Rusiya Azərbaycanın NATO ilə münasibətlərinə əngəl olur? – HƏRBİ EKSPERTDƏN AÇIQLAMALAR

    9

    Azərbaycanın NATO-ya daxil olması ölkənin milli təhlükəsizlik maraqlarına tam cavab verir və bu proses mümkün qədər tezləşdirilməlidir

    Şimali Atlantika İttifaqı ilə əməkdaşlıq həm siyasi, həm də hərbi sahədə islahatların sürətlənməsinə təkan verəcək

    Üzeyir Cəfərov: "Bu gün Azərbaycanın NATO ilə kifayət qədər ciddi əməkdaşlığı var və bu əlaqələr zaman keçdikcə daha da genişlənəcək"

    Ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biri olan Azərbaycan-NATO əlaqələri 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulmağımızla başlayıb. Bununla Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazanıb. Qeyd etmək lazımdır ki, həmin dövrdən başlayaraq Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq məsələləri təşkil edir. Bu əməkdaşlıq həm də strateji məzmun kəsb etməklə regionda Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən mühüm enerji layihələrinin təhlükəsizliyinin beynəlxalq səviyyədə həyata keçirilməsinə təminat yaradıb.

    Nəzərinizə çatdıraq ki, bu günlərdə Alyansın yaydığı açıqlamada da NATO-nun Azərbaycanla bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinin tərəfdarı olduğu bildirilib. Qeyd olunub ki, NATO və Azərbaycanı uzun illərin əməkdaşlığı bağlayır: "Biz NATO-nun rəhbərlik etdiyi "Qətiyyətli dəstək" missiyası çərçivəsində Azərbaycanın Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təlim, konsultasiya və yardım göstərilməsində müntəzəm töhfəsinə görə minnətdarıq. Azərbaycan qoşunları əla xidmət edirlər. Biz, həmçinin Azərbaycanın NATO-nun Əfqanıstan milli ordusu üçün Məqsədyönlü Fondu vasitəsilə əfqan təhlükəsizlik qüvvələrinin maliyyə təminatına verdiyi töhfəyə görə də minnətdarıq". Alyansdan bildiriblər ki, Azərbaycan öz qoşunlarının NATO qüvvələri ilə, o cümlədən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi çərçivəsində qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi üzrə işi davam etdirir: "Bu gün bizim əməkdaşlığımız enerji təhlükəsizliyindən tutmuş keçmiş sovet ordusunun partlamamış mina və döyüş sursatlarının təhlükəsiz məhv edilməsinədək bir çox sahələri əhatə edir. Biz Azərbaycanı öz təhlükəsizlik institutlarında islahatlar prosesini fəallaşdırmağa çağırırıq".

    Gördüyünüz kimi, NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirsə də, Rusiya faktoru tərəflər arasındakı münasibətlərin daha da dərinləşməsinə, hətta belə demək mümkünsə ölkəmizin Alyansa üzv olmasına ciddi şəkildə maneçilik törədir. Ümumiyyətlə, Kreml nəyin bahasına olursa-olsun Azərbaycanın və digər postsovet dövlətlərinin Qərbə meyllənməsinin qarşısını almağa, keçmiş sovet ölkələrini təsir dairəsində saxlamağa çalışır. Qeyd edək ki, məşhur Amerika nəşri olan "Foreign Policy"də dərc olunmuş, müəlliflərinin Lük Koffi və Əfqan Nifti olduğu "Azərbaycan Qərbə nəyə görə lazımdır" məqaləsində də məhz bu məqama toxunulub. Belə ki, virtualaz.org-da yayımlanan məqalədə deyilir ki, Azərbaycan Şərqlə Qərb arasında enerji təchizatında, mal dövriyyəsində və rəqəmsal əlaqələrdə vacib rol oynasa da, Rusiya Qərbə Azərbaycandan istifadə etməyə imkan verməyəcək: "Asiya ilə Avropa arasında enerji ehtiyatlarınn və malların yerdəyişməsi üçün yalnız üç yol mövcuddur – İran, Rusiya və Azərbaycan vasitəsilə. Qərblə Moskva və Tehran arasında əlaqələrin kəsildiyi müasir reallıqda yalnız bir həyat qabiliyyətli yol qalır – Xəzər dənizinin sahilindəki Azərbaycan vasitəsilə. Hazırda regionda Rusiyanı və İranı yan keçən və Azərbaycanda keçməklə üç vacib neft və qaz kəməri var – Bakı-Tbilisi-Ceyhan – bu kəmər Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedir və oradan Aralıq dənizi ilə bütün dünyaya çatdırılır; Bakı-Supsa kəməri – bu kəmərlə neft Xəzərdən Qara dənizə və oradan da başqa ölkələrə çatdırılır; nəhayət, Cənub Qafqaz Kəməri – Azərbaycandan Türkiyəyə, oradan isə İtaliyaya və bütün Avropaya qaz nəql edəcək". Müəlliflərin fikrincə, bu qaz kəməri hazırda az qala 100% Rusiya təbii qazından asılı vəziyyətdə olan Şərqi Avropa ölkələri üçün zəruridir. Məqalənin müəllifləri qeyd edirlər ki, Rusiya əlindən gələni edəcək ki, Qərb Azərbaycandan istifadə edə bilməsin və bunun üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsindən istifadə edəcək. Belə ki, müəlliflərin sözlərinə görə, Xəzərin ehtiyatlarını Avropaya daşıyan boru kəmərlərinin əksəriyyəti münaqişənin ön mövqelərinin yaxınlığında yerləşir: "Moskva bilir ki, istənilən iri zor partlayışı bu boru kəmərlərinin fəaliyyəti üçün təhlükəlidir. Rusiyanın Ermənistana təsir gücünü nəzərə alsaq, yeni hərbi əməliyyatlara başlanması çox vaxt aparmayacaq". Müəlliflər əlavə edirlər ki, Ermənistanın yeni baş naziri Paşinyan vəziyyəti dəyişməyib və İrəvanın Moskvadan asılılığı azalmayıb: "Moskva ilə İrəvanın əlaqələrinin gücünü nəzərə alaraq, ABŞ və Avropa Bakı ilə münasibələrə önəm verməlidirlər. Qərb Ermənistanla da isti münasibətlər yaratmalıdır, amma ABŞ özünün strateji istiqamətlərinin müəyyənləşdirərkən diqqətli və realist olmalıdır".

    Ümumiyyətlə, bu gün Kremlin yetirməkdə olduğu siyasi kursu analiz etdikdə aydın şəkildə görünür ki, Rusiya ciddi cəhdlə əvvəlki nüfuzunu bərpa etməyə, daha dəqiq desək, sovet imperiyasını yenidən formalaşdırmağa can atır. Rəsmi Moskvanın son zamanlar durmadan Gürcüstana, eləcə də Ukraynaya açıq-aşkar basqıları məhz bu qənaətə gəlməyə əsas verir. Şübhəsiz ki, Kremlin Azərbaycanla bağlı da müəyyən planları var. Lakin Rusiya hələ ki, bizimlə əlaqədar hazırladığı ssenarini aktiv fazaya keçirməyib. Görünür, rəsmi Moskva Ukrayna ilə bağlı tədbirlərini yekunlaşdırdıqdan sonra ölkəmizə doğru istiqamətlənmiş müəyyən hərəkətlənməyə start verəcək. Yəni şimal qonşumuz hələ ki, bütün diqqətini Ukraynaya yönəldib. Odur ki, rəsmi Bakı yaranmış fürsətdən istifadə edərək alternativ addımlara baş vurmalı, qabaqlayıcı tədbirlərlə mümkün təhlükəni neytrallaşdırmalıdır. Rusiyanın əlində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi bir gücün olduğunu nəzərə alsaq, deməli cələcəkdə kifayət qədər ciddi proseslərin şahidi ola bilərik. Təbii ki, əgər indidən həmin prosesləri önləyə bilməsək, bir sıra arzuolunmaz hallar yaşana bilər.

    Bu arada, Ermənistanın da KTMT-yə arxalandığını nəzərə alsaq, o zaman rəsmi İrəvanın ən əlverişli vaxtda əlinə düşən fürsətdən yararlanaraq Azərbaycanın üzərinə yeriməyə başlayacağını güman etmək olar. Söz yox ki, ölkəmiz müstəqilliyinin bərpasından sonra daim bir çox məsələlərlə bağlı ciddi seçim və çətin sual qarşısında qalıb. Onlardan biri də «Mövcud şəraitdə hansı təhlükəsizlik məkanına inteqrasiya olunmalı?» sualıdır ki, hazırda qarşımızda əsas bir seçim durur. Təbii ki, bu da NATO-dur. Bildiyiniz kimi, NATO fərqli ölkələri, demokratik dəyərləri və təhlükəsizlik hədəflərini birləşdirməklə yanaşı, həm də güclü hərbi quruculuq standartlarına malikdir. Məhz bu faktı nəzərə alan Azərbaycan hələ bir neçə il öncə özünün müdafiə və təhlükəsizlik sektorunu NATO standartlarına uyğun qurmağa başladı. Lakin nədənsə son zamanlar bu istiqamətdə bir sıra geriləmələr müşahidə olunmaqdadır. Həmçinin, KTMT-yə rəhbərlik edən Rusiya ilə hərbi-siyasi və iqtisadi əlaqələr də güclənməkdədir. Bu isə müəyyən mülahizələr və ehtimallar doğurur. Belə ki, bəzi məqamlarda rəsmi dairələr Kremlin işğalçı Ermənistana dəstəyini dayandıracağı halda, KTMT çərçivəsində əməkdaşlığın müəyyən səviyyələrinin müzakirəsinin mümkünlüyü barədə bəyanatlar səsləndirirlər. Ümumimiyyətlə, bu gün Azərbaycanın yürütdüyü xarici hərbi siyasət ölkənin xarici siyasətinin tərkib hissəsidir. Bu xarici siyasətin başlıca strategiyası, ölkəmizin öz siyasətini və prioritet sahələrlə bağlı strategiyasını tərəfdaşlıq əsasında qurmaqdan ibarətdir. Belə ki, rəsmi Bakı həm qonşu ölkələrlə, həm də dünyanın nüfuzlu təşkilatları, güc mərkəzlərilə tərəfdaşlıq əsasında öz mənafelərini, təhlükəsizliyini təmin etmək niyyətindədir. Odur ki, ölkəmiz öz silahlı qüvvələrini ilk növbədə beynəlxalq iqtisadi əməkdaşlıq və bu əməkdaşlığın ölkə iqtisadiyyatının inkişafına verdiyi faydalar əsasında formalaşdırıb. Son illərdə məhz bu istiqamətdə fəaliyyət bir qədər də intensivləşib.

    Yeri gəlmişkən, onu da qeyd etməliyik ki, bir çox yerli və xarici ekspertlərin qənaətincə, Azərbaycanın NATO-ya daxil olması ölkənin milli təhlükəsizlik maraqlarına tam cavab verir və bu proses mümkün qədər tezləşdirilməlidir. Çünki sözügedən alyansla əməkdaşlıq həm siyasi, həm də hərbi sahədə islahatların sürətlənməsinə təkan verəcək. Odur ki, NATO-ya üzvlük ölkəmizə yalnız fayda gətirər. Məhz buna görə də bütün çətinliklərə baxmayaraq, Azərbaycan Rusiya ilə münasibətləri normal səviyyədə saxlamaqla yanaşı, əsasən NATO ilə əməkdaşlığa üstünlük verməlidir. Çünki bu, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, problemin ədalətli həllinə də ciddi təsir göstərə bilər. Odur ki, hazırda Kremlin mümkün təhlükələrindən sığortalanmağın yeganə yolu Şimali Atlantika İttifaqına üzv olmaqdır.

    Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq İlqar Vəlizadə isə hesab edir ki, Azərbaycanın NATO ilə münasibətlərində Rusiya faktoru rol oynasa da, Kreml bu məsələdə maneçilik törətmir: "Təbii ki, Azərbaycan Rusiyanın regiondakı maraqlarını nəzərə alır. Ümumiyyətlə, bu gün təkcə Cənubi Qafqazda deyil, digər regionlarda da Rusiya-NATO qarşıdurması müşahidə edilir. Azərbaycan isə sadəcə olaraq bu qarşıdurmada öz iştirakını görmədiyinə görə, NATO-nun hərbi-siyasi, xüsusilə də anti-Rusiya layihələrində iştirak etmək niyyətində deyil. Lakin bununla yanaşı, Azərbaycan NATO ilə əməkdaşlıqda maraqlıdır. Çünki NATO ilə əməkdaşlıq Azərbaycana həm regional təhlükəsizlik sistemində daha fəal iştirak etmək imkanı verir, həm də regionda öz rolunu artırır. Anti-Rusiya layihələrində isə Azərbaycan iştirakdan boyun qaçırır. Digər layihələrdə isə sıx əməkdaşlıq mühiti mövcuddur. Məsələn, regional terrorizə qarşı mübarizədə ölkəmiz aktiv şəkildə iştirak edir".

    Polkovnikdən Novruz Məmmədovla Sahil Babayevə müraciət - "Bu məsələni birdəfəlik həll edin!"

    Azərbaycan-NATO münasibətlərinin hər iki tərəfi qane edəcək səviyyədə olduğunu vurğulayan hərbi ekspert, ehtiyata buraxılan polkovnik-leytenant Üzeyir Cəfərovun fikrincə, bununla bağlı hər hansı narazılıq və narahatçılıq yoxdur: "Çünki Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi artıq bir neçə ildir ki, öz məram və məqsədini açıqlayıb. Ona görə də Azərbaycan NATO ilə hələ 1994-cü ildən "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində əməkdaşlıq edir. Qeyd edim ki, Azərbaycanın NATO ilə bağlı gözləntiləri yalnız beynəlxalq müstəvidə ərazi bütövlüyümüzün tezliklə bərpa olunması ilə bağlı edə biləcəyi dəstəkdir. Yəni burada söhbət hansısa qoşunların gətirilməsindən, hansısa prosesin getməsindən deyil, sadəcə olaraq beynəlxalq tədbirlərdə BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin dəstəklənməsi, onların yerinə yetirilməsindən gedir. Hələlik tərəflər məhz bu səviyyədə əməkdaşlıq edir və bu əməkdaşlıq da uğurla davam edir. Belə ki, Azərbaycan NATO-nun sülhyaratma missiyasında iştirak, bizim əsgər və zabitlərimiz hazırda Əfqanıstanda xidmət göstərirlər".

    Bundan başqa, Azərbaycanın NATO-nun Brüsseldəki mənzil-qərargahında ən yüksək nümayəndəlik səviyyəsində təmsil olunduğunu deyən hərbi ekspertin sözlərinə görə, rəsmi Bakı Rusiyanın və özünün maraqlarını nəzərə almaqla, Şimali Atlantika İttifaqı ilə əməkdaşlığını davam etdirir: "Ümumiyyətlə, NATO tərəfi bu gün mövcud olan münasibətlər səviyyəsində Azərbaycanla əməkdaşlıqdan razıdır. Lakin gələcəkdə nəyin baş verəcəyini, hansı addımların atılacağını zaman göstərəcək. Çünki dünyada gedən proseslər çərçivəsində zaman-zaman müəyyən dəyişikliklər olur. Bildiyiniz kimi, Türkiyə NATO-nun aparıcı dövlətidir. Türkiyə Silahlı Qüvvələri Alyansın ən üzdə olan qoşun birləşməsidir. Azərbaycan isə öz növbəsində, Türkiyə ilə sıx əməkdaşlıq edir birgə təlimlər keçirir. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, bu gün Azərbaycanın NATO ilə kifayət qədər ciddi əməkdaşlığı var və bu əlaqələr zaman keçdikcə daha da genişlənəcək. Azərbaycan tərəfi NATO ilə sonuncu məsləhətləşmələrdə, görüşlərdə bunu xüsusi olaraq vurğulayıb".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org