“Rusiyada baş verən prosesləri diqqətlə izləməliyik” – XAQANİ CƏFƏRLİ

261

“İqtisad elmləri doktoru, “Azad düşüncə” jurnalının baş redaktoru Mixail Delyaqin Dövlət Dumasının deputatı Oleq Paxolkovun baş redaktor olduğu “bloknot.ru” saytına açıqlamasında Rusiya prezidenti Vladimir Putinə müraciət edərək belə deyib: “Vladimir Vladimiroviç, başa düş ki, ölkəni modernləşdirməzsən, yeyiləcəksiniz. Hətta öldürülməyəcəksiniz, yeyiləcəksiniz. Bu anda Qəddafinin taleyinə həsəd aparacaqsınız. Mən Sizi təhdid etmirəm”. Hurriyyet.org xəbər verir ki, politoloq Xaqani Cəfərli iqtisadçı alimin Rusiya prezidenti Vladimir Putinə müraciətini şərh edərkən qeyd edib.

“İşsizlərin və yoxsulların sayı həndəsi silsilə ilə artır”

Cəfərli vurğulayıb ki, Rusiya prezidentinin hakimiyyətdən devriləcəyi, bu zaman qan tökülməsindən qaçmaq mümkün olmayacağı haqqında siyasətçilərin, politolqoların və iqtisadçıların açıqlamaları artmaqdadır: “Dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması iqtisadiyyatı neft və qazın ixracı üzərində qurulmuş Rusiyada iqtisadi vəziyyətin uçuruma yuvarlanmasına səbəb olub. İşsizlərin və yoxsulların sayı həndəsi silsilə ilə artır.

Rusiyanın nüfuzlu nəşrlərindən olan “Nezavisimaya qazeta”nın baş redaktoru, professor Konstantin Remçukov bir ay sonra işsizlərin sayının 20-25 milyona çatacağı haqqında xəbərdarlıq edib. Bu fikri bir çox iqtisadçılar da bölüşür və əlavə edirlər ki, yaxın aylarda yoxsulların sayı 45-50 milyona çatacaq”.

Xaqani Cəfərlinin sözlərinə görə, sosiloqlar işsizlərin sayının kəskin artmasının çinayətkarlığın həndəsi silsilə ilə artacağı, soyğunçuluq, oğurluq, qarət və qətllərin kütləviləşəcəyi haqqında xəbərdarlıq edirlər:“Politoqlar isə işsizlərin sayının kəskin artması nəticəsində kriminogen vəziyyətin nəzarətdən çıxacağı, hakimiyyət təmsilçilərinin hədəfə çevriləcəyi ilə bağlı açıqlamalarla çıxış edirlər”.

Cəfərli bildirib ki, son zamanlara kimi mötədil mövqeyi ilə seçilən nüfuzlu ekspertlərin açıqlamalarında müşahidə olunan kəskinləşmə Rusiyanın çox ciddi sarsıntılar ərfəsində olduğunu göstərir: “Böyük və təhlükəli qonşumuzda baş verən proseslərin ölkəmizə təsirsiz qalmadığını nəzərə alaraq, Rusiyada baş verən prosesləri diqqətlə izləməliyik”.

Şamo EMİN, Hurriyyet.org