RUSİYA: “NATO KEÇMİŞİN QALIĞI OLAN TƏŞKİLATDIR”

    6

    “NATO ikiqütblü dövrün qalığı olan bir təşkilatdır”

    Hurriyyet.org xəbər verir ki, Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının sədri Valentina Matviyenko, NATO-nun indiki şərtlərlə təhlükəsizlik sahəsində qlobal bir təşkilat yox, ikiqütblü dövrün blok qalığı olduğunu söyləyib.

    Rusiyanın paytaxtı Moskva şəhərində bu gün başlanan “Primakov qiraət forumu”nun açılışında çıxış edən Matviyenko deyib: “Bəziləri üçün təhlükəsizlik hesab edilən blok modeli qaçılmaz olaraq, başqaları üçün təhdid yaradır. Çünki NATO təhlükəsizlik sahəsində qlobal təşkilat deyil, mütləq özü üçün rəqib axtarışında olan ikiqütblü dövrün blok qalığıdır”.

    Matviyenko hazırda Qərb ölkələrinin “Rusiya təhdidi” anlayışı altında özlərinə rəqib tapdıqlarını bildirib. Rusiya ilə zidd mövqelərdə durmaqla, özünün daxili problemlərini həll edən avropalı NATO üzvlərinin dünyanın artıq dəyişdiyini hesaba almamalarını, tək qütbün diktəsinə qarşı etirazların getdikcə böyüdüyünü bildirən Matviyenko deyib: “Putinin Rusiyası keçmişdəki kimi gücsüz bir dövlət deyildir. İndiki vəziyyətdə bu məsələ ilə bağlı yanlış hesablar aparılır. Orada eyni genişləmə məntiqi, qüvvə cizgilərini daim şərqə doğru sürüşdürmə addımları, digər ölkələrin mənfəətlərini tapdalamaq, siyasi, iqtisadi və güc baxımından şantaj davam edir”.

    Matviyenko bəzi dövlətlərin daxili hüququnu öz sərhədlərindən kənara çıxarmaq cəhdlərinin dünyada qarışıqlıq və xaosa səbəb olduğunu, gələcəkdə isə hüququn özünün yox olmaq təhdidi ilə qarşı-qarşıya qala biləcəyini bildirib.

    Matviyenko Rusiyanın yeni bir müharibə istəmədiyini də qeyd edib: “Qətiyyən yeni bir soyuq müharibə və ya başqa hansısa müharibənin, silahlanma yarışının, yeni düşmənçiliklərin baş verməsini istəmirik. Lakin Rusiya öz mənfəətini, sabitliyini, ərazi və mədəniyyət bütövlüyünü, dəyərlərini qətiyyətlə qorumağa hazırdır”.

    Hurriyyet.org