Rusiya qoşunlarının Qarabağdan çıxarılması tələb olunmalıdır

600

Qubad İbadoğlu: “Rus “sülhməramlılar”ı erməni silahlılarını bizim ərazilərdə yerləşdirmək və onları silah-sursatla təmin etməklə məşğuldur”

Ərəstun Oruclu: “Rus ordusu tərəfindən açıq himayə olunan erməni təxribatçıları Azərbaycana qarşı həm ideoloji, həm də silahlı mübarizəni günü-gündən gücləndirirlər

Məhəmməd Əsədullazadə: “Bu diversiya təxribatlarının arxasında azərbaycanlıların Şuşaya qayıtmasına mane olmağa çalışan Rusiya hakimiyyəti durur”

“Rəsmi Bakı Rusiyadan erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasını tələb etməli, Xankəndində Azərbaycanın yuridiskiyasının təmininə çalışmalıdır”

Elxan Şahinoğlu: “Təxribatlar davam etsə, bölgədə yenidən müharibə ehtimalı artacaq”

Araz Aslanlı: “Rusiya “sülhməramlılar”ının gəlməsinin detallarını tam bilməsək də, mümkün fayda və riskləri barədə təxminlərimiz olsa da, suverenliyimizə hörmətsizlik qəbuledilməzdir”

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur. Qeyd olunur ki, görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Onu da nəzərinizə çatdıraq ki, axar.az-da yer alan informasiyaya görə, Hadrut qəsəbəsinin keçmiş rəhbəri olmuş Vaan Savadyan Tuğ kəndində erməni silahlıların olmasını mümkün sayıb. Savadyan dolayısı ilə bu terrorçuların təxribat cəhdini də istisna etməyib və bildirib ki, onlar blokadaya düşdükləri üçün mühasirəni yarmağa cəhd edə bilərlər. Ermənistan Müdafiə Nazirliyi isə həmin istiqamətdə heç bir bölmələrinin olmadığını və heç bir əməliyyatda iştirak etmədiyini açıqlayıb.

“Hakimiyyət, xalqın ziyalıları susur, ara-sıra danışanları da trollar vasitəsilə susdurmağa çalışırlar”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlunun sözlərinə görə, rus “sülhməramlı”ları erməni silahlılarını bizim ərazilərdə yerləşdirmək və onları silah-sursatla təmin etməklə məşğuldur: “10 noyabr 2020-ci il tarixli 3 tərəfli “Atəşkəs bəyanatı”nın 4-cü maddəsində qeyd olunub ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Amma rus “sülhməramlılar”ı erməni silahlılarını bizim ərazilərdə yerləşdirmək və onları silah-sursatla təmin etməklə məşğuldur. Aqibəti də başqa cür ola bilməz. Onlardan zatən, başqa gözləntilərim yoxdur. Gözləntilərim Azərbaycan hakimiyyətindən və xalqındandır. Hakimiyyət, xalqın ziyalıları susur. Ara-sıra danışanları da trollar vasitəsilə susdurmağa çalışırlar”.

“Hakimiyyətin susması və heç bir effektiv addım atmaması məsələyə siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının münasibət bildirməsini diqtə edir”

“Hürriyyət”in məlumatına görə, siyasi şərhçi Ərəstun Oruclunun fikrincə, erməni quldurlarını tərksilah edib ruslara təhvil verənlər bilməliydilər ki, onlar yenidən gəlib əsgərlərimizi qətlə yetirəcəklər: “Son günlər Qarabağda baş verənlər “sülhməramlılar”ın hansısa özbaşınalığı və ya başqa bir şey yox, Azərbaycanın suverenliyinə qarşı aparılan sistemli və planlı fəaliyyətin təzahürləridir. Buna başqa sözlə “sürünən müharibə” də demək olar.

Amma çox təəssüf ki, Azərbaycanda bu haqda rəsmi dairələrin mövqeyini əks etdirən bircə açıqlama belə, verilmir. Halbuki rus ordusu tərəfindən açıq himayə olunan erməni təxribatçıları Azərbaycana qarşı həm ideoloji, həm də silahlı mübarizəni günü-gündən gücləndirirlər. Artıq şəhid və yaralananlarımız da var”. Rusiyanın Azərbaycana təsirini sürətlə artırdığını deyən siyasi şərhçi bildirib ki, hətta bu şəraitdə də Rusiyanı müdafiə etmək məqsədiylə ona qarşı çıxanları hədəfə alanlar da az deyil: “Onların arasında hadisələri görə bilməyənlərlə yanaşı, sifariş icra edənlər də yetərincədir. Bu da məlumdur ki, Qarabağdakı “sülhməramlılar”ın komandanlığı heç bir halda öz istəyilə bir addım da ata bilməz. Bütün təlimatlar Moskvadan verilir və Rusiyanın geosiyasi planlarına xidmət edir. Mövcud vəziyyətdə Azərbaycan hakimiyyətinin susması və heç bir effektiv addım atmaması məsələyə siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının münasibət bildirməsini diqtə edir. Təəssüf ki, burda da vəziyyət ürəkaçan deyil”.

“Türkiyə ilə hərbi müttəfiqlik haqqında müqavilənin imzalanması Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir”

Türkiyə ilə hərbi müttəfiqlik haqqında müqavilənin imzalanmasının Azərbaycan üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayan Ərəstun Oruclu bunun gecikdirilməsindən narahatlığını qeyd edib: “Burda da vəziyyət acınacaqlıdır, iki ölkə arasında hərbi tərəfdaşlığın açıq şəkildə sabotaj olunduğu görünür. Rusiya isə Ermənistanı yeni müharibəyə hazırlayır. Bir saat yarım ərzində rus qoşunlarını Azərbaycana gətirənlər ay yarımdır Türkiyə ilə hərbi tərəfdaşlığı qura bilmirlər. Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Azərbaycan Sünik (Zəngəzur) bölgəsinə qarşı təcavüzə əl atsa, təkcə Ermənistanın deyil, Rusiyanın da hərbi təpkisi ilə üzləşəcək. Beləliklə, artıq Ermənistan təkcə yeni hərbi qarşıdurmanın ünvanını göstərməklə kifayətlənməyərək, Rusiyanın da həmin qarşıdurmada iştirak edəcəyinin anonsunu verir. Bunu da o, heç vaxt Kremlin xeyir-duası olmadan edə bilməz”. Siyasi şərhçinin qənaətincə, belə şəraitdə Azərbaycanın manevr imkanları məhdudlaşır və indi ata biləcəyimiz 3 mühüm addım var: “Birincisi, Azərbaycan ordusunun mövqelərinə hücum edən erməni təxribatçı dəstələrinin əsir görürülmədən məhv edilməsi, ikincisi Rusiya qoşunlarının Azərbaycan ərazisindən çıxarılması tələblərinin gücləndirilməsi, üçüncüsü isə Azərbaycanla Türkiyə arasında geniş hərbi tərəfdaşlığın sürətləndirilməsinin tələb olunmasıdır. Birincini Azərbaycan ordusu, ikinci və üçüncünü isə Azərbaycan xalqı etməlidir. Hər üç addım da sinxron şəkildə atılmalıdır. Bu məsələdə bizə müharibə dövründə olduğu kimi xalq-ordu birliyi lazımdır. Çünki müharibə hələ də davam edir”.

“Əgər iqtidar qətiyyətli addımlar atmasa, bu kimi diversiya halları davamlı olacaq”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Rusiya azərbaycanlıların Şuşaya qayıtmasına mane olmağa çalışır: “Hadrut və Tuğ kəndində erməni silahlı birləşmələrinin növbəti dəfə hərbçilərimizə hücumu son deyil. Əgər iqtidar qətiyyətli addımlar atmasa, bu kimi diversiya halları davamlı olacaq. Bu diversiya təxribatlarının arxasında Rusiya hakimiyyəti durur. Çünki Rusiya Hadrutu götürmək və Xocalı aeroportunu açmaq üçün təzyiqlərini davam etdirir. Həmçinin, azərbaycanlıların Şuşaya köçürülməsinə mane olmağa çalışır, ermənilər vasitəsilə terroru davam etdirməklə, bu ərazilərin təhlükəli olacağı mesajını verir. Rusiyaya sual edilməlidir ki, siz Dağlıq Qarabağda nəyi və kimləri müdafiə edirsiz?! Siz, Arayik Arutunyanı, Vitali Balasanyanı və buradakı silahlı erməni birləşmələrini qoruyursunuzsa, Azərbaycana lazım deyilsiz”. Srağagün Laçın dəhlizindən erməni hərbi kolonunun Rusiya “sülhməramlı” qüvvələrinin müşayiəti ilə Dağlıq Qarabağa gətirildiyini deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Azərbaycan Ordusunun bölmələrinə məhz həmin erməni silahlı birləşmələri hücum edib: “Bununla da 10 noyabr razılaşması Rusiya hakimiyyəti tərəfindən pozulur və bununla yanaşı, erməni terroruna dəstək, istiqamət verilir. Bu hücumda Ermənistanın rolunu istisna edirəm. Nikol Paşinyan indiki vəziyyətdə Azərbaycanla müharibə etmək marağında deyil. Bu hücumlar Xankəndində “sülhməramlı” qüvvələrin komandanı general-leytenant Rüstəm Muradov tərəfindən təşkil edilərək, Azərbaycana təzyiq siyasəti formalaşdırılır. Ermənilərin Xankəndinə köçürülməsi və silahlı erməni birləşmələrinin qorunması, bu planın tərkib hissəsidir. Ümumiyyətlə, Putin hakimiyyəti çalışacaq ki, burada erməni terrorizmini inkişaf etdirərək, Azərbaycana qarşı istədiyi vaxtda təzyiqlər etsin”.

“Rusiya tərəfi burada öz hərbçilərinin sayını artıracaq və Azərbaycanın Xankəndinə nəzarəti əldə etməsinə imkan verməyəcək”

Politoloq bildirib ki, rəsmi Bakı Rusiyadan erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasını tələb etməli, Xankəndində Azərbaycanın yuridiskiyasının təmininə çalışmalıdır: “Hadrut və Tuğda baş verənlər göstərir ki, Rusiya erməni terrorunun arxasındadır və “sülhməramlı” qüvvələr Rusiyanın Dağlıq Qarabağda hərbi bazası rolundadır. Artıq Rusiyanın Dağlıq Qarabağda sülhə və təhlükəsizliyə təhdid olduğu aydın görünür. Rusiya tərəfi burada öz hərbçilərinin sayını artıracaq və Azərbaycanın Xankəndinə nəzarəti əldə etməsinə imkan verməyəcək. Ötən həftə Vladimir Putin hərbçilərin sayının artırılmasını istisna etmədi. Onu da qeyd edim ki, Rusiya bizim Xankəndini götürməyimizə mane olmaqla indiki vəziyyəti yaradıb. Azərbaycan Silahlı Qüvvələri prosesi başa çatdırıb, bütün ərazilərdən erməni silahlılarını təmizləyəcəkdi. Rusiya “sülhməramlı” qüvvələrinin Dağlıq Qarabağda Arayik Arutunyan və Vitali Balasanyana tam dəstək verməsi, onların statusunu tanıması və onlardan Azərbaycana qarşı istifadə etməsi ortadadır. Odur ki, Azərbaycan Türkiyə qoşunlarını bu ərazilərə yerləşdirməli və anti-terror əməliyyatlarını davam etdirməlidir. Eyni zamanda, Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri ictimaiyyətə məlumatlar verməlidir. Çünki Rusiya Azərbaycanı “sürünən” müharibəyə çəkir. Dağlıq Qarabağda mütləq söz sahibi “sülhməramlı” qüvvələrdir və onların razılığı olmadan ermənilər diversiya edə bilməz. Bu səbəbdən də Azərbaycan Türkiyə ilə hərbi müttəfiqlik müqaviləsi bağlamalı, Xocavənd və Xankəndi ətrafında hərbi əməliyyatlar keçirilməlidir”.

“Hərbçilərimizə qarşı təxribatların davam edəcəyi aşkardır, meşələrdə gizlənən terrorçuları idarə edənlər var”

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin mövzu ilə bağlı ancaq bir gün sonra açıqlama verdiyini deyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, informasiya savaşında dayanmaq və fasilə vermək olmaz: “Erməni separatçıları dünən (srağagün-red.) Azərbaycan hərbçisini şəhid ediblər, sosial şəbəkənin Azərbaycan seqmentində qızğın müzakirələr gedir, Müdafiə Nazirliyi isə bir gün sonra təxminən, səhər saat 11-də açıqlama yayıb. Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı erməni separatçıları ard-arda açıqlama yayırlar ki, onlar atəşkəsi pozmayıblar və guya Azərbaycan hərbçilərinə atəş açmayıblar, iddia edirlər ki, Azərbaycan tərəfi dezinformasiya yayır. Ermənilərin ard-arda yaydıqları açıqlamalar Rusiyanın informasiya məkanında geniş yayılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti isə ilk açıqlaması ilə kifayətlənib. Anlamaq lazımdır ki, informasiya savaşında dayanmaq və fasilə vermək olmaz. Haqlı olduğumuz halda bizi haqsız çıxarmağa çalışırlar. Rusiyanın və digər ölkələrin xəbər agentlikləri erməni tərəfinin açıqlamalarına istinad edirlər ki, “atəş açılmayıb”. Yalan və təxribat olduğu aşkardır. Ancaq bunu biz bilirik, əsas vəzifə ətraf aləmi buna inandırmaqdır. Çünki təxribatlar davam etsə, bölgədə yenidən müharibə ehtimalı artacaq”. Məhz bu səbəbdən də “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Azərbaycan Müdafiə Nazirliyi növbəti açıqlama yaymalı, hadisənin təfərrüatını bildirməli və öldürülən erməni terrorçuların kimliklərini bəyan etməlidir: “Bunun üçün hətta Bakıda yerli və xarici mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirilməlidir. Çünki hərbçilərimizə qarşı təxribatların davam edəcəyi aşkardır, meşələrdə gizlənən terrorçuları idarə edənlər var. Bunların hamısı deyilməlidir, susmaq bizə fayda gətirməyəcək”.

“Sanki “Dağlıq Qarabağ” adlı ayrıca bir yer, ya da qurum varmış kimi davranmaları qəbuledilməzdir”

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı isə hesab edir ki, Rusiya “sülhməramlılar”ının gəlməsinin detallarını tam bilməsək də, mümkün fayda və riskləri barədə təxminlərimiz olsa da, suverenliyimizə hörmətsizlik qəbuledilməzdir: “Müstəqilliyimiz, ərazi bütövlüyümüz, bütün ərazilərimiz üzərində suverenliyimiz bizim üçün vaz keçilməzdir, müqəddəsdir. Hansı mərhələdə nə qədərini təmin edə biləcəyimiz imkanlarımızdan, regional və beynəlxalq şəraitdən və s. amillərdən asılı ola bilər. Amma xəttimiz düzgün, mövqeyimiz prinsipial olmalıdır. Rusiya Federasiyasının rəsmi qurumlarının ərazilərimizlə bağlı yanaşması suverenliyimizə hörmətsizlik ruhunda olmamalıdır. Bəzilərinin rəsmi yanaşması hətta bu ölkənin prezidenti Putinin bəyan etdiyi yanaşmasına da uyğun deyil. Sanki “Dağlıq Qarabağ” adlı ayrıca bir yer, ya da qurum varmış kimi davranmaları, məlumatlarda bu ifadəni Azərbaycanın adını çəkmədən müstəqil bir ərazinin adı kimi işlətmələri, Xankəndində yaşayan ermənilərlə sanki müstəqil bir qurumun rəhbərliyi kimi davranmaları və s. qəbuledilməzdir. Aydındır ki, Rusiya Federasiyasına aid “sülhməramlılar”ın gəlməsinin detallarını – səbəblərini, şəraiti tam bilmirik. Mümkün fayda və riskləri barədə təxminlərimiz var. Amma suverenliyimizə hörmətsizlik qəbuledilməzdir. Necə ki, avqustun 12-də prezident İlham Əliyev Putinə zəng vuraraq, məqsədinin Rusiyadan Ermənistana daşınan silahlarla bağlı məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdı. İndi də Xarici İşlər Nazirliyimiz oxşar addımlar ata bilər. Çox güman ki, nəsə əldə olunar. Amma hətta heç nə əldə olunmasa belə, ən azı suverenliklə bağlı həssaslığımızı açıqlasınlar”. QAFSAM-ın rəhbəri bu qənaətdədir ki, diplomatiyamızın balanslı, səbrli, diqqətli, ehtiyatlı xarakteri pis deyil, amma bütün bunlar mövqesizlik səviyyəsinə enməməlidir: “Azərbaycan daha öncə dəfələrlə gücü və imkanı bizdən qat-qat artıq olan dövlətlərə prinsipial mövqeyini nümayiş etdirib. Bu günə qədər əldə etdiklərini də səbrliliklə prinsipiallıq arasındakı o incə xətti qorumağa borcluyuq. Hər şeyi prezident deməməlidir. XİN suverenliyimizə hörmət məsələsində daha diqqətli və prinsipial olmalıdır”.

 

Vazeh BƏHRAMOĞLU