Rusiyada azərbaycanlılar arasında qanlı insident – YENİLƏNİB

    21

    Rusiyada azərbaycanlılar arasında baş vermiş silahlı insidentin təfərrüatı məlum olub.

    Oxu.Az Yamalpro.ru saytına istinadən xəbər verir ki, dekabrın 1-də Nadım şəhərində atışma nəticəsində güləş üzrə məşqçilər – Məmmədovlar qardaşları yaralanıb.

    Onların yaxın qohumu Aqşin Həsənov isə aldığı güllə yarasından ölüb. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılsa da, müstəntiqlər onun adını açıqlamırlar.

    Hadisənin təfərrüatı barədə məlumat verən zərərçəkən Yalçın Məmmədov bildirib ki, atəşi yerli etnik cinayətkar qruplaşmanın üzvləri kimi tanınan Axundovlar qardaşları açıblar. Səbəb kimi zərərçəkənlərin ailəsinin onlara pul ödəməkdən imtina etməsi göstərilir.

    “Qruplaşmanın rəhbəri Qaraş Axundovdur. Onlar 2000-ci illərin əvvəlindən şəhərdə sahibkarlardan – diaspora üzvlərindən pul yığırlar. Biz kasıb ailə sayılmasaq da, iki il əvvəl onlara pul ödəməkdən imtina etdik”, – deyə Y. Məmmədov bildirib.

    O əlavə edib ki, Axundovlar qardaşlarının üzv olduğu cinayətkar qruplaşma hüquq-mühafizə orqanlarından da çəkinmir. Y. Məmmədovun sözlərinə görə, vaxtilə Axundovlar yerli məhkəməyə də hücum ediblər.

    09.19

    Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Nadım şəhərində silahlı insident zamanı qətl törədən iki şəxsdən birini yaxalayıb.

    Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, dekabrın 1-i gündüz saatlarında şəhərdəki binalardan birinin qarşısında baş verən mübahisə zamanı iki nəfər silahlı şəxs üç şəhər sakininə atəş açıb.

    Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb. Yaralılar şəhər xəstəxanasına çatdırılıb.

    Hüquq-mühafizə orqanları şübhəlilərin kimliyini dərhal müəyyən ediblər. Hər iki şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Məlumatlara görə, şübhəlilərdən biri artıq həbs edilib.

    Ona qarşı qətl və ikidən çox şəxsə qarşı sui-qəsd maddələri ilə cinayət işi açılıb. Hadisənin təfərrüatı araşdırılır. İkinci şübhəlinin saxlanılması üçün əməliyyat davam etdirilir.

    “Prestupnaya Rossiya” portalı isə Nadımdakı insidentin Azərbaycandan olan avtoritetlər arasında baş verdiyini açıqlayıb. Öldürülən şəxs mütəşəkkil cinayətkar dəstənin rəhbəri olan Aqşin Həsənov, yaralılar isə qardaşlar YalçınMais Məmmədovdur.