RUSİYADA BİZİ NİYƏ ƏZİRLƏR… – Və yaxud rus polisi tərəfindən vəhşicəsinə kötəklənməsinə başqa hansı millət dözərdi?! / II HİSSƏ

228

Bir rus görəndə oluruq xar yanında 

M.Ə.Sabir

Azərbaycanlıların rus polisi tərəfindən vəhşicəsinə kötəklənməsini gördük. Daha sonra hamısının da əllərini qandallayıb üzü-üstə yerə sərdilər. Mən təsəvvür edirəm, ruslar əllərinə fürsət düşəndə müsəlmanları qəsdən alçaltmaq üçün nə qədər ana söyüşü işlədiblər. Döyülüb yerə uzadılan, anası, əzizləri söyülən cavanların nələr çəkdiyini bir Allah bilir.

İllər boyu Rusiyada alverlə məşğul olanlar, ya da təhsil alanlar belə səhnələri  çox görüblər. Və hamı da bununla barışıb, qulaqlar dolub, üzlər bozarıb, təhqirlərə adətkərdə olub Omon Rusiya şəhərlərində reyd keçirəndə birinci özbəklərin, taciklərin, azərbaycanlıların üzərilərinə şığıyir. Yaxşı bilir ki, bu güruhun içindən müqavimət göstərən tapılmayacaq, o çoxdan qisməti ilə barışıb. İnsan kimi hüququnu qorumaq istəyənin başına min oyun açılır.

Bədbaxt azərbaycanlı da dözür, rezin dəyənəklə döyülür, söyülür, malı-zadı ayaq altında dağıdılır, pulu əlindən alınır. Kimə şikayət eləsin? 75 yaşında səhnədə çəyirtkə kimi atılıb düşən Polad Bülbüloğlu bir səfir kimi hansı dərdə dərman edib ki, durub alçaldılan soydaşlarının imdadına da çatsın. O, çoxdan ruslaşmış, indi də yavaş-yavaş ingilisləşən harın zümrənin qulluğundadır.

(Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/rusiyada-bizi-niye-ezirler/)

İyun ayının 13-də rus ordusunun şərəfinə inşa edilmiş əzəmətli məbədin açılışı oldu. Provoslav kilsəsinin xadimlərinin bər-bəzəkli libaslarından göz qamaşırdı. Çöldə fəxri karaul, standartlar… İçəridə də rəsm-keçid paltarında hərb ərkanı, dövlət xadimləri səf çəkib durmuşdu. Yenə də diqqətimi çəkən patriarxın çıxışı oldu, yenə də yandım yaxıldım, yenə də ürəyim ağrıdı. Əsl din xadimi danışanda belə danışar. Bir qərinə olar ki, bizim şeyx cənabları hələ də öz doğma dilində iki cümləni bir-birinə qoşub danışa bilmir. Vallah, bu çəkiləsi dərd deyil…. Mənəviyyatsızlıq, pozğunluq, hərbgu cahillik bataqlığındayıq. Nə qabağa düşəsi adamımız var, nə qeyrətli, ağzından od saçan din xadimimiz. Hamı da görür ki, özəl telekanallar, obyektlərinin, şirkətlərinin sayı bilinməyən “ideoloqlar”, məddahlar cəmiyyəti mənəvi fəlakət həddinə çatdırıblar. Görün nə gündəyik ki, erməni, rus köpəklərinin əlləri ilə qətlə yetirilmiş Firudin bəy Köçərli yada düşmür, amma Yanvar dəhşətinin baş memarı Primakovu ikonaya döndərib qarşısında da səcdə edirlər.

Rus şovinisti də görür ki, Primakovdan büt düzəldənlərə güldən ağır söz deyilmirsə, o da yeri gələndə azərbaycanlını kötəkləməkdən çəkinmir. Çünki yaxşı bilir ki, bizim iqtidar şərəf əzabının nə olduğunu bilmir və bilmək də istəmir.

Erməni arxasında dağ kimi durmuş rusun düşməninin şərəfinə abidə ucaldır, qorxmur, çəkinmir. Biz isə vicdansızcasına Gəncə üsyanının qəhrəmanlarını unuduruq.

Çoxu qanıb başa düşmək istəmir ki, neçə əsrlik tariximizdə  nə qədər işıqlı səhifələr olsa da, onların heç birini  Cavad xan epopeyası ilə, Gəncə üsyanı ilə yanaşı qoymaq mümkün deyil. Ümumi qətlam zamanı şəhadətə çatmış bütün adlı-sanlı əsilzadələrimizin, zabitlərimizin adları məlumdur. Mən hələ qeyri-bərabər çarpışmalarda həlak olan əli qabarlı sadə insanlardan, məktəb müəllimlərindən, məscid imamlarından danışmıram.

Bir ləyaqətli anım mərasimi keçirməyə canımız çıxır. Əkrəm Əylisli düz deyir, bu torpaqda ziyalı yoxdur. Baltikyanı respublikalarda tarixlərinin bir saatını da göz bəbəyi kimi qoruyurlar.

Bizdə isə ruspərəst binamuslar. “Cavad xan” filminin çəkilişinə mane olub, nə qədər lenti kəsib atdılar. Məni məsləhətçi kimi dəvət etmişdilər, gördüklərim, eşitdiklərim mənə bəs elədi. Onda bildim ki, gül kimi ssenarini heçə-puça çıxarıb, onsuz da kölgəsindən qorxan rejissoru da qol-qanad açmağa qoymayacaqlar. Cavad xan da getdi. İndiyə qədər gorbagor edilmiş nəsimilərin, nizamilərin, babəklərin yanına. Bəli, o mövzu qalmayıb ki, onu murdarlamayaq.

Əli Həsənovun qulbeçələrindən birinin sözləri ömrüm boyu yadımdan çıxmayacaq: “Firuz müəllim, o kinoya baxdıq. Biz indi Rusiya ilə qardaşlıq münasibətləri qururuq. Bu harada görünüb ki, bir dılğır xanın gədə-güdəsi o qədər qəhrəman rus əsgərini, zabitini qırsın? Ayıbdır, vallah ayıbdır!”.

İndi təsəvvür edin, görün kimlər bizim mənəvi aləmimizə təcavüz edir, kimlər cürət edib bizlərə vətənpərvərlik dərsi vermək istəyir.

İkinci vacib ricət

Müharibə  vəziyyətində olan ölkədə Ali Baş Komandanın hər əmri sözsüz yerinə yetirlməlidir. Son bir-iki ay ərzində Prezident İlham Əliyev öz çıxışlarında bizləri dəfələrlə həmrəy olmağa, çəkicləri bir zindana vurmağa çağırıb. Vəziyyətin nə yerdə olduğunu əla bilirəm. “Yeni Musavat” qəzetinin bu ilki 76-cı sayında Eldar Namazovun dərc edilmiş fikirləri ilə tam razıyam. Biz təsəvvür elədiyimizdən qat-qat böyük təhlükə ilə üzbəüz qalmışıq. Təcili tədbirlər görülməsə müstəqilliyimizdən, vətənimizdən əsər-əlamət qalmayacaq.

İlk baxışdan hər şey cabecah öz yerindədir, piştaxtaların üstləri doludur, dükanlarda, mağazalarda quş südü də istəsən tapa bilərsən.

Amma, heç kimdə sabaha ümid yoxdur, fərdlər arasında nə səmimiyyət qalıb, nə doğmalıq, iqtidar ağzı ilə quş tutsa da ona inananı çətin taparsan.

Kişi kimi etiraf etmək lazımdır ki, indiki iqtidar xalqın ikrahla baxdığı təyin olunmuş deputatlarla, Azərbaycanı tarac edən rüşvətxor məmurlarla, Elmira Axundova kimi saray salnaməçiləri ilə, Hollivud ulduzu kimi ekranlarda dil-dil ötən Qənirə Paşayevalarla sərvətlərinin gəlir yerlərinin miqdarı bilinməyən YAP əyanları ilə çox uzağa gedə bilməyəcək. Özlərini millətin nağdı-nisyəsi hesab edən bu əyanlarda bir misqal kişilik, cəsarət varsa, qoy camaatın qarşısında gəlir-çıxarlarından ikicə kəlmə söz desinlər.

İqtidar mənsublarına elə gəlir ki, rəsmi ruporları “Yeni Müsavat” qəzetində hər dəfə hansısa vəzifə sahibi, yırtıcı barədə “lov” xəbər çap etdirsələr camaat sakitləşəcək.

Boş xülydır, artıq hamı bilir ki, bu “lov” xəbərlər nə üçün və kimlər tərəfindən verilir. Hamı görür ki, bir-iki dəfə belə xəbərdən sonra həmin adama ya fəxri ad verilib qabağa çəkirlər, ya Səfir göndərirlər, ya da imkan verirlər ki, yığdığı milyonları qoltuğuna vurub yavaşca aradan çıxsın. Onsuz da unutqanlığı ilə ad qazanmış bu zavallı millət bir azdan hər şeyi yaddan çıxaracaq.

(Ardı var)

Firuz HAŞIMOV