Rusiya Azərbaycana çirkli neftə görə pul ödəyəcəkmi…

    33

    Rusiyanın tranzit neft kəmərlərinin operatoru olan “Transneft” şirkəti Qazaxıstanın “Kaztransoyl” şirkətinə çirkli neftə görə kompensasiya ödəməyə razılaşıb. Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya şirkəti Qazaxıstan şirkətinə hər barrel üçün 15 dollar ödəyəcək. Bu haqda “Reuters” üç ayrı mənbəyə istinadən bildirir.

    Mənbələr deyiblər ki, kompensasiyanın ümumi məbləği 76 milyon dollar olacaq. Bu məbləğ Qazaxıstan şirkətinin “Transneft”in kəmərləri ilə nəql etdiyi neftə tullantıların qarışdırılması nəticəsində keyfiyyətin itməsi, boş dayanma və saxlama ilə bağlı maliyyə itkilərini qismən kompensasiya edəcək.

    Xatırladaq ki, bir neçə ay əvvəl Rusiyadan Avropaya neft nəql edən və Belarusdan keçən “Drujba”neft kəmərinə xlor qarışıqlı tullantıların vurulduğu məlum olub. Bu fakt aprel ayında Belarusda üzə çıxıb və kəmərlə neft nəqli dayandırılıb. Araşdırma zamanı çirkli neftin kəmərə “Transneft”in strukturlarından biri tərəfindən korrupsiya məqsədi ilə vurulduğu üzə çıxıb. Nəticədə Belarus neftayırma zavodu da daxil olmaqla həm “Transneft”in kəmərləri ilə neft nəql edənlər, həm “Drujba” kəmərindən neft alanlar Rusiya tərəfindən kompensasiya tələb ediblər.

    “Kaztransoyl” şirkətindən bildiriblər ki, onlar 2019-cu il mayın əvvəllərində Samarada “Transneft”ə 600 min ton neft təmiz neft təhvil veriblər və analoji həcmdə nefti Ust-Luqada təhvil alıblar, amma həmin neft zərərli tullantılarla çirklənmişdi.

    “Transneft” bildirir ki, çirklənmiş neft neft təchizatı ilə bağlı maxinasiyanın nəticəsində kəmərə düşüb. Dəyən ziyanın həcmi milyardlarla dollar ola bilər.

    “Vedemosti” qeyd edir ki, “Kaztransoyl” çirkli neftdən ziyan çəkən və “Transneft”dən kompensasiya alan ilk şirkətdir. “Transneft”in kəmərləri ilə Azəbaycan və Türkmənistan nefti də nəql olunur, amma həmin ölkələrlə anlaşma barədə məlumat yoxdur. Habelə Azərbaycanın çirkli neft qalmaqalından nə qədər ziyan çəkdiyi məlum deyil.