Rusiya universitetlərindən imtina edilməlidir – XAQANİ CƏFƏRLİ

66

“Moskva Dövlət Universitetinin yüzlərlə tələbə, aspirant və məzunlarının imzaladığı, Rusiyanın ali məktəblərindəki bədnam vəziyyəti əks etdirən müraciət Azərbaycan cəmiyyətini narahat etməlidir”

“Rusiyanın ən nüfuzlu ali məktəbi hesab olunan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbə, aspirant və məzunlarının universitetdə geniş yayılmış cinsi istismar və təcavüzə etiraz olaraq yaydıqları müraciət böyük səs-küyə səbəb olub”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, yüzlərlə şəxsin imzaladığı müraciətdə Rusiyanın ali məktəblərində cinsi istismar və təcavüzün uzun illər ərzində normaya çevrildiyi, yüzlərlə tələbənin bu bədnam təcrübənin qurbanına çevrildiyi qeyd olunur: “Müraciət müəllifləri universitetlərdə tələbələrin biliklərinin qiymətləndirməsinin tələbələrin biliklərinə görə deyil, müəllim heyətinin başqa tələblərinin, o cümlədən cinsi yaxınlıq istəklərinin təmin olunması müqabilində aparıldığını bildirirlər. Müstəqil tələbə jurnalı olan DOXA-da dərc olunan müraciətdə tələbələrin universitetlərin daxilində belə, cinsi istismara və təcavüzə məruz qalmalarının adi hala çevrildiyi qeyd olunur. Müraciət müəllifləri universitetlərin tələbələr üçün təhlükəsiz məkana çevrilməsini tələb edərək bunun üçün müvafiq mexanizmlərin yaradılmasını tələb ediblər”.

Politoloq hesab edir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yüzlərlə tələbə, aspirant və məzunlarının imzaladığı, Rusiyanın ali məktəblərindəki bədnam vəziyyəti əks etdirən müraciət Azərbaycan cəmiyyətini narahat etməlidir: “Azərbaycan cəmiyyəti təhsil səviyyəsi onsuz da aşağı olan Rusiya ali məktəblərinin ölkəmizdəki filiallarının açılması, azərbaycanlı gənclərin Rusiyanın ali mktəblərinə göndərilməsi ilə bağlı siyasətin dəyişdirilməsini tələb etməlidir. Rusiya ali məktəblərindəki bədnam vəziyyəti əks etdirən məqamlardan biri də cinsi istismarda və təcavüzdə ittiham olunan professor Sergey Knyazevin “facebook”dakı səhifəsində bu əməlinə bəraət qazandırması, bədnam halların “könüllük” əsasında baş verməsini iddia etməsi, universitet rektorlarının və Təhsil Nazirliyinin qalmaqala münasibət bildirməkdən, tədbir görməkdən yayınmasıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org