“Rusiya “sülhməramlıları”nın Qarabağdakı fəaliyyəti ciddi suallar və təhlükə doğurur”

441

Natiq Cəfərli: “Onların əsas missiyası 3-cü Qarabağ savaşına səbəb ola biləcək zəminin aradan qaldırılması olmalıydı, ancaq biz bunu görmürük”

“Növbəti təxribatlara ciddi şəkildə hazırlıq üçün hərbi və siyasi ittifaqları gücləndirmək lazımdır”

Tanınmış rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko öz kanalından canlı yayımı zamanı rus sülhməramlılarının fəaliyyətinin 3-cü Qarabağ savaşına yol açdığını bildirib. Bu barədə axar.az-da yer alan məlumatda deyilir ki, Şevçenko rus sülhməramlılarına Qarabağda heç bir ehtiyac olmadığını da qeyd edib: “Rusiyanın RBK telekanalı – yeri gəlmişkən, bu kanal Rusiya Prezident Administrasiyasına bağlıdır – açıq-aşkar Araiki (keçmiş və qondarma “dqr”in separatçı-terrorçu rəhbəri) “dqr”ın prezidenti adlandırır. Dövlət tərəfindən (Rusiya dövləti nəzərdə tutulur – red.) açıq şəkildə dəstəklənənlər də daxil olmaqla, Rusiyanın bir çox media qurumu Dağlıq Qarabağı “artsax” kimi qələmə verir. Bu, 10 noyabr Bəyannaməsinə açıq-aşkar xəyanətdir. Putin Dağlıq Qarabağı açıq şəkildə Azərbaycan ərazisi saydığını bildirir, amma dövlət mediası fərqli təbliğat aparır”.

“Ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da çıxıb başqa ölkəyə getməlidirlər”

Bundan başqa, o, rus sülhməramlılarının fəaliyyətinin heç də sülhməramlı olmadığını da vurğulayıb: “Qarabağ Azərbaycanın suveren ərazisidir. Rusiyada bəziləri sanki orda növbəti bir xəstəlik yaratmaq və sonra onunla alver etmək istəyir. Bu yaxınlarda Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qarabağda hər biri 300 sülhməramlı üçün nəzərdə tutulmuş 32-yə yaxın şəhərcik salacaqlar. Bu isə toplamda 10 min nəfər deməkdir. 10 min nəfərlik sülhməramlı kontingent? Bu rəqəm Qarabağda vuruşan erməni ordusunun az qala yarısı deməkdir. Kimə lazımdır bu qədər sülhməramlı?! Deməli, həmin şəhərciklər “dqr”in yeni “ordusu”nun hazırlanması üçün nəzərdə tutulub və bu ordu sonradan Azərbaycana qarşı vuruşacaq?”. Şevçenko qeyd edib ki, ermənilər buna görə açıq şəkildə 3-cü Qarabağ savaşından danışırlar: “Baxın, erməni politoloq İsgəndəryan mart-aprel aylarında 3-cü Qarabağ savaşının olacağını bildirib. Onlar rus qalxanının arxasında gizlənərək, ordunu modernləşdirərək, yeni qan tökülməsinə hazırlaşırlar? Bu ehtimal istisna deyil. Bəs bu, Rusiyanın nəyinə lazımdır? Bu, bizə, ruslara qətiyyən lazım deyil. Bizə azərbaycanlılarla qarşılıqlı əməkdaşlıq və sülh lazımdır. Orda olan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da çıxıb başqa ölkəyə getməlidirlər”. Politoloq Rusiyada, o cümlədən Rusiya silahlı qüvvələri daxilində erməni lobbisi və erməni maliyyəsinə bağlı şəxslərin olduğunu qeyd edib, məsələn, Zatulin kimi və bu şəxslərin Putinin iradəsi əleyhinə getdiyinə işarə edib.

“Əgər bu baş verməsə, onda Azərbaycan birtərəfli şəkildə hərbi əməliyyat keçirəcək”

Digər rusiyalı politoloq Sergey Markov isə hesab edir ki, Qarabağı tərk etməyən və Azərbaycan əsgərlərinə hücum edən erməni yaraqlıları müharibədəki məğlubiyyətə görə qisas almağa və atəşkəsi pozmağa çalışırlar. Onun sözlərinə görə, Qarabağ meşələrində müharibənin davam etməsini istəyən daha radikal qüvvələrin nümayəndələri qalıb: “Bu qüvvələr Rusiya sülhməramlılarına da təhlükə törədir. Düşünürəm ki, bu, müəyyən dərəcədə yerli əhali ilə, amma ilk növbədə, terror fəaliyyətində zəngin təcrübəsi olan Daşnaksütyun Partiyasından olan ultramillətçilərlə bağlıdır. Belə birləşmələrin məhv edilməsi çox vacib vəzifədir. Məncə, həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya sülhməramlılarının iştirak edəcəyi üçtərəfli hərbi əməliyyat keçirmək lazımdır. Əgər bu baş verməsə, onda Azərbaycan birtərəfli şəkildə hərbi əməliyyat keçirəcək. Bu hücumlar davam edərsə, onların məhv edilməsinin zəruriliyi məsələsi gündəmə gələcək”.

“Sanki Rusiya “sülhməramlıları” məhz erməni əsilli vətəndaşların qorunması, onların infrastruktur problemlərinin həlli üçün gəliblər”

Beləliklə, mövzu ilə bağlı “Hürriyyət”ə danışan Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirdi ki, Rusiya “sülhməramlıları”nın Qarabağdakı fəaliyyəti ciddi suallar doğurur: “Sanki onlar Qarabağ ərazisində məhz erməni əsilli vətəndaşların qorunması, onların infrastruktur problemlərinin həlli üçün gəliblər. Halbuki üçtərəfli bəyanatda onların missiyasının nədən ibarət olduğu elan edilmişdi. Belə ki, onlar bütün məcburi köçkünlərin keçmiş Dağlıq Qarabağ ərazisinə qaytarılması ilə bağlı addımlar atmalıdır. Yəni Ermənistandan köçkünlər Xankəndinə gətirilirlərsə, bunun adekvat addımı kimi azərbaycanlı məcburi köçkünlərin də Xankəndinə, Xocalıya, Xocavəndə qaytarılması təmin edilməli idi. Onlar bunun üçün çalışmalıydılar. Lakin bununla bağlı heç bir addım atılmır, Rusiya tərəfindən heç bir təkliflər səsləndirilmir. Bu isə özlüyündə ciddi suallar doğurur. Bundan başqa, üçtərəfli bəyanata əsasən Ermənistan qoşunlarının tamamı çəkilməli və bundan sonra həmin ərazilərə Ermənistandan silah-sursatın, canlı qüvvənin gətirilməsinə qadağa qoyulmalıydı. Buna məhz Rusiya “sülhməramlıları” nəzarət etməli idi. Ancaq görünən odur ki, hazırda Xankəndidə, həmçinin digər bölgələrdə silahlı ermənilər var və onlar təchizatla bağlı heç bir problem yaşamırlar. Təchizat isə ancaq Ermənistandan gələ bilər. Deməli, Rusiya “sülhməramlıları” bu məsələdə də öz funksiyalarını yerinə yetirmirlər”.

“3-cü Qarabağ savaşı olarsa, Azərbaycanın hərbi, siyasi və iqtisadi ittifaqlarına arxalanaraq addımlar atmalıdır”

Rusiya “sülhməramlıları”nın Qarabağda yerləşməsinin ciddi təhlükələr yaratdığını da vurğulayan politoloqun fikrincə, onların əsas missiyası 3-cü Qarabağ savaşına səbəb ola biləcək zəminin aradan qaldırılması olmalıydı: “Təəssüf ki, biz bunu görmürük. Əslində, Azərbaycan hərbi qələbə çalmış tərəf olduğu üçün heç 3-cü savaşın olmasında marağımız da yoxdur. Əksinə, biz həmin ərazilərin inkişaf etdirilməsində, bölgəmizdə normal münasibətlərin yaranmasında maraqlıyıq. Lakin Rusiyanın müxtəlif siyasi çevrələri qarşılarına qoyduqları hədəflərə çatmaq üçün yenidən erməni separatizmindən, əlində silah olan erməni əsilli vətəndaşlardan istifadə etməyə çalışacaqsa, o zaman 3-cü Qarabağ savaşı mümkündür. Yəni bu, Rusiyanın təhrikiylə ola bilər. Bu halda Azərbaycan buna ciddi şəkildə hazırlaşmalıdır. Azərbaycanın həm de-fakto və de-yure qurduğu ittifaqlar var. Yəni həm hərbi, həm siyasi, həm də iqtisadi ittifaqlar var ki, onlara arxalanaraq addımlar atmalıdır. Həm də gələcəkdə bunun baş verməməsi üçün müəyyən önləyici tədbirlər də görülməlidir. Bu istiqamətdə atılacaq ən mühüm addımlardan biri isə daxildə idarəetmə, konstitusion islahatları genişləndirərək, yerli özünüidarəetmənin genişləndirilməsi, mer seçkilərinin tətbiqidir. Çünki statusla bağlı bizə təzyiqlər artacaq. Düzdür, Azərbaycan tərəfi israrla deyir ki, status məsələsi bitib. Doğrudan da elədir, artıq bu məsələ bitib, hansısa bir özəl status ola bilməz. Amma Avropa Xartiyasına uyğun olaraq, yerli özünüidarəetmə təqdim edə bilərik. Məsələn, Bakıda, Lənkəranda, Gəncədə necə mer institutu olacaqsa, eynisi Xankəndi, Xocavənd və Xocalıda da olsun. Yəni insanlar məhz bu şərtlər çərçivəsində yerli özünüidarəetmə institutlarını formalaşdıra bilərlər. Odur ki, gələcəkdə yarana biləcək təhlükələri siyasi islahatlarla neytrallaşdırmaq mümkündür. Bununla yanaşı, növbəti təxribatlara ciddi şəkildə hazırlıq üçün hərbi və siyasi ittifaqları gücləndirmək lazımdır. Məşhur kəlamda deyildiyi kimi, əgər sülh istəyirsənsə daim müharibəyə hazır olmalısan”.

Vazeh BƏHRAMOĞLU