Rusiya ilə İsrail arasında GƏRGİNLİK!

    42

    Hurriyyet.org xəbər verir ki, İsrailin hava məkanında GPS ilə bağlı problemlər Rusiya ilə gərginliyə səbəb olub.

    İsraildən verilən açıqlamaya görə, ölkənin hava məkanında son 3 həftə ərzində GPS sistemində nazaslıqlar olub. Bu səbəbdən Ben Qurion beynəlxalq hava limanında çalışan pilotlar sistemdən müntəzəm şəkildə istifadə edə bilməyiblər. Sistemdəki nasazlıqlar qəzaya və ya hansısa təhlükəsizlik probleminə səbəb olmayıb.

    “Times of Israel” qəzetinə müsahibə verən və adının açıqlanmasını istəməyən israilli məmur GPS sistemlərində problemə səbəb olan müdaxilənin Suriya torpaqlarından edildiyini iddia edib.

    İsrailin hərbi radiosunun xəbərində paytaxt Tel-Əvivdəki Ben Qurion aeroportunun hava məkanındakı nasazlıqların səbəbinin Suriyadakı Xmeymim hərbi bazasında peyk siqnallarını kəsən avadanlığın işə salınması olduğu bildirilir. İsrail tərəfi bunu Rusiyanın Suriyada apardığı “elektron müharibə”nin bir elementi adlandırıb.

    Rusiyanın Tel-Əvivdəki səfiri Anatoli Viktorov, İsrailin hərbi radiosuna açıqlamasında iddiaları rədd edərək deyib: “Bunların hamısı yalan xəbərdir. Belə xəbərləri ciddi qəbul eləmirik”.

    İsrail mətbuatı artıq GPS sistemindəki problemin səbəbinin aşkara çıxarılaraq həll edildiyini yazıb.

    Hurriyyet.org