RUSİYA: “Silahlanmağa davam edəcəyik”

    12

    Hurriyyet.org xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın Yaxın və Orta Mənzilli Nüvə Raketlərinin Ləğvinə dair Müqavilədən imtina eləmək qərarına qarşılıq olaraq, Rusiya ordusunun hərbi qabiliyyətini artırmaq istiqamətində tədbirlərin müzakirə edildiyini bildirib. Şoyqu bildirib ki, ötən ay Rusiya prezidenti Vladimir Putinin Soçidə Müdafiə Nazirliyi və Müdafiə Sənayesi rəhbərlikləri ilə keçirdiyi görüş zamanı Rusiya ordusunun 2027-ci ilə qədər olan silahlanma proqramı müzakirə edilib.

    Şoyqu deyib: “Soçidə keçirilən iclasda ABŞ-ın Yaxın və Orta Mənzilli Nüvə Raketlərinin Ləğvinə dair Müqavilədən imtina eləmək qərarı ilə bağlı artan silahlanma yarışı çərçivəsində hərbi birliklərimiz və qüvvələrimizin mübarizə qabiliyyətini artırmaq üçün lazım olan tədbirlərdən danışıldı”.

    SSRİ prezidenti Mixail Qorbaçov ilə ABŞ prezidenti Ronald Reyqan arasında 1987-ci il dekabrın 8-də Vaşinqtonda imzalanan müqavilə, 500 və 5500 km mənzilli bütün qurudan atılan raketləri qadağan edir. Hazırda hər iki tərəf qarşılıqlı surətdə bir-birini müqaviləni pozmaqda ittiham edir.

    Hurriyyet.org