Rusiya-Türkiyə dialoqu müsbət nəticə verəcəkmi? – Lavrov ümid edir, amma…

3

Moskva ümid edir ki, Türkiyə ilə İdlibdəki vəziyyətlə bağlı yeni silsilə məsləhətləşmələr müsbət nəticə verəcək. Bu barədə fevralın 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistandan olan həmkarı Sirojiddin Muxriddinlə danışıqların yekunu barədə danışarkən bəyan edib.

“Hazırda məsləhətləşmələrin növbəti seriyası hazırlanır. Ümid edirik ki, danışıqların nəticəsində biz orada terrorçularn ağalıq etmədiyi gerçək təhlükəsiz zona yaradılması üçün razılaşma əldə edə biləcəyik. Heç kim heç yerdə razılaşmayıb ki, Türkiyə və Rusiya prezidentləri arasında əldə olunmuş razılıq çərçivəsində terrorçulara cavab zərbəsi endirilməyəcək.

Mən, əminəm ki, orada fəaliyyət göstərən Türkiyə hərbçilərinin hamısı bunu görür və anlayırlar. Üstəlik də terrorçular bir çox hallarda bizim mövqelərimizə, Suriya ordusunun mövqelərinə, Suriyanın mülki obyekilərinə elə Türkiyənin İdlibdəki müşahidə məntəqələrinin yerləşdiyi ərazilərdən zərbələr endirirlər» – deyə, Lavrov bildirib.

Bu zaman rusiyalı nazir xəbərdarlıq edib ki, Moskva terrorçuları «təmizə çıxarmaq» istiqamətindəki bütün cəhdlərə qarşı olacaq. O, ümid etdiyini bildirib ki, iki ölkə arasında İdlib üzrə aparılan dialoq müsbət nəticə verəcək.

«Ümid edirəm ki, Rusiya və Türkiyə hərbçiləri arasında davam edən və diplomatların, təhlükəsizlik xidmətlərinin də iştirak etdiyi təmaslar müsbət sonluqla başa çatacaq. Biz terrorçuların meydan sulaya bilmədiyi təhlükəsizlik zonası yarada biləcəyik. Onlar ümumiyyətlə, heç yerdə ağalıq etməməlidirlər» – Lavrov qeyd edib.

 

 

Rusiyalı nazir onu da bildirib ki, Moskva Vaşinqtonun rəsmi şəxslərinin terrorçularla («Cəbhət ən-Nursə» nəzərdə tutulur) dialoq imkaları barədə söylədiklərini yolverilməz hesab edir.

“Artıq ilk dəfə deyil ki, Vaşinqtonun rəsmi şəxsləri, Suriya üzrə xüsusi nümayəndə cənab Ceyms Cefferi də daxil olmaqla, elə fikirlər səsləndirirlər ki, sanki onlar «Həyat Təhrir əş-Şam»ı terrorçu təşkilat kimi görmürlər. Hesab edirlər ki, onlarla hansısa vəziyyət daxilində dialoq qurmaq olar. Belə fikirləri biz ilk dəfə deyil ki, eşidirik və mütləq mənada yolverilməz hesab edirik” – deyə, Lavrov bildirib.

Qeyd edilməlidir ki, Lavrovun “terrorçu” adlandırdığı silahlı birləşmələr əslində Bəşər Əsədə qarşı üsyana qalxmış Suriya müxalifətidir. Təsadüfi deyil ki, ABŞ başda olmala Suriyada Əsəd hakimiyyətinə qarşı illərlə vuruşan beynəlxalq koalisiya məhz həmin müxalifləri dəstəkləyirdi və onu “mötədil müxalifət” adlandırırdı.

Rusiya da belə yanaşmaya susmaqla reaksiya verirdi. Fəqət indi Rusiya Bəşər Əsəd adlı tiranı müdafiə etmək istiqamətində hər cür riyakarlığa qol qoyur. Bu da təsadüfi deyil. Artıq bir neçə dəfə yazmışıq ki, Rusiya sözügedən müxalif qüvvələrə qarşı hərbi əməliyyatlara başlamaqda öz məqsədlərini güdür.

Başqa sözlə, Rusiya burada Suriya müxalifətini zəiflətmək, ardınca Suriyanın gələcəyi məsəlsində Əsədin mövqeyini möhkəmlətmək məqsədi güdür. Deməli, Rusiya hazırda Türkiyə ilə münasibətlərdə riyakarlıq edir. Məsələn, Lavrov iddia edir ki, Ərdoğanla Putin arasında əldə olnmuş razılaşmaların heç birində guya, elə həmin «mötədil müxalifət»ə qarşı zərbələr endirməmək barədə razılıq yoxdur. Maraqlıdır deyilmi?

Elədirsə, o zaman məntiqi sual yaranır: Türkiyə bu danışıqlarda hansı şərtləri irəli sürürdü? Yoxsa ki, Ərdoğan özü-özünü aldadırmış?!

Beləliklə, aydın olur ki, indiki vəziyyətdə Rusiya Türkiyəyə yönəlik münasibətdə ən azı, səmimi deyil, danışıqlarda isə sadəcə, vaxt uzatmaq, görüntü yaratmaq məqsədi güdür.

Bu məqamda, elə dünən yerli KİV-də Polşa prezidenti Dudanın Rusiya barədə yayılmış bir fikiri yada düşür: «Rusiya təcavüzkar dövlətdir və inama layiq deyil»./azpolitika.info/