Rusiya-Türkiyə gərginliyinə erməni baxışı: “Qarabağ istiqamətində sayıqlığı artırmalıyıq” – TƏHLİL

9

Aram Amatuni

“1in.am”, Ermənistan, 01 mart 2020-ci il

Türkiyənin təşəbbüsü ilə İdlibdə yaranmış durumun müzakirəsi üçün NATO-nun növbədənkənar iclası çağırılıb. Bu, türk silahlı qüvvələrinin Rusiya-Suriya hava zərbəsi nəticəsində böyük itki – 33 ölü verməsindən sonra baş verib. Bu arada, artıq bir neçə gündür ki, türk silahlı qüvvələri İdlibdə itkilər verir. Ankara fevral ayının sonunadək Əsədə, yəni Rusiyaya geri çəkilməsi üçün vaxt vermişdi. Vaxt ötür, lakin Rusiya və Əsəd geri çəkilmir. Nə üçün çəkilmədikləri başqa məsələdir.

Türkiyə, Rusiya və Suriyaya qarşı irimiqyaslı müharibəyə başlayacaqmı? Yəqin, çox şey NATO-nun qərarından, ABŞ-ın nə edəcəyindən asılıdır. Çünki Türkiyəyə verilən siyasi dəstək, demək olar ki, yetərsizdir.

Digər tərəfdən, o halda belə alınacaq ki, ABŞ və ya NATO Rusiya ilə münaqişəyə girir. Və bu hal Rusiyanın geri çəkilməsini çətinləşdirəcək, çünki ABŞ və NATO-nun Türkiyə ilə yanbayan durmasından və ya onu dəstəkləməsindən sonra  müzəffər Putinin geri çəkilməsini ruslara izah etmək çox çətin olacaq. Başqa sözlə, ABŞ və ya NATO-nun hərbi kömək göstərməsi və ya hətta onu imitasiya etməsi o demək olacaq ki, Türkiyə və Rusiyanı İdlib tələsinə doğru daha çox itələyirlər. Belə təəssürat yaranır ki, bu dəfə kimsə o tələdə qalacaq. Əsas sual odur ki, bu, Putin olacaq, yoxsa Ərdoğan?

Bu durumda Ermənistanın problemlərinə baxmaq, şübhəsiz, mühüm məsələdir.

Birincisi, əlbəttə, bütün istiqamətlər üzrə başlıca məqsədə  – Ermənistanın Rusiya-Türkiyə münasibətlərinin hətta kiçik epizodlarının belə, aydınlaşdırılması meydanına çevrilməsinə imkan verməməyə xidmət edən addımların atılması vacibdir.

İkincisi, təbii, Azərbaycanın müdaxiləsilə ola biləcək istənilən təhrikin qarşısının alınması üçün də Artsax (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) istiqamətində sayıqlığın və müdafiə qabiliyyətinin artırılmasıdır.

Təbii, Ermənistan eyni zamanda siyasi iş də aparmalıdır ki, nəinki riskləri neytrallaşdıra, həmçinin yeni Rusiya-Türkiyə münasibətləri ətrafında baş verən beynəlxalq hadisələrdəki siyasi imkanları görə və reallaşdıra da bilsin. Ələlxüsus nəzərə alınmalıdır ki, beynəlxalq münasibətlər masasına qoymaq üçün Ermənistan bu aspektdə zəngin tarixi qovluğa sahibdir, çünki hər hansı bir yeni dünya nizamının formalaşdırılmasının həlledici əsaslarından biri daim tarix olur.

Tərcümə Strateq.az-ındır