Rusiya xofu: mif, yoxsa reallıq…

63

Qabil Hüseynli: “Dünənə qədər “Rusiya xofu” bizim üçün çox real idi”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun son açıqlamaları ciddi müzakirələrə səbəb olub. O iddia edib ki, Ermənistanın Rusiyaya yaxınlığı və son günlərdə daxil olmaqla onu təpədən-dırnağa qədər silahlandırdığı haqda dedikləri daha çox təbliğatdır, gerçəyi əks etdirmir. Sabiq nazir hesab edir ki, bu təbliğat Azərbaycan cəmiyyətində “Rusiya xofu” yaratmağa hesablanıb.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli məsələyə bu cür şərh verdi: “Rusiya xofuna ehtiyatla yanaşmağın tərəfdarıyam. Çünki 200 ildən çoxdur ki, başımıza nə müsibətlər gəlibsə, Rusiyanın burada rolu olub. Putinin dövründə Kreml Ermənistana münasibətdə xeyli pozitiv münasibət sərgiləyir. Düşmən ölkəyə Yeltsinin dövründə bir milyarddan çox silah verdilər. Elan da etdilər ki, guya bu silahlar yararsızdır, metallom üçün nəzərdə tutulub. Amma rus generalı aşkara çıxardı ki, bu zavoddan çıxarılmış silahlardır və Ermənistana hədiyyə edilib. Daha sonra Gürcüstandan çıxarılan və dəyəri 800 milyon olan silahlar, hərbi maşınlar Rusiyaya deyil, Ermənistana göndərildi. Bu da hədiyyə idi. Saxta kreditləri də unutmayaq. Bunların geriyə qaytarıldığı barədə mətbuata heç zaman məlumat verilmir. Bu bir faktdır ki, Ermənistan Rusiyadan aldığı bütün silahları pulsuz alır. Bunun müqabilində hər hansı bir ödəmə həyata keçirmir.

Yalnız öz ərazisindəki bəzi müəssisələr özəlləşdirilərək, Rusiyaya verilib. Onun da çox böyük olmayan dəyəri var. Dünənə qədər Rusiya xofu bizim üçün çox real idi. Çünki Azərbaycanın Ermənistanla münasibətlərinin gərginləşməsi pik həddə çatanda Rostov vilayətində yerləşən 62-ci ordunun təlimləri başlayırdı, ya da ki oradakı ordu hissələri döyüş hazırlığına gətirilirdi. Bunlar açıq şəkildə Azərbaycana qarşı bir təhdid idi. Zənnimcə, bu gün rus xofu yaradılır və şişirdilir. Amma bunun qeyri-real olduğunu söyləmək çox çətindir. Azından Xocalı soyqırımı kimi bir nümunə var. Dağlıq Qarabağın işğal edilən ərazilərinin hər birində rus əsgərinin izi var. Bu ermənilərin təkbaşına görəcəyi iş deyildi və görə də bilməzdilər. Ruslar ermənilərin arxasından çəkilsələr, biz beynəlxaq hüquq çərçivəsində bütün qaydalara əməl edərək, bir neçə günün içərisində məsələni həll edə bilərik. Amma bunu Rusiya etmir, Ermənistana maşası, forpostu kimi baxır. Bununla həm də öz strateji maraqlarını reallaşdırır”.

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara ...

Politoloq Türkiyənin son mövqeyinə də toxundu: “Son olaraq, türk ordusunun ölkəmizə gəlişi, bir sıra gələcəyə yönələn razılaşmaların əldə olunması xalqımıza və ordumuza rahat nəfəs almağa imkan yaradıb. Eyni zamanda, ermənilərin canına vəlvələ düşüb. Bu həm də bölgədə strateji balansın xeyli dərəcədə Azərbaycan və Türkiyənin hesabına dəyişməsinə gətirib çıxarıb. İndi biz ruslarla demək olar ki, bərabərhüquqlu yaxın qonşular səviyyəsində danışa bilirik. Son dəfə prezidentin Putinlə danışığı da buna bir misaldır. İstənilən halda heç zaman ermənilərin ərazilərimizə təcavüzündə rus amilini hesabdan silmək olmaz. Biz bu məsələlərin hamısının dəqiq hesabını aparmalı, dünya miqyasında bunun tanıdılmasına çalışmalıyıq. Unutmamalıyıq ki, rusların ermənilərlə müttəfiqlik əlaqələri var, Ermənistan sərhədlərini rus hərbiçiləri qoruyur. Bütövlükdə Rusiya ilə Ermənistan iç-içədir desək yanılmarıq. Amma bu bizdə xofa çevrilməməlidir. Çünki ortada Türkiyə amili və onun atdığı son addımlar var. Amma ehtiyatı da əldən buraxmaq olmaz. Sonda onu qeyd edim ki, bu gün Rusiyada o qədər ciddi proseslər baş verməkdədir ki, onun nəticəsində bölgədə siyasi dəngələr çox ciddi sürətdə, həm də pozitiv yöndə dəyişə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”