“Rusiya qazının ikinci mərhələsi Almaniyaya gəlməyəcək”

51

Qabil Hüseynli: “Almaniya təklif edir ki, Rusiyaya ödəniləcək 10 milyard avro Avropa dövlətləri və ABŞ arasında bölünsün”

“Şimal Axını-2” qaz kəmərindən imtina halında, Berlin Rusiyaya 10 milyard avro cərimə ödəməli olacaq. “Hürriyyət” teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Almaniya parlamentinin (Bundestaq) deputatı Valdemar Herdt açıqlama verib. O, rəsmi Berlinin belə bir qərarından ən ağır zərbənin almanlara dəyəcəyini söyləyib. Bu halda ölkədə istilik və elektrik enerjisinin qiymətlərinin 20 faiz artacağına diqqət çəkib.

Əlavə olaraq, Almaniya üçün Alternativ partiyasının üzvlərindən birinin fikrincə, qaz kəmərinin inşasının dayandırılması, Almaniyanın enerji təhlükəsizliyini təhlükə altına qoyacaq, çünki ölkə kömür istehsalını ekoloji cəhətdən təmiz enerji mənbələrinin xeyrinə azaldır. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin üzvü Sergey Tsekov isə bildirib ki, “Şimal Axını 2”-dən imtina etmək Avropaya baha başa gələcək.

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli, sözügedən 10 milyard avronun Avropa dövlətləri, həmçinin ABŞ arasında bölünüb toplanacağını və Rusiyaya ödəniləcəyini qeyd etdi: “Şimal Axını-2″ qaz kəməri layihəsi çox mürəkkəb layihədir. Bu layihəylə Almaniyaya Rusiyanın xeyli mavi qazı tədarük edilib. Amma bu qaz kəməri Almaniya üçün kifayət etmir. İkinci qaz kəmərinin tikilməsiylə bağlı razılıq əldə edilmişdi. ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan biri də Avropa bazarlarında Rusiya qazının axmasını dayandırılmasıdır. Rusiya qazının qarşısını almağa çalışırlar. Bu baxımdan, Almaniyadan “Şimal Axını-2” qaz kəmərinin tikilməsinin dayandırılmasını dəfələrlə tələb ediblər. Almaniya əvvəlcə bu tələbə soyuq yanaşırdı. Son vaxtlar Navalninin zəhərlənməsindən sonra artıq Avropa Rusiyaya qarşı yeni sanksiyaların üzərində razılaşıblar. Xüsusilə, Vladimir Putinə qarşı sanksiyaların həyata keçirilməsini tələb edirlər. Bu sanksiyaların içərisində “Şimal Axını-2” qaz kəməri də var. Əgər Almaniya “Şimal Axını-2” qaz kəmərindən imtina halında, Berlin Rusiyaya 10 milyard avro cərimə ödəməli olacaq. Almaniya qüdrətli dövlətdir. Bu pulu ödəyə bilər. Lakin hazırkı məqamda Almaniya maliyyə böhranı yaşayır. Bu qədər pulu təkbaşına ödəsə, digər sosial layihələri kənarda qala bilər. Bu baxımdan, Almaniya təklif edir ki, Rusiyaya ödəniləcək 10 milyard avro Avropa dövlətləri və ABŞ arasında bölünsün. Bununla bağlı razılaşma olmalıdır. Hələ ki, o pulu tam toplaya bilməyiblər”.

Qaz kəmərinin çəkilişinin bir neçə aydır ki, dayandırıldığını vurğulayan politoloq bildirdi ki, layihənin tikilişi heç yarıya qədər də çatdırılmayıb: “Belə başa düşürəm ki, 10 milyard avro toplanacaq və Rusiyaya ödəniləcək. Nəticədə, Rusiya qazının ikinci mərhələsi Almaniyaya gəlməyəcək. Amerika Almaniyanın və digər Avropa ölkələrinin qaz ehtiyatlarını ödəyəcək”.

YƏHYA