“Rusiyadan Azərbaycanın təhlükəsizliyinə, suverenliyinə çox ciddi təhdidlər var”

180

Məhəmməd Əsədullazadə: “Məhz Ramiz Mehdiyev rus kalonunun buradakı başçısı olub, Azərbaycanın əleyhinə çox ciddi işlər görüb, agentura şəbəkəsini formalaşdırıb”

“Çingiz Abdullayev kimi dardüşüncəli, kölə təfəkküründə olanlar Azərbaycan üçün çox təhlükəlidir”

“Rus dilinin ölkəmizdə inkişaf etməsi müxtəlif qurumlarda təmsil olunan “5-ci kalon” nümayəndələrinin fəaliyyətidir”

Bugünlərdə ölkədə Türkiyə-Azərbaycan birliyinin güclənməsi prosesi gedərkən “5-ci kalon” deyilən şəbəkənin aktivləşməsi müşahidə olunur. Beynəlxalq gündəmdə isə Aralıq dənizi məsələsi aktivdir. Bu və digər önəmli məsələlərə politoloq Məhəmməd Əsədullazadə ilə aydınlıq gətirdik.

– Məhəmməd bəy, iki gün əvvəl Tərtərdə türk bayrağının endirilməsi insanların kütləvi yürüşünə səbəb olub. Sumqayıtda da belə hadisə baş vermişdi. Son “Türk ordusu qal” aksiyasında da türk bayraqlarının polislər tərəfindən yığışdırılması barədə məlumatlar yayıldı. Qarabağın azad olunmasında türk ordusunun köməyi müzakirə olunarkən “5-ci kalon”un qüvvələri Türkiyə ilə Azərbaycanın arasını açmaq və Azərbaycanı tək qoymağı planlayırlar? Məqsəd budurmu?

– Bilirsiniz, Ermənistanın və arxa fonda ona dəstək verən Rusiyanın son Tovuz təxribatlarından sonra hər dəfə ümumi siyasi vəziyyət mürəkkəbləşir. Xalqın siyasi birliyi, gənclərin paytaxt küçələrində geniş aksiyası və bundan əlavə türk ordusunun Azərbaycana gəlişi, Naxçıvan, Türkiyə, Yevlaxda son 30 ildə HHQ və quru qoşunlarının iştirakı ilə ən irimiqyaslı birgə hərbi təlimin keçirilməsi Rusiya və “5-ci kalon”u çox narahat edir. Bu fonda Azərbaycan xarici işlər naziri Moskvaya dəvət edildi. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya gəldi, bağlı qapılar arxasında türk qoşununun nə vaxta kimi Azərbaycanda qalacağı və nə vaxt ölkədən çıxacağı barədə mesajlar verdi. Açıqlanmasa da vəziyyət belə idi. Əlbəttə ki, rəsmi Bakının tutduğu xətt sırf Türkiyə istiqamətindədir.

Bundan əlavə, Rusiya və “5-ci kalon”un anti-Azərbaycan siyasəti təkcə türk qoşunlarının Qarabağ məsələsində yardımını nəzərdə tutmur. Rusiyanın arxa fonda Bakıya təzyiqləri var. Azərbaycan prezidenti Putinlə telefon danışığında onun nəzərinə çatdırdı. Həmçinin mətbuata açıqlanmayan bəzi nüanslar var. Rusiyadan Azərbaycanın təhlükəsizliyinə, suverenliyinə çox ciddi təhdidlər var. Türk qoşunları təkcə Qarabağa görə Azərbaycanda deyil, ölkəmizin suverenliyinə yönəlmiş rus təhdidinin qarşısını almaq üçün, müstəqilliyimizin qarantı olmaq üçün buradadırlar. Türk ordusu getməyib, lokal təlimlərdədir. Gələk “5-ci kalon” məsələsinə-türk bayraqlarının Sumqayıtda, Tərtərdə, Ağdamda, cəbhə bölgəsində endirilməsinə gəldikdə isə Azərbaycan uzun illərdir ki, rus imperiyasının tərkibində olub və bizim qonşumuzdur. Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edirsə, Azərbaycan kimi kiçik ölkədə ixtişaş yaratmaq, iqtidara qarşı sabotaj yaratmaq onlar üçün “iki vur ikidir”. Düşünürəm ki, Mehdiyev-Əli Həsənov xətti məhz Rusiya xəttidir. Prezident İlham Əliyev vaxtında onları hakimiyyətdən uzaqlaşdırdı və mətbuatda onların əleyhində gedən yazılar, açıqlamalar həqiqətə uyğundur, reallıqdır. Məhz Ramiz Mehdiyev rus kalonunun buradakı başçısı olub, Azərbaycanın əleyhinə çox ciddi işlər görüblər. Agentura şəbəkəsini formalaşdırıb. İndi də köhnə qvardiyanın təmsilçiləri olan icra başçılar var. Rusiya yatmayıb, çalışır ki, Türkiyə-Azərbaycan birgə hərbi-siyasi platformasını məhv etsin. Belə bir fikir formalaşdırmaq istəyirlər ki, xalqımız türk bayraqlarını endirir və Türkiyəyə mesaj vermək istəyirlər ki, baxın Azərbaycan xalqı türk bayrağını endirir. Bayraq isə türklər üçün çox önəmlidir, namus məsələsidir. Ona görə bu təxribatı bayraqla başladılar. Mən Azərbaycan rəsmi qurumlarına çağırış edirəm ki, bu məsələdə diqqətli olsunlar. Türk bayrağını endirmək elə Azərbaycan bayrağını endirməkdir. Azərbaycanın rəsmi orqanları türk ordusuna qarşı sabotajlara imkan verməməlidir. Türk bayrağına əl qaldıranlar çox ciddi cəzalanmalıdırlar.

– Necə düşünürsünüz, sabotajların qarşısını almaqda QHT-lər, vətəndaş cəmiyyəti,  siyasi partiyalar iştirak etməməlidirlərmi?

– Əlbəttə etməlidirlər. Milli Cəbhə Partiyasının funksioneri olaraq hesab edirəm ki, bu yanlış bir qərardır. Biz Azərbaycanın rəsmi qurumlarından bu yanlış hərəkətin cəzalandırılmasını tələb edirik. Bundan əlavə türk bayrağının endirilməsini türk ordusunun istənilməməsi kimi qələmə verməyə çalışırlar.

– Azərbaycanın əsas dəstəkçisi Türkiyə olduğu üçün bizi gözdən salmağa və təkləməyə çalışırlar…

– Bəli, biz bir millət iki dövlətik. Bu həssas dönəmdə törədilən sabotajlara nə Türkiyə, nə Azərbaycan gedəcək. QHT-lər, partiyalar, ictimai birliklər ortaq mövqe qoymalıdırlar. Xalqın içindən şəxslər hamıdan önə keçib onların dərsini verdi. Xalq dövləti qorumaq üçün özünün də rol oynadığının fərqindədir.

– Biz elə bilirdik ki, “5-ci kalon”un təmsilçisi yalnız Ramiz Mehdiyevdir, amma belə olmadığını gördük. Bu şəbəkə həm yazıçılar, həm ictimai xadimlər formatında mövcuddur. Prezident onların üzərinə getdikcə özlərini ifşa edirlər. Rus məktəblərinin qalması barədə çıxışlardan bunu gördük. Siz nə düşünürsünüz bu barədə?

– Çingiz Abdullayev kimi dardüşüncəli, kölə təfəkküründə olanlar Azərbaycan üçün çox təhlükəlidir. Rus dili beynəlmiləl dil deyil. Rus dili elmə, texnoloji tərəqqiyə nəyi bəxş edib?

– Zaman keçdikcə işlənmə arealı daha da kiçilir…

– Bəli, düşünürəm ki, Çingiz Abdullayev kimi şəxslər “5-ci kalon” şəbəkəsinin nümayəndələridir. Hikmət Hacızadə Əbülfəz Elçibəy hökumətinin vaxtında Moskvada səfir olub. Görünür, Hacızadə bu dövrdə “verbovka” olunub. Niyə dünyaya “rus dili pəncərəsindən baxmalıyıq? Puşkini, Dostoyevskini başqa dillərdə də oxumaq olar. Heç MDB ölkələrində rus dili artıq qəbul edilmir. Ruslar özü ingilis, alman, fransız dillərinə üstünlük verirlər. Rus dilinin ölkəmizdə inkişaf etməsi müxtəlif qurumlarda təmsil olunan “5-ci kalon” nümayəndələrinin fəaliyyətidir. 360 məktəbdə, ildə 90 min şagirdin rus dilində təhsil alması rusbaşların və Rusiya təbəəsinin yetişdirilməsi deməkdir. Onlar əlbəttə Çingiz Abdullayev, Hikmət Hacızadə kimi düşünəcəklər. Rus məktəbləri pullu olmalıdır və xarici dil statusu almalıdır.

– Onlar belə bir fikir irəli sürürlər ki, bu məsələ siyasiləşdirilməməlidir. Niyə siyasiləşdirilməsin?

– Bu çox ciddi siyasi məsələdir. Putin Azərbaycana gələndə rus dilinin önəmindən danışır. Cox təəssüf ki, Ceyhun Bayramov Moskvada Lavrova izahat verdi ki, ölkəmizdə rus dilli tədris inkişaf edir. Lavrov da bunu xoş qəbul etdi. Rus məktəbləri Rusiyanın Azərbaycanı mədəni şəkildə işğal etməsidir. İndi hibrid müharibələr dövrüdür. Topla, silahla işğal lazım deyil. Beyinlərin işğalı bir ölkəni ələ keçirmək üçün kifayət edir. Milli Məclisdə qanun qəbul edilməlidir ki, rus dilli təhsil ləğv edilsin, xarici dil kimi tədris edilsin.Bundan başqa necə ki, Ermənistanda Rus KİV-nin qapadılması üçün qanuni dəyişiklik edildi, burada da edilsin. Rus telekanalları pullu olsun.

– Bəs məktəblərdə türk bölməsi yaradıla bilərmi?

– Buna ehtiyac yoxdur, dilimiz onsuz da eynidir. Amma türk tarixi fənn kimi keçilə bilər və uşaqlara türk kimliyinin yeridilməsi üçün, milli kimlik yetişdirilməsi üçün ortaq türk tarixi öyrədilməlidir. Yalnız Anadolu yox, bütün türklərin tarixindən söhbət gedir. Məsələn, İranda fars tarixinin öyrədilməsinə çox ciddi fikir verilir. İran türkləri çox ciddi təhqir olunur. Türklər farsların düşməni kimi təsvir olunur. İranda məktəb dərsliklərində fars əyalətləri aslan, türk əyalətləri zolaqlı zebra kimi təsvir olunur. Farslar millətçililklərini belə iyrənc şəkildə fars uşaqlarının beyninə yeridirlər. Həm də İrandakı türk uşaqlarının beyninə yeridirlər, şüuraltı səviyyəsində omları təhqir edirlər. Türklər Mərkəzi Asiya, Qafqaz, Anadolu, Rusiya, Çində yayılıblar. Türkiyənin Cənubi Qafqaza, buradan Mərkəzi Asiyaya və Uyğurustana uzanması baş verəcək və Aralıq dənizində, Yaxın Şərqdə mövqelərini möhkəmləndirsə, Cənubi Qafqazdan çıxmasa 2040-cı ilə kimi Mərkəzi Asiyaya açılacaq. Əminliklə deyirəm ki, rəhmətlik Vəfa Quluzadənin bir sözü var idi – “Rusiya mütləq parçalanacaq”. Rusların da qorxduğu odur. Tatarıstan, Başqırdıstan qopa bilər.

– Məhəmməd bəy, Rusiyanın parçalanması birbaşa hansı dövlətlərin marağındadır? Hansı dövlətlər bu yöndə iş aparır və Rusiya parçalanacağı təqdirdə o ərazidə hansı dövlətlər yarana bilər?

– Rusiyanın parçalanmasının qarşısını almaq üçün Putin hakimiyyətə gətirildi. Rusiya demokratik dövlət olsa parçalanacaq, mövcud ola bilməyəcək. Çünki, Rusiyanı idarə edən siyasi elita deyil, hərbi elitadır, xüsusi xidmət orqanlarıdır. BorisNemtsovu Kreml yaxınlığında ona görə güllələdilər ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmirdi. Demokratik siyasi düşüncəyə malik idi. Navalnını da buna görə zəhərlədilər. Putini hakimiyyətə rus dərin dövləti gətirib və xüsusi xidmət orqanları çalışırlar ki, onlarla əməkdaşlıq etməyən hər bir siyasətçini aradan götürsünlər. Rusiya Dumasında olan siyasi partiyaların nümayəndələri xüsusi xidmətin-hərbi elitanın təmsilçiləridir. Azərbaycanda da bəzi diplomatlar, yazıçılar Rusiya hərbi elitasına daxil olan şəxslərdir.

– Dünən (srağagün-red.) rus saytında Rusiya ilə əməkdaşlıq edən 76 nəfər azərbaycanlının adı olan siyahı açıqlandı və bunlar hamısı deyil. Dərin qatlarda daha çoxdur…

– Rəsmi Bakı bu istiqamətdə çox ciddi işlər görməlidir. Türkiyə mütləq həmin şəxslərin ölkədən uzaqlaşdırılmasına və neytrallaşdırılmasına çalışacaq. Bakı-Ankara tandemi bu qaranlıq işlərin qarşısını almalıdır. Rusiyanın parçalanmasında ABŞ hazırda maraqlı deyil. Moskvanın əlində nüvə silahı var. ABŞ istəyir ki, bu tədricən baş versin. Rusiyanın parçalanması birbaşa Sibir bölgəsinin Çin regionu olmasına gətirəcək. Çin buna iddialıdır. Pekin əmək miqrasiyası adı altında öz əhalisini yerləşdirir, çalışır ki, Sibir bölgəsini ələ keçirsin. Bu bölgə karbohidrogen yataqları ilə zəngindir. Şərqi Sibiri ələ keçirdikdən sonra Çin fövqəlgüc ola bilər və ABŞ bunu özünə təhlükə olaraq görür. Buna görə Vaşinqton gözləməyi tərcih edir və Rusiyanın parçalanmasını sürətləndirməyə Çini zəiflədəndən sonra start verəcək. Hazırda isə ABŞ Çinlə ticari savaş aparır. Parçalanma baş verdikdən sonra Tatarıstan, Başqırdıstan, Komi, Yakutiya kimi dövlətlər ortaya çıxa bilər və Rusiya Moskvaya qədər kiçilə bilər ki, əslində tarixi rus torpaqları elə Moskvadır. Moskvadan yuxarı Ural-Altaya qədər ərazilər türk əraziləridir. Federasiyada olan türk xalqları dilləri uğrunda mübarizə aparırlar. Son konstitusiya dəyişikliyində Putin rus dilini muxtar subyektlərdə məcburi edərək, yerli dillərin tədrisinin qarşısını aldı. Görünür Moskva türk xalqlarının milli kimliyinin oyanışından narahatdır. Yeni gənclik Rusiyanın tərkibində qalmayacaq.

– Rusiyada Krımı da əhatə edən yeni dövlət proyekti – Xazariya barədə məlumatlar var. Bu reallaşa bilərmi?

– Söhbət ikinci İsrail dövlətindən gedir…

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA