“Rusiya Türkiyə və Azərbaycanın düşmənləri ilə sıx müttəfiq əlaqələrinə malikdir”

126

Elxan Şahinoğlu: “Rusiyanın xarici işlər naziri “Bizdən münaqişənin həllini gözləməyin”, deyə Bakıya açıq mesaj göndərir”

Məhəmməd Əsədullazadə: “Yeni müharibə başlayarsa, bu, Arazboyu istiqamətində olacaq və Ermənistan ordusuna güclü zərbələrlə müşayiət ediləcək”

“Rəsmi Bakının qətiyyətli və prinsipial mövqeyində Türkiyə amili, türk ordusunun ölkəmizdə olması xüsusi rol oynayır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı qeyd edib ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin normallaşmasında maraqlıdır. “Bizdə hər iki tərəfin vəziyyətin normallaşmasında, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regionda təşkil etdikləri görüşlərin bərpasında maraqlı olmalarına dair təəssürat var” deyən Lavrov bildirib ki, həmsədr ölkələrə tərəflərin özlərinin hərtərəfli məqbul razılaşmaları tapa biləcəyi lazımı atmosferi yaratmaq səlahiyyəti verilib: “Biz problemin həlli ssenarisinin yazılması ilə məşğul olmuruq, biz onların özlərinin razılaşması üçün şərait yaradırıq. Son 18 ildə ilk dəfə tərəflər arasında belə sənədlər hazırlanırdı. Az iş görülməyib. Orada BMT Nizamnaməsi, həm də Helsinki Yekun Aktının prinsiplərini əks etdirən prinsiplər formalaşdırılıb. Orada bu nizamlanmanın baş tutması üçün razılaşdırılmalı olan konkret parametrlər də müəyyənləşdirilib”.

Son vaxtlar bir neçə insidentin baş verdiyini vurğulayan Rusiyanın xarici işlər naziri onu da əlavə edib ki, bu da təbii olaraq gərginliyi çox ciddi şəkildə artırıb və həmsədrlərin atmosfer yaratmaqda müvəffəq olma səylərinə kömək etməyib. Lavrovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sənədlərdə ədaləti təmin edəcək məqam var: “Bu məsələdə ümumi xətt 18 il ərzində hazırlanmış sənədlər kompleksinə əsaslanır. “Madrid prinsipləri” var, tərəflərin gələcək iş üçün əsas olaraq təsdiqlədikləri sənədlərin yenilənmiş versiyaları var. Bu sənədlər ATƏT katibliyinə təhvil verilib. Bu sənədlərdən imtina edib, sıfırdan başlamağın, hətta bir növ “B” planını işə salmağın lazım olduğuna dair təkliflər var. Bunun böyük bir səhv olacağını hesab edirik və bu illər ərzində qazanılanların gələcək səylərimizin əsası olacağına əminik. Orada razılaşdırılanları ətraflı təsvir etməyəcəyəm. Bu, işin kifayət qədər gizli hissəsidir. Ancaq sizi əmin edə bilərəm ki, həm erməni nümayəndələri, həm də azərbaycanlılar üçün ədaləti təmin edəcək bir məqam var”.

“Əgər həmsədlərin səlahiyyəti Lavrovun dediyi kimi yalnız tərəflərin danışması üçün şərait yaratmaqdırsa, onların 25 ildə hazırladıqları müxtəlif həll planları nədir?”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sergey Lavrovun səsləndirdiyi fikirlərin cəfəng açıqlama olduğu qənaətindədir: “Rusiyanın xarici işlər naziri deyib ki, Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ssenarilər yazmır, Azərbaycanla Ermənistanın öz aralarında danışa bilməsi üçün şərait yaradır (?!). Bu nə cəfəng açıqlamadır. Əgər həmsədlərin səlahiyyəti Lavrovun dediyi kimi yalnız tərəflərin danışması üçün şərait yaratmaqdırsa, onların 25 ildə hazırladıqları müxtəlif həll planları – “mərhələli həll”, “paket həll”, “ümumi dövlət prinsipi” və “Madrid planı” nədir?” “Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Rusiyanın xarici işlər naziri bununla “bizdən münaqişənin həllini gözləməyin”, deyə Bakıya açıq mesaj göndərir: “Siz münaqişəni həll etmək istəmirsinizsə, fəaliyyətiniz nəyə lazımdır? Azərbaycan və Ermənistan rəsmilərinin görüşünü təşkil etmək üçün 3 böyük dövlətin vasitəçiliyinə ehtiyac yoxdur. Rusiya və Gürcüstan arasında olduğu kimi, Azərbaycan və Ermənistan rəsmiləri də ara-sıra İsveçrədə görüşüb fikir mübadiləsi apara bilərlər. Bunun üçün həmsədrlərə ehtiyac yoxdur”.

“Ermənistanın könüllü batalyonlarının təlimi və həyəcan anında silahlandırılması Rusiya tərəfindən təşkil ediləcək”

“Hürriyyət”in məlumatına görə, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Sergey Lavrov Azərbaycanı Qarabağın “müstəqilliyini” tanımaqla, digər ərazilərin qaytarılmasına razı salmağa çalışır: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı verdiyi açıqlamada danışıqların hazırkı formatda davam etdirilməsinin vacibliyini qeyd edib və həll variantında Azərbaycan və Ermənistan üçün ədalətli bir sistemin olduğunu, amma bunun məxfi olduğunu vurğulayıb. Rusiyanın xarici işlər naziri hər vəchlə çalışır ki, danışıqlar prosesi davam etsin və Azərbaycan Qarabağın “müstəqilliyini” tanımaqla, digər ərazilərin qaytarılmasına gedilsin. Sergey Lavrovun məxfi saxladığı və ədalətli dediyi həll varinatı bundan ibarətdir. Azərbaycanın bu həll variantına getməsi intihar olar. Qeyd edim ki, Ermənistanın baş naziri Nikol Paşinyan, müdafiə naziri David Tonyan və parlamentin sədri Ararat Mirozyan Qarabağa səfər edib, burada hərbi infrastrukturun və bölmələrin qurulması istiqamətində vəziyyətlə tanış olublar”.

Politoloq onu da vurğulayıb ki, Ermənistan rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri danışıqlar prosesini başlamadan heçə endirir: “Hazırda işğalçı ölkə hərbi doktrinada əlavə dəyişikliklər edərək, könüllü batalyonların təşkili istiqamətində işlər aparır. Könüllü batalyonların təlimi və həyəcan anında silahlandırılması Rusiya tərəfindən təşkil ediləcək. Rusiyadan daşınan silahlar əsasən, atıcı silahlar məhz bu məqsəd üçün nəzərdə tutulub. Ermənistanın hazırkı hakimiyyəti qəbul etdiyi təhlükəsizlik strategiyasında və hərbi doktrinada dəyişikliklərdə birbaşa Azərbaycana qarşı düşmənçilik dayanıb və Qarabağın güzəştə gedilməməsi əks edilib. Bununla paralel rəsmi Yerevan Azərbaycanın mümkün hərbi eskalasiyaya adekvat olaraq işğal olunmuş ərazilərdə müdafiəni gücləndirir. Hazırkı mərhələdə situasiya gərgin olaraq qalır və Ermənistanın cəbhə xəttində təxribatları mümkündür. Çünki Türkiyə-Azərbaycan tandeminə qarşı işğalçı ölkə tədbirlər görür. Yerevanda anlayırlar ki, onların güzəştsiz mövqeyi Azərbaycanın hərbi hərəkətliliyinə gətirib çıxaracaq. Yeni müharibə başlayarsa, bu, Arazboyu istiqamətində olacaq və Ermənistan ordusuna güclü zərbələrlə müşayiət ediləcək”. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, bu zaman Rusiya Türkiyə faktoruna görə neytral qala bilər: “Moskva ilə Bakı arasında Qarabağla bağlı ciddi fikir ayrılıqları var. Rəsmi Bakının bu qətiyyətli və prinsipial mövqeyində Türkiyə amili, türk ordunun ölkəmizdə olması xüsusi rol oynayır. Onu da qeyd edim ki, prezident İlham Əliyev çox bacarıqla diplomatik prosesləri ölkəmizin leyhinə dəyişə bilib”.

“Aydın şəkildə görünür ki, Türkiyənin Cənubi Qafqaza gəlişi, Azərbaycanla sıx hərbi ittifaqı Rusiyanı narahat etməkdədir”

Rusiyanın xarici işlər nazirinin PKK/PYD terror təşkilatının liderlərindən olan İlham Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşməsinə də münasibət bildirən politoloqun sözlərinə görə, bu, qardaş Türkiyənin Cənubi Qafqazda mövqeyini gücləndirmək istiqamətində tutduğu kursa cavabdır: “Rusiya Türkiyənin Cənubi Qafqazda mövqeyini gücləndirmək istiqamətində tutduğu kursa PKK terror təşkilatının Suriya qolu YPG ilə əməkdaşlıq etməklə cavab verdi. Belə ki, YPG terror təşkilatının bir neçə yüksək çinlisi Moskvaya gedərək, xarici işlər naziri Sergey Lavrov və digər rəsmilərlə danışıqlar aparıb. Bu, Moskvanın Türkiyəyə qarşı təzyiq siyasəti ilə yanaşı, bir terror təşkilatına verdiyi dəstəkdir. Rusiya PKK və onun Suriya qolu YPG-ni terror təşkilatı kimi tanımır və Moskvada YPG nümayəndəliyini açıb. Qeyd edim ki, Suriyada Türkiyə ilə birgə koordinasiyalı fəaliyyət göstərən Rusiyanın YPG terror təşkilatına maliyyə və silah göndərməsi mümkündür. Bu fəaliyyət Türkiyənin əleyhinə yönləndiriləcək. Moskvada terror təşkilatı ilə aparılan danışıqlar birbaşa Türkiyəyə qarşı yönəlib. Yəni bir müddətdən sonra YPG tərərfindən Türkiyə hərbçilərinə qarşı terror hücumlarının həyata keçiriləcəyinin şahidi ola bilərik. Bundan başqa, Suriyada kürdlərin ABŞ-ın başının üstündən Rusiya ilə danışıqlara getməsi, YPG terror təşkilatının yeni hakim axtarışıdır. Çünki ABŞ bir müddətdir ki, YPG-yə Türkiyəyə qarşı terror hücumlarına icazə vermir”. Məhəmməd Əsədullazadə bildirib ki, bundan istifadə edən Rusiya YPG-ni Türkiyəyə qarşı yönləndirəcək: “Bu da ABŞ və Türkiyənin bu terror təşkilatına qarşı yeni kəskin siyasət ortaya qoymasına gətirəcək. Əgər YPG Türkiyə ordusuna hücum edərsə, Rusiya YPG-ni qurtara bilməyəcək. ABŞ Türkiyəni dayandıra bilmədi, nəinki Rusiya bunu edə bilər. Bütün bunlardan sonra aydın şəkildə görünür ki, Türkiyənin Cənubi Qafqaza gəlişi, Azərbaycanla sıx hərbi ittifaqı Rusiyanı narahat etməkdədir. Bir məsələni də qeyd edim ki, ABŞ-ın Gürcüstanda hərbi iştirakını artırması NATO-nun bu ölkədə fəaliyyətinə gətirib çıxardı. Türkiyə NATO ölkəsidir və onun Azərbaycanda güclənməsi, gələcək perspektivdə NATO-nun regionda olması deməkdir. Göründüyü kimi, Rusiya həm Türkiyə, həm də Azərbaycanın düşmənləri ilə sıx müttəfiq əlaqələrinə malikdir. Yəni Azərbaycan və Türkiyə Rusiya ilə xoşməramlı siyasətə üstünlük versə də, Kreml daha da aressiv siyasətdə meyillənir”.

Vazeh BƏHRAMOĞLU