflədilir”

“Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlməsi Azərbaycanın lehinə, Ermənistan-Rusiya tandeminin əleyhinədir”

“Müxalifətlə daha səmimi dialoqun göstəricisi olaraq hakimiyyət Tofiq Yaqublunu azad etməlidir”

Belarusda keçirilmiş prezident seçkilərindən bir ay ötdü. Seçki nəticələrindən narazı olan xalqın çox hissəsi hələ də sakitləşmək bilmir, dəyişiklik tələb edir. Rusiya isə iki NATO ölkəsi – Türkiyə və Yunanıstan arasındakı çəkişmələrdən istifadə edərək, Aralıq Dənizi bölgəsində mövqelərini möhkəmlətməyə və çoxdankı arzusu olan NATO-nu parçalamağı həyata keçirməyə çalışır. Gündəmdəki bu və digər məsələlərə politoloq Məhəmməd Əsədullazadə ilə aydınlıq gətirməyə çalışdıq.

(Əvvəli ötən sayımızda)

Bidzina İvanişvili Rusiyanın nəzarətində olan şəxsdir və Kremlin təlimatlarını həyata keçirir”

– Mixail Saakaşvili Gürcüstan siyasət meydanına geri qayıdacağını bəyan edib. Rusiyanın Gürcüstandan da çıxarlmasına şahid ola biləcəyikmi? Saakaşvili bunu bacaracaqmı?

– Bilirik ki, Gürcüstan hakimiyyəti Rusiya ilə müəyyən təmaslara malikdir və gürcü hakimiyyəti müəyyən məsələlərdə Rusiyanın maraqlarını nəzərə alır. Bu da ABŞ-da müəyyən narahatçılığa səbəb olur. Çünki Bidzina İvanişvili Rusiyanın nəzarətində olan şəxsdir və Kremlin təlimatlarını həyata keçirir. Onun hakimiyyətdə qalması da seçki saxtakarlığı ilə baş tutdu. Artıq İvanişvili hökuməti prosesi ələ alıb. Saakaşvilinin oktyabrda keçirləcək parlament seçkilərində namizədliyi irəli sürülüb. Amma onun qələbə çalıb bu vəziyyətdə Gürcüstana qayıtması mümkün deyil. Əgər 2004-cü ildə olduğu kimi böyük xalq kütləsinin “Qızılgül” inqilabı ayaqlansa, xalq indiki İvanişvili hakimiyyətini devirə bilsə, ABŞ müxalifətin “Güc Birlikdədir” koalisiyasına tam dəstək olsa, yalnız bu şəraitdə Saakaşvili qayıda bilər. Yox, keçən ilki prezident seçkiləri kimi müəyyən qruplar etiraz etsə və bu geniş xalq ayaqlanmasına gətirməsə Saakaşvilinin bu situasiyada Gürcüstana qayıtması sadəcə polemikadır. Yalnız bəyanatlar, mesajlar verilməsi kifayət deyil. Bu bəyanatlar Gürcüstan vətəndaş cəmiyyətinin siyasi ayaqlanmasına gətirə bilər, amma hakimiyyətdə də güclü resurslar var və nəyin bahasına olursa-olsun Rusiya da çalışacaq ki, Saakaşvili hakimiyyətə gəlməsin. Amma Saakaşvili hakimiyyətə gəlsə, regionda da vəziyyət çox ciddi şəkildə dəyişə bilər. Bu Azərbaycanın lehinə, Ermənistan-Rusiya tandeminin əleyhinədir. ABŞ-Türkiyə-Azərbaycan və Gürcüstan tandemi bir  yerdə olacaq. Onu da deyim ki, hazırda Gürcüstanda sosial-iqtisadi vəziyyət çətindir. Xalq həqiqətən də Saakaşvilini istəyirsə biz xalqın prosesdə necə iştirak edəcəyinin şahidi olacağıq.

“Azərbaycana Qarabağ məsələsində Türkiyədən diplomatik və hərbi yardım məsələsi aktivləşdikcə, separatçılar Kremllə əlaqələrə daha da üstünlük verəcəklər”

– Ermənipərəst “İareks” saytında yayımlanan məqalədə bildirilir ki, qondarma rejimin mətbuat katibi Vaqram Poqosyan “facebook” səhifəsində yazıb ki, Qarabağda rusdilli efir artırılacaq. Materialda vurğulanır ki, 102-ci rus bazasını Gümrüdən Xankəndinə köçürmək pis olmazdı, yəni İrəvanın çətirinin altında mümkün olmasa, Kremlin çətirinin altına girmək müzakirə olunur. Nə düşünürsünüz Moskva buna gedərmi?

– Hazırda biz Ermənistanın özündə Rusiyaya qarşı anti-Rusiya əhval-ruhiyyənin formalaşmaqda olduğunu görürük. Ermənistanın baş naziri Nikol Paşinyan da sanki bu istiqamətdə siyasət aparır. Azərbaycanın işğal olunmuş ərazilərində mövcud olan separatçı rejim ilə Paşinyan arasında soyuq münasibətlər yaşanmaqdadır. Həmçinin, buradakı separatçı rejim Rusiya ilə bağlara sahibdir və separatçıların bu açıqlamaları Rusiya tərəfindən təlimatlandırılır. Buna görə rus dilinin inkişaf etdirilməsi, rusdilli məktəblərin açılması, 102-ci bazanın Xankəndinə köçürülməsi məsələsi qaldırılır. Çünki fikir versəniz Azərbaycana Qarabağ məsələsində Türkiyədən diplomatik və hərbi yardım məsələsi aktivləşdikcə, separatçılar Kremllə əlaqələrə daha da üstünlük verəcəklər. Görünür, burada Moskvanın rolu var. 102-ci bazanın Xankəndinə gəlməsi mümkün deyil. Bura hüquqi olaraq Azərbaycanın ərazisidir. Düzdür de-fakto Ermənistanın nəzarətindədir. Amma de-yure Azərbaycanın ərazisidir. 102-ci bazanın bura gətirilməsi beynəlxalq səviyyədə çox ciddi qarşıdurmaya gətirə bilər. Hesab edirəm ki, Moskva buna getməz. Bu kimi açıqlamalar yalnız Rusiya-Azərbaycan əlaqələrində gərginlik yaratmağa hesablanıb.

“Tofiq Yaqublunun həbsdə qalması Azərbaycan dövlətçiliyi üçün Qərbdən təzyiqlərin formalaşmasına gətirə bilər”

– Bilirik ki, iqtidar Real və Milli Cəbhə Partiyalarını yaxın vaxtlarda qeydə aldı və bu addım siyası açılım kimi dəyərləndirilir. Tofiq Yaqubluya qarşı da humanist addım atılması ölkədə konsensusa gedilməsi üçün faydalı olmazmı? Ümumiyyətlə siyasi açılımın genişlənməsi ölkənin siyasi həyatına necə təsir göstərə bilər?

– Mənim funksioneri olduğum Milli Cəbhə Partiyasının qeydə alınması prezident İlham Əliyevin yeni siyasi konfiqurasiyasının tərkib hissəsidir. Bu çox düzgün siyasətdir. Ölkədə siyasi sağlamlaşmaya, partiyalarla dövlət arasında dialoqun formalaşmasına gətirib çıxaracaq bir prosesdir. Bunu alqışlamaq lazımdır. Tofiq Yaqublunun həbsinə gəldikdə isə bu, ədalətsizlikdir. Tofiq Yaqublunun həbsdə qalması Azərbaycan dövlətçiliyi üçün Qərbdən təzyiqlərin formalaşmasına gətirə bilər. Onun azad olunması mütləqdir. Bir tərəfdən siyasi dialoq, açılım elan edilir. Digər tərəfdən qanunsuz həbslər həyata keçirilir. Bu cür işlər dayandırılmalı, müxalifətlə daha da səmimi dialoqun göstəricisi olaraq hakimiyyət Tofiq Yaqublunu azad etməlidir. Səkkiz gündür ki, o aclıq aksiyası keçirir. Ona şamil edilən ittihamlar qanunsuz və qondarmadır. Hesab edirəm ki, ölkə başçısı bu istiqamətdə gərəkli addımları atacaq. Yaqublu azadlığa qovuşacaq. Həqiqətən də bu, cəmiyyətdə böyük təpkiyə səbəb oldu.

“İcra hakimləri, dövləti hüquq və məhkəmə sistemində Ramiz Mehdiyevin adamlarının olması onun dirənişini göstərir”

– Məhəmməd bəy, qəribə deyilmi ki, Yaqublunun həbs qərarını verən adam Ramiz Mehdiyevin qardaşı oğludur. Sizcə, bu qərarın verilməsi prezidentə qarşı qəsdən atılmış addım deyilmi?  

– Bilirsiniz, burada dövlət içində paralel idarəetmədən söhbət gedir. Prezident Ramiz Mehdiyevin başçılıq etdiyi bu klanın qarşısını çox sərt şəkildə alır, onların dayaqları zəiflədilir. İcra hakimləri, dövləti hüquq və məhkəmə sistemində Ramiz Mehdiyevin adamlarının olması onun dirənişini göstərir. Onlar çalışırlar ki, öz dayaqlarını möhkəmləndirsinlər, hakimiyyətin islahat proqramına qarşı dirəniş göstərsinlər və islahata mane olmaqla hakimiyyəti gözdən salsınlar. Hesab edirəm ki, prezidentin bu məsələyə müdaxiləsi lazımdır. Hüquq-mühafizə və məhkəmə sistemində də artıq təmizləmələrin getməsi mütləqdir. Tofiq Yaqublunun da işi ədalətli şəkildə öz həllini tapmalıdır.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA