RFI, Fransa 06.01.2021 Təbii qaz tədarükü mənbələrini şaxələndirməyə çalışan Avropa vacib mərhələdən keçir. Dekabrın 31-də Azərbaycan təbii qazının Bolqarıstandan keçərək “Köhnə qitə”yə çatdığını elan edib. Beləliklə, Bakı hələ 20 il əvvəl – Xəzər dənizindəki nəhəng “Şahdəniz” təbii qaz yatağını kəşf edən zaman verdiyi vədi yerinə yetirib. Azərbaycan nəhəng “Şahdəniz” yatağından hasil olunan təbii qazın ilk dəfə Avropaya çatdığını bəyan edib. Bu marşrut avropalıların təbii qaz təchizatı mənbələrinin şaxələndirməsinə, onların Rusiya qazından asılılığının azaldılmasına yönəlib. Qaz idxalı və Avropa üçün “Green New Deal” Didye Jülyen deyib: “Şərqi Avropa, yəni, Rumıniya, Bolqarıstan, Polşa öz enerji təminatlarında 80, 60 və ya 40% kömürdən asılıdırlar. Bu isə o deməkdir ki, onlar havaya daha çox karbon qazı buraxır. “Green New Deal” haqda danışırıqsa, bu vəziyyəti dəyişmək, kömürdən daha az, təbii qazdan daha çox istifadə etmək zəruridir. Odur ki, daha çox qaz təchizatçısına ehtiyacımız var. Əgər hərəsi 10% paya sahib olmaqla 3-4 təchizatçımız olarsa, əgər məsələn, Azərbaycan, Qətər və ya ABŞ-ın hərəsi Avropaya tədarükü 10%-dək artırarsa, o zaman tədarükü xeyli şaxələndirmiş olarıq”. Dəyəri 28 milyard dollar olan bu layihə “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. Üç qaz kəmərindən ibarət “Cənub Qaz Dəhlizi” Türkiyə, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə, Avropaya “mavi yanacaq” nəqlini nəzərdə tutur. O, avropalıların Rusiya qazından asılılığının azalmasına imkan verməlidir. Uzunluğu 3500 kilometr olan və tikitisi 2020-ci ildə tamamlanmış boru xətləri şəbəkəsi Türkiyəyə ildə 10, Avropaya 6 milyard kubmetr qaz ixracına imkan verəcək. (Fransız dilindən tərcümə – WorldMedia.Az) |
Mənbə: RFI