“Rusiya ilə Ukrayna arasında açıq müharibə olmayacaq” – POLİTOLOQ

    12

    İlqar Vəlizadə: “Açıq müharibəni nə Qərb, nə də Rusiya istəyir”

    Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda terrorçuluğa qarşı əməliyyatın dayandırılması haqqında qərar verib və ərazidə birləşmiş güclərin əməliyyatına keçidi elan edib. Bu haqda dövlət başçısının fərmanında deyilir.

    “30 aprel 2018-ci ildə Donetsk və Luqansk vilayətlərinin ərazilərində terrorçuluğa qarşı genişmiqyaslı əməliyyat başa çatır. Biz indi ərazi bütövlüyü və müstəqilliyin təminatı üçün Ukraynanın Silahlı qüvvələrinin rəhbərliyi altında hərbi əməliyyata başlayırıq”,- fərmanda qeyd edilib.

    O da bildirilir ki, dünən Poroşenko ordunun yüksək səviyyəli komandaları ilə Donbassdakı vəziyyətlə bağlı iclas keçirib. Poroşenko “Feysbuk” hesabından yaydığı iclasın videosunda Ukrayna Təhlükəsizlik Şurasının Donbassda keçirdiyi terrorla mübarizə əməliyyatını dayandırdıqlarını, bu formatın müddətinin bitdiyini, bundan sonrakı dövrdə bölgədəki əməliyyatın Ukrayna ordusu tərəfindən aparılacağını bildirib: “Bu adi format dəyişikliyi deyil. Bu, Ukrayna torpaqlarının və ukraynalıların qorunması üçün yeni bir fürsətdir. Ukrayna ölkəsinin hər bir qarış torpağı üçün mübarizə aparmağa davam edəcək”.

    Qeyd edək ki, bu ilin yanvarında Ali Rada Donbasın reinteqrasiyası haqqında qanunu qəbul edib. Qanunun mətnində Rusiya işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş adlandırılıb. Qanun ölkənin suverenliyinin müdafiə naminə prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib.

    Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların nəzarətindədir. Kiyev və Qərb Donbasda Rusiyanın nizami qoşunlarının olduğunu iddia edir. Lakin Moskva Donbas münaqişəsində tərəf olmadığını dəfələrlə bəyan edib.

    Xatırladaq ki, Ukrayna hökuməti Donbas bölgəsində terrorla mübarizə əməliyyatına 2014-cü ildə başlamışdı.

    “Əməliyyatların aparılması Poroşenkonun reytinqinin möhkəmlənməsinə gətirib çıxaracaq”

    “Amerikanın bu təklifinin praktiki əhəmiyyəti sıfra bərabərdir” - İLQAR VƏLİZADƏ

    Ukrayna prezidenti Pyotr Poroşenkonun Donetsk və Luqansk vilayətləri uğrunda hərbi əməliyyata başlamaq haqqında qərarı ilə bağlı politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, bu məsələ haqda birmənalı heç nə demək olmur: “Bu qərarı Ukrayna daxili proseslərlə əlaqələndirmək də olar. Çünki son vaxtlar ölkədə Poroşenkonun hakimiyyətinin gücləndirilməsi müşahidə olunur. Poroşenkonun əsas rəqibi sayılan Saakaşvili kənarlaşdırılıb. İndi reytinqi əsaslı surətdə möhkəmləndirmək lazımdır. Bunu ətrafdakılar başa düşürlər. Bu əməliyyatların aparılması yəqin ki, Poroşenkonun reytinqinin möhkəmlənməsinə gətirib çıxaracaq, həm də müəyyən xarici siyasət məsələlərinin həyata keçirilməsinə kömək göstərəcək”.

    “Düşünmürəm ki, bu əməliyyatlar kifayət qədər geniş miqyaslı olsun”

    “Əlbəttə, bütün hallarda Ukrayna hakimiyyəti Qərbdən dəstək alır. Xüsusilə də bu əməliyyatların keçirilməsində. Bilirsiniz ki, son aylar ərzində Rusiya-Amerika münsibətləri kifayət qədər gərginləşib. Hətta Suriyada bu ölkələrin üz-üzə gəlməsi ehtimalı çoxalmışdı. Sonra Bakıda NATO və Rusiyanın Baş Qərargah rəisləri görüşdülər və müəyyən məsələləri çözüblər. Düşünürəm ki, danışıqların əsas məqsədi birbaşa toqquşmanın ehtimallarının azaldılması məsələsidir. İndi yenə də Qərb Ukrayna hakimiyyətinə açıq dəstək göstərsə, Rusiya məcbur olacaq ki, separatçılara dəstəyini çoxaltsın və bu yenə də qarşıdurmaya gətirib çıxara bilər. Hadisələrin bu cür inkişafında nə Rusiya, nə də Qərb maraqlı deyil. Ona görə də yəqin ki, hansısa bir xəttdə hər iki tərəf dayanacaqlar. Yəni mən düşünmürəm ki, bu əməliyyatlar kifayət qədər geniş miqyaslı olsun və geniş miqyaslı əməliyyatlarda həm Rusiya, həm də Qərb maraqlı olsun”.

    “Poroşenkonun əsas məqsədi öz reytinqini qaldırmaqdır”

    “Poroşenkonun “bu adi format dəyişikliyi deyil. Bu, Ukrayna torpaqlarının və ukraynalıların qorunması üçün yeni bir fürsətdir. Ukrayna ölkəsinin hər bir qarış torpağı üçün mübarizə aparmağa davam edəcək” fikirləri populizmdir. İndi Poroşenkonun əsas məqsədi öz reytinqini qaldırmaqdır. O, düşünür ki, bu cür bəyanatlar müəyyən dərəcədə reytinqinə təsir göstərəcək. Amma reallıq başqa şeyi göstərir. İnanmıram ki, Poroşenkonun hazırda bəyan olunan məqsdələrə gücü çatsın. Çünki Ukraynanın iqtisadiyyatı və “hərbi maşını” o dərəcədə işlək vəziyyətdə deyil ki, Rusiyanın “hərbi maşınına” tab gətirsin”,-deyə politoloq vurğuladı.

    “Qərbin məqsədi Rusiyanın iqtisadiyyatının tükədilməsinə yönəlib”

    “Qərbin dəstəyi ilə Ukraynanın öz torpaqlarını azad etməsi mümkün deyilmi” sualına isə İ. Vəlizadə belə cavab verdi: “Kifayət etməz. Bir də ki, Qərbin məqsədi Rusiyanın iqtisadiyyatının tükədilməsinə yönəlib. Bu cür iğtişaşların sayı çox və uzunmüddətli, hətta səngər müharibəsi olsa, bu, Rusiyanın vəsaitlərinin xərclənməsi məqsədi daşıyır. Bütün hallarda burada Qərbin öz məqsədi var. Amma açıq müharibəni nə Qərb, nə də Rusiya istəyir. Ona görə də hesab edirəm ki, Rusiya-Ukrayna arasında açıq müharibə olmayacaq”.

    Şamo EMİN, Hurriyyet.org